“Vurğun bəy heç vaxt maddi sıxıntılarını bildirməzdi” - Geriyə qalanlar...

25-09-2019, 18:44           
“Vurğun bəy heç vaxt maddi sıxıntılarını bildirməzdi” - Geriyə qalanlar...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş Vurğun Əyyub ötən gün vəfat etdi. Onun dəfn mərasimində tanınmış siyasətçilər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Vurğun Əyyubun keçmiş hərəkat yoldaşları onunla bağlı xatirələrini Modern.az-la bölüşüb.

Sabiq təhsil naziri Firudin Cəlilov:

“Vurğun Əyyubun ölümü olduqca üzücüdür. Mən onu 1985-ci ildən tanıyıram. 30 ildən çoxdur ki, onunla ünsiyyətimiz var idi. O zamanlar Vurğun bəy Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyirdi. Çox prinsipial gənc idi. Həmin dövrdə bizimlə Milli Azadlıq Hərəkatında iştirak edirdi. Çox fəal idi. Mitinqlərdə də onunla bərabər iştirak edirdim.

1991-ci ildən parlamentdə komissiya sədri təyin edildim. “Təhsil haqqında” qanun layihəsini hazırlamağa başladıq. Bu müddətdə Vurğun bəy bizə yaxından kömək edirdi.

Mən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) yaratdım, o zaman Baş nazirin müavini idim. Elçibəyin razılığı ilə Vurğun Əyyub Komissiyanın ilk sədri təyin edildi. O, TQDK-nın sədri kimi fəaliyyətini çox məsuliyyətlə yerinə yetirirdi. Bəzi insanlar Vurğunun mənim əlimlə bu vəzifəyə gətirildiyini iddia edirdilər. Amma onu işinə prinsipial yanaşdığına görə vəzifəyə təyin etmişdim. Vurğunu Misir Mərdanovla bərabər Türkiyəyə göndərdim. Onlar orada test üsulunu ətraflı şəkildə öyrəndilər və qayıtdıqdan sonra isə ölkəmizdə bu tip imtahanlar keçirilməyə başlandı. Vurğunu TQDK-ya rəhbər təyin etdikdən sonra mən oradan arxayın olub digər işlərimlə məşğul oldum.
Bütün bunları deməkdə məqsədim odur ki, Azərbaycanda ilk dəfə test üsulu ilə qəbul imtahanını Vurğun Əyyub keçirib. Onun bu işdə böyük rolu olub. Nə kömək lazım olubsa, mən onu etmişəm və o, mənim ümidlərimi doğruldub. Biz test üsuluna keçdik və xalq həqiqətən də bunun yaxşı olduğunu anladı. Bu ədalətli bir üsul idi. Mən Vurğundan çox razı idim. O, mənim ideyalarımın gerçəkləşməsində bir nömrəli rol oynadı. O, bir ziyalı kimi xalqa necə yardım etmək lazım olduğunu bilirdi. Belə insanlara xalqın çox ehtiyacı var. Bir daha Vurğuna Allahdan rəhmət diləyirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı:

“Sosial mediada Vurğun Əyyuba qarşı çox böyük bir sevgi gördük. Vurğunun xəstəliyi az qala bütün milləti yandırırdı. Onu tanıyanların hamısı dua edirdilər. Bunun özü bir insanın həyatda qazandığı ən böyük nemətdir. Bu xalq sevgisidir.
Vurğun gənc yaşlarından milli düşüncə axınına düşən alim idi, “Çənlibel” adlı dərnək yaratmışdı. Bu dərnəyin məqsədi tariximizin yenidən öyrənilməsi və təbliği idi, amma əslində əsas vəzifəsi milli təfəkkürün inkişafına nail olmaq oldu. Onun ilk toplantısında mənim “Qan yaddaşı” kitabım müzakirə edilmişdi, o vaxtdan Vurğunla yaxınlaşmışdıq. Bir var ümumi söz, amma Vurğun öz fəaliyyəti ilə Azərbaycanda son 26 ildə böyük hadisə olan testin bünövrəsini qurdu, gənclərin azad və maneəsiz universitetə daxil olmasına səbəb oldu. Yəni pulu olub-olmamasından asılı olmayaraq, istedadlı gənclərin təhsil almasına şərait yaratdı. Bir sözlə, Vurğunun taleyi onu göstərdi ki, dünyada heç nə itmir”.

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn:

“Mənim Vurğun Əyyubla ilk tanışlığım onun “Çənlibel” dərnəyinin iclasında oldu. Dinləyici kimi çıxış edirdim. Vurğun bəy isə dərnəyin sədri idi. Professor Xudu Məmmədov da orada çıxış edirdi. O danışan kimi hiss etdim ki, qeyri-adi, səviyyəli insandır. Vurğun bəy Xudu müəllimin fikirlərinə qarşı sərbəst, rahat, hətta mənə görə üsyankar münasibət bildirirdi. Ona görə, mənim yaddaşımda Vurğun Əyyub Xudu Məmmədova etiraz edən adam kimi qaldı. O həmişə heç bir avtoritetə əyilmədən, fikrini müstəqil ifadə edən adam idi”.

Vurğun Əyyubun həkimi, professor Adil Qeybulla:

“Milli hakimiyyətin süqutundan sonra Vurğun bəy uzun müddət işsiz qaldı. Onun ailəsində də heç kim işləmirdi. Çox pis durum idi. Amma Vurğun bəy heç vaxt bildirməzdi ki, onun maddi sıxıntıları var.

Vurğun bəyin ruhən nə qədər güclü insan olduğunu xəstənəndə də gördüm. Mən hər zaman onun yanında olmuşam. O güclü ağrılarla müşayiət olunan xəstəliyinə dözməyə çalışırdı. Nə qədər şiddətli ağrıları olsa da, yanındakı insanlarla danışırdı, gülürdü. Son 1-2 günə - xəstəlikdən komaya düşənə qədər tam parlaq simada olub. Ona baxan deyirdi ki, xəstə adama oxşamır. Amma o adam ağrılarını üstələyə bilirdi. Mən onun simasında bir daha dərk etdim ki, doğrudan da böyük adamlar həm də ruhən güclü adamlardır”.

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra - 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib.
1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı - "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.

1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və Müsavat başqanının 1-ci müavini təyin edilib.

2015-ci ildə Vurğun Əyyub tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.

Uzun sürən xəstəlikdən sonra 24 sentyabr 2019-cu ildə vəfat edib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.