Alimdən SENSASİON İDDİA: Türklər Bakını azad edərkən bolşeviklərlə GİZLİ İTTİFAQDA olublar
19-09-2019, 12:26
"Əslində, bu ordu Bakını bolşeviklərdən yox, ingilislərin qurduğu Sentro Kaspi Diktaturasından (eser, menşeviklər (əsasən gürcülər), erməni daşnakları) xilas ediblər."
"Hər il 15 oktyabrda Azərbaycan insanları Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşevik - daşnak quldurlarından azad olunmasını böyük şövqlə qeyd edir, Nuru Paşaya və eləcə də bu qırğınlarda şəhid olan cəmi türk qövmlərinə Allahdan rəhmət diləyirlər. Əslində, bu ordu Bakını bolşeviklərdən yox, ingilislərin qurduğu Sentro Kaspi Diktaturasından (eser, menşeviklər (əsasən gürcülər), erməni daşnakları) xilas ediblər."
Bu sözləri Miq.Az saytına açıqlamasında AMEA-nın aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov bildirib.
AMEA-nın aparıcı elmi işçisi Şahin Bağırovun sözlərinə görə, həmən vaxtlarda bolşeviklərin Mərkəzi aparatı Astarxana köçürülmüşdü. Bakıda isə bolşeviklər gizli fəaliyyətə keçmişdilər. İngilislərin neçə-neçə gəmilərini dənizdə partladan elə bolşeviklər olublar. Bolşevikləri Bakıdan heç kim qova bilməyib. Əslində Bakıdan hamını qovan bolşeviklər olub:
"Təəssüf ki, "tarixçilərimiz"in də statuslarında belə səbatsız fikirlərə rast gəlinir. Nuru Paşaya, eləcə də Qafqaz İslam Ordusunun bütün şəhid olan və sonradan dünyasını dəyişən əsgər və zabitlərinə Allahdan rəhmət diləyirik. Amma bir şeyi unuduruq ki, ümumiyyətlə, 1-ci Dünya müharibəsinin gedişatına 1917-ci ildə Rusiyada baş vermiş inqilab təsir göstərdi. Əgər Çar Rusiyasının bu müharibədə müttəfiq kimi mövcudluğu qalsaydı, qalib ANTANTA bloku daha da güclü və böyük iştahla Osmanlını böləcəkdilər. İstanbul əldən gedəcəkdi. Çar Rusiyasının müttəfiqləri qarşısında maraqları daha dəhşətli idi. Rusiyanın ANTANTA-dan üzülüşməsi bu müdhiş ruzigarı dəyişdi. Əgər bu Oktyabr İnqilabı olmasaydı hadisələr hansı məcraya yönələcəkdi, bir Allah bilir... Şübhəsiz olaraq elə ermənilər "böyük ermənistanı" da yaratmışdılar, indiki Türkiyə Cumhuriyyəti də yox idi və bizim aqibətimiz necə olacaqdı, heç düşünməyə belə ağlımız irişmir. Belə ki, bununla Osmanlının tamamilə süquta uğraması labüd tarixi bir gerçəkliyi əks etdirəcəkdi... İstanbul köhnə adına qayıdıb Konstantinopol kimi Rusiyaya qatılacaqdı. Bakı da ermənilərə peşkəş veriləcəkdi...Hər halda Türk dünyası bütünlüklə müsibətdən qurtuldu. Lakin təəssüf ki, heç Leninə rəhmət oxuyan yoxdur! Bütün bu acınacaqlı gedişatı dəyişən Oktyabr İnqlabı oldu. Hələ heç Leninin Atatürkə etdiyi köməklik haqqında danışmaq istəmirəm, çünki ayrı bir söhbətin mövzusudur... Bu barədə onların xeyli yazışmaları var. Amma Allahdan Leninə də "rəhmət dilənməsi" unudulur!"- deyə dosent Şahin Bağırov bildirdi.
Şahin Bağırov açıqlamasında daha sonra qeyd edərək bildirdi ki, ingilislər Bakıdan qaçarkən elə bolşeviklərin acığına 26 Bakı Komissarlarını da özləri ilə aparıb Ağcaqum çölündə güllələdilər. Halbuki azad edə də bilərdilər. Çünki ingilislər gözəl bilirdilər ki, rusların icazəsi olmadan Bakıya Osmanlı qoşunları girə bilməzdi. Bununla belə, ingilislərin ikili qambiti hesab olunan Mondros müqaviləsi vəziyyəti daha da dramatikləşdirdi...
Miq.Az olaraq alimin dilindən səsələn bu iddanın hansı faktlara söykəndiyini, həqiqət olduğunu dəqiqləşdirmək üçün tarixçilərimizdən də mövqe gözləyirik.