“Qurbağanı elə gözəl qızartmışdılar ki... Üç nəfər də yedi” - deputat
25-09-2019, 12:53
Yeni Azərbaycan Partiyasının (YAP) 19 nəfərlik nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Komitə sədri Hadi Rəcəblinin başçılıq etdiyi nümayədə heyəti 11-16 sentyabr tarixlərində bu ölkədə keçirilən tədbirlərdə iştirak edib.
Deputatların Çinə səfər etməsi həm də xüsusi bir məqama görə diqqət çəkirdi. Mətbəxi ilan-qurbağa, it-pişik, cürbəcür həşarat çeşidləri ilə zəngin olan Çində azərbaycanlı deputatlar nə yedilər?
Bir həftəlik səfər müddətində qızardılmış qurbağa ətinin dadına baxa bildilərmi?
Çinə yollanan nümayəndə heyətinin üzvlərindən olan deputat Cavid Osmanov mövzu barədə Modern.az-a danışıb. Deputat bildirib ki, Çin mətbəxi heç də sıxıcı deyil:
“Çinlilər süfrəni o qədər gözəl hazırlamışdılar ki, adamın ürəyi açılırdı. Çində səfərdə olarkən mətbəxlə bağlı elə ciddi çətinliyimiz olmadı. Pekində də, Şanxayda da ziyafətlər verirdilər, günorta, axşam yeməklərimizi nəfis formada təşkil etmişdilər. Çin mətbəxi çox zəngindir. Bəzən insanlar elə düşünür ki, Çinə gedəndə yeməyə heç nə tapmaq olmayacaq. Ancaq elə deyil”.
“Çinin məşhur qurbağa yeməyinin dadına baxdınızmı” sualına deputat maraqlı cavab verib:
“Hətta qurbağanı elə gözəl formada qızartmışdılar ki, yesən, belə narahat olmazsan. Qurbağanın dadına baxanlar toyuqdan fərqlənmədiyini deyirdilər. Düzdü, mən qurbağa, soxulcan kimi yeməklərdən yemədim. Ancaq nümayəndə heyətindən 3 nəfər qurbağa əti yedi. Heç kimə də heç nə olmadı. Burada qəbahətli heç nə yoxdur. Dünya mətbəxi fərqli olmalıdır ki, biz səfər edərkən bu fərqliliyi hiss edə bilək”.
Cavid Qurbanov hansısa xarici ölkəyə səfər edərkən özü ilə yeməyə nəsə götürmədiyini deyir:
“Heç vaxt hansısa xarici ölkəyə gedəndə özümlə yeməyə nəsə aparmamışam. Hesab edirəm ki, getdiyimiz ölkələrin mətbəxi ilə tanış olmaq da lazımdır. Çünki həmin ölkənin mətbəxi onun mədəniyyətini və zənginliyini göstərir. Çalışmaq lazımdır ki, getdiyin ölkənin mətbəxi ilə tanış olasan. Qeyd edim ki, Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çox uğurlu səfər oldu. Onlar bizi yüksək səviyyədə qarşıladılar. Hər şey kiçik detalına qədər düşünülmüşdü”.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikası Kommunist Partiyası (KP) ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş “Dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi"nə həsr olunmuş yubiley konfransında iştirak etmək üçün bir həftəlik Çinə səfər etmişdilər.