“BİR GÜN PUTİN DEYƏCƏK Kİ, İSTƏDİYİNİZİ EDİN…” – “İmkan pəncərəsinin açılmasını gözləməliyik”
25-09-2019, 19:45
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla Qarabağ danışıqları və mümkün müharibə mövzusunda müsahibəni təqdim edirik:
- Rasim bəy, Qarabağa dair sülh danışıqlarının yeni raundundan hansı gözləntilər var?
– Nəzərə almaq lazımdır ki, Ermənistan baş nazirinin son sarsaqlaması ilə yanaşı masa üstündə konkret sənəd var. Hansı ki, bu sənəd Mİnsk Qrupu tərəfindən təklif edilib. Təbii ki, Madrid prinisi əsasında hazırlanan sənədə müəyyən dəqiqləşdirmələr, razılaşdırmalar və dəyişikliklər edilməlidir. Nə qədər ki, məsələlər hərbi müstəviyə keçməyib, xarici işlər nazirləri görüşərək bununla məşğul olmalıdır. Açığı bu danışıqlar raundunun hansısa bir nəticə verə biləcəyinə mənim inamım yoxdur. Ancaq xarici işlər nazirlərinin işi elə bununla bağlıdır. Onlar başqa nə ilə məşğul olmalıdır? Görüşüb müzakirələr aparmalıdırlar da. Hətta müharibə gedən zamanlarda da diplomatlar öz işləri ilə məşğul olurlar. İndi hələlik münaqişə hərbi fazaya keçməyibsə, nazirlər öz işlərini davam etdirməlidir.
- Son nəticə?…
– Sizcə, biz müharibənin başlayıb-başlamayacağını Məmmədyarovla Mnatsakanyanın görüşüb-görüşməməsinə bağlamalıyıq? Bu ayrı məsələdir və daha çox geopolitikaya bağlıdır. Bizə daha çox rusun ermənilərə “əl gəzdirməyə” meyilli olmasını özündə əks etdirən məqamı tutmaq lazımdır…
- 30 ildir ki, ruslardan siz dediyiniz meyli görmürük, əvəzində Paşinyan Şuşaya gələrək, Qarabağın Ermənistana birləşdirilməsi haqda bəyanat səsləndirir…
– Qələt edir! Deyir, deyir də. Paşinyanın Ermənistan parlamentində deputat çoxluğuna sahibdir. Əgər dediklərinə özü inanırsa və cəsarəti çatırsa, məsələni Ermənistan parlamentində müzakirəyə çıxarsın və “miatsum”-u reallaşdırsın. Buna “duxu” çatar?
- Paşinyanın “miatsum” bəyanatı fonunda danışıqlar prosesinin yenidən başlanması bizə nə dərəcədə lazımdır?
– Bu vaxta qədər belə bəyanatlar olmayıb, bəs aparılan danışıqların nəticəsi olubmu? Yox! Biz sabah əməliyyat qərarı verməyə hazır olsaq və hesab etsək ki, bunun üçün əlverişli şərait var, təbii ki, o halda Paşinyanın sərsəm bəyanatından istifadə edərək əməliyyata başlayardıq. Ancaq xeyir. İndi daha çox İran ətrafında olan gərginlik var və böyük dövlətlər əlavə gərginlik istəmirlər. Con Bolton və ya Nikolay Patruşev elə-belə gəlməmişdi. Belə olan halda böyük dövlətlərin mövqeyinə tüpürərək əməliyyata başlamaq düzgün deyil. Bu səhv addım olardı.
- Gəlin açıq danışaq, siz “rusların ermənilərə əl gəzdirməsinin meyli görünməlidir” deyəndə konkret nəyi nəzərdə tutursunuz?
– Görmürsünüz ki, Paşinyan gicləyir? Gicləyir və Rusiyanı da qıcıqlandırır. Prezident Putinin oktyabrda Ermənistana səfəri gözlənilir. Mən istisna etmirəm ki, Putin heç Yerevana getməyə və Yerevanda nəzərdə tutulan tədbir pozula da bilər. Əlbəttə, gedə də bilər. Ancaq Putin açıq deyir ki, mən Yerevana gələndə Köçəryanla görüşməliyəm. Sözsüz ki, Putin gedib həbsxanada Köçəryanla görüşməyi nəzərdə tutmur. Əslində Putin deyir ki, mənim Yerevana gəlməyimlə o həbsxanadan çıxmalıdır. Qeyd edim ki, şəxsi müstəvidə münasibətlər gərgindir. Yəni Nikol Paşinyan Putin üçün yad ünsürdür. Amma dövlətlərarası münasibətlər bir qədər fərqlidir və Ermənistan bir dövlət kimi Rusiyanın “cibindədir”. Hərbi bazaları, hərbi təminatı, sərhədləri, strateji obyektləri, hamısı Rusiyanın əlindədir. Sadəcə olaraq bu gün Rusiyanın Ermənistan adlı forpostunu idarə edən şəxsə Moskvanın etimadı yoxdur.
- Amma bir ildən çoxdur ki, Paşinyan hakimiyyətə gəlib və Rusiya ilə münasibətləri tarazlaya bilməyib. Bu, Paşinyanın siyasi dünyagörüşü, qərb oriyentasiyası ilə bağlıdır, yoxsa Putin psixoloji olaraq onu qəbul etmir?
– Onlar əslində Ermənistanın Rusiya ilə əməkdaşlığını məcburi müttəfiqlik kimi görürlər. Ancaq ürəkləri Qərblədir. İntəhası Rusiyadan qopa bilmirlər və bunun müqabilində də Qərb deyir ki, onda məndən nə uma bilərsən? Sən gedib Suriyada Rusiyaya dəstək verirsən, dövlətini Rusiyaya tabe etdirmisən. Bu halda bizim yanımıza gəlib nə istəyirsən? Bu səbəbdən də, Qərbdən Paşinyana nə pul verirlər, nə də dəstək. Ancaq Paşinyan Rusiyadan da istədiyi dəstəyi ala bilmir, çünki onun özünə şəxsən Moskvanın inamı yoxdur. Bu mənada qalıb iki od arasında. Ancaq reallıq da odur ki, Paşinyan bu ana qədər erməni xalqı tərəfindən dəstəklənib. Belə demək mümkünsə, Paşinyan çox bacarıqlı demaqoqdur. Amma ortada bir problem də var. Paşinyanın dəstəyi addım-addım azalır. Paşinyan da Köçəryanı həbs etməklə, bir-iki oliqarxın “qulağını kəsməklə”, xal toplamaq istəyir. Amma bunların hamısı müvəqqətidir. Dşünürəm ki, yeni bir sərsəm addımı Rusiya tərəfindən qıcıqla qarşılanacaq və ya maliyyə böhranı ortaya çıxacaq. 2020-ci ildə Ermənistan hökuməti əvvəlki borclarını qaytarmaq üçün 600-700 milyon dollar pul xərcləməlidir. Bu pulu necə əldə edəcəkləri hələlik məlum deyil. Adətən ermənilər köhnə borcunu təzə borc alaraq bağlayır. İndi təzə borc ala biləcəkmi? Problem buradadır.
- Qeyd etdiniz ki, Con Bolton və Patruşevin regiona səfəri təsadüfi deyil. Bu şəxslər eyni zamanda ABŞ-Rusiya danışıqlarını aparan fiqurlardır. Onların regiona səfərini necə şərh edirsiniz?
– Əslində Patruşevin səfərini qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki kənardan fərziyyələrlə danışmaq doğru olmazdı. Hər halda əhəmiyyət var ki, gəlirlər. Nəzərə alsaq ki, onlar Azərbaycan və Ermənistandan da daha böyük problemlərlə əlaqədar üz-üzə durublar, bu mənada vaxt tapıb gəlirlərsə, deməli səfərin əhəmiyyəti var. Amma səfərin məqsədi nədir, hansı məsələlərin müzakirə edildiyini demək çətindir. Təbii ki, Dağlıq Qarabağ məsələsi haqda hər iki şəxslə müzakirələr aparılıb. Nəzərə almaq lazımdır ki, Patruşev Ermənistanda da səfərdə olub. Hər bir halda hiss edilir ki, onlar proseslərin hərbi müstəviyə keçməsindən çəkindirirlər.
- İndi bəzi ekspertlər iddia edirlər ki, Rusiyanın Ermənistanı “budamaq” meyli tədricən görünür və bu rəsmi Bakıya şans yaradır ki, işğaldakı torpaqların heç olmasa müəyyən hissəsini azad etsin. Bu fikirləri ciddiyə almağa dəyərmi?
– Kimlərsə Rusiyanın “Ermənistana hücum edin” deyəcəyini gözləyirsə, bu heç vaxt olmayacaq. Ancaq o olacaq ki, biz növbəti dəfə deyəndə ki, rəsmi Yerevan danışıqlara gəlmir, sərsən bəyanatlarını davam etdirir, onları ağıla gətirin, hansısa məqamda Putin deyəcək ki, o mənim də zəhləmi töküb, onunla heç danışmaq istəmirəm, gedin nə edirsinizsə, edin. Bax, bu bizim üçün kifayətdir. Əlbəttə, biz siyasət haqqında danışırıq və hər şeyi öncədən demək çətindir. Amma yaddan çıxarmayaq ki, ermənilər bizdən fərqli olaraq, rusların özlərininkidir. Baxmayaraq ki, maraqlar bizə bağlıdır, bir çox məsələlərdə bizim könlümüzü almalı olurlar, ancaq erməniləri özününkü hesab edirlər. Onların fikirlərinə görə, ermənilər Ermənistandan çıxıb gedirlər. Hara gedirlər, Rusiyaya. Hə, lap yaxşı, gəlsinlər bura. Ruslara Ermənistada geopolitik mövqelərini saxlaması üçün, bir milyon əhali qalsa da kifayət edir. Onlar Ermənistanı erməni dövləti kimi düşünmürlər.
- Deyirsiniz ki, müharibə üçün geopolitik şəraitin yaranması vacibdir. Bizim müharibəyə başlamağımız üçün təxminən hansı beynəlxalq və regional atmosfer yaranmalıdır?
– İranda hakimiyyətdə Azərbaycanı özünə Türkiyə kimi yaxın görən hakimiyyət olsaydı, Ermənistan qələt edib Arazboyu rayonları nəzarətində saxlayardı. İndi İranla bağlı mürəkkəb durum var, körfəzdə hər an böyük müharibə başlana bilər. Bu baxımdan, onların maraqları bölgədən çəkilsə, biz regional müstəvidə problemin həllinə əlac tapa bilərik. Söhbət ondan getmir ki, erməniləri sona qədər qovmaq üçün bizə imkan verərlər. Ancaq erməniləri ağıllandırmaq üçün çırpmaq məqamı ola bilər. 2016-cı ilin aprelindən də şiddətli şapalaq vurmaq. Məncə, bu uzun çəkməyəcək. Yəni belə bir situasiya yarana bilər. Azərbaycan hər zaman hazır olmalıdır və biz də bunu edirik. Hərbi təlimlər sistemli şəkildə keçirilir. İmkan pəncərəsi daima açıq olmur. O açılanda sən hazır olub fürsətdən istifadə etməlisən. İmkan pəncərəsi açıq olmadıqda, sən gedib əməliyyata başlayacaqsansa, bu halda qazanc əvəzinə zərər görəcəksən. İndi lap əməliyyata başladın və 100 kvadrat kilometr torpağı azad etdin. Sözsüz ki, bu da nailiyyətdir, amma bunun müqabilində BMT Təhlükəsizlik Şurasının qərarı ortaya çıxsa, bizi dayanmağa məcbur etsələr, deməli, diplomatik sahədə daha çox itirə bilərik. Hər şey ölçülüb-biçilməlidir. Hansı itkilərimiz və qazancımız olacaq. Söhbət ancaq insan itkisindən getmir. Təbii ki, biz cavanlarımızın ölməsini istəmirik. Söhbət ondan gedir ki, dövlət düşünülməmiş və yetişməmiş vaxtda hansısa hərbi əməliyyatlara başlasa, daha çox itirə bilər. Gürcüstan 2008-ci ildə buna başladı. Saakaşvilinin hərbi əməliyyata başlaması nə ilə başa çatdı? Az qala ruslar Tbilisiyə girirdi. Deməli, imkanlar pəncərəsinin açılmasını gözləməli və həm də bu ana hazır olmalısan. Biz hazırlıq işləri aparırıq və bununla da erməniləri təzyiq altında saxlayırıq. Onlar məcburdurlar ki, Azərbaycanla ayaqlaşmaq üçün hər qəpiklərini hərbə xərcləsinlər. Biz 2 milyard xərcləyəndə onlar da 600-700 milyon dollar xərcləməlidir. 700 milyon onlar üçün daha ağırdır, nəinki 2 milyard bizim üçün. Bu mənada Azərbaycan həm danışıqlar prosesində olmalıdır, həm də hərbi sahədə hazırlığını davam etdirməlidir.
Vaqif NƏSİBOV
AzPolitika.info