“Allahdan ona rəhmət diləyirəm, ilk TQDK sədri kimi müəyyən müsbət işləri olub, amma kimlərsə...” - deputat

26-09-2019, 09:09           
“Allahdan ona rəhmət diləyirəm, ilk TQDK sədri kimi müəyyən müsbət işləri olub, amma kimlərsə...” - deputat
“Mən BBC radiosuna çıxışımda da Allahdan Vurğun Əyyuba rəhmət diləmişəm. Biz onunla dost, yaxın münasibətdə olmamışıq, fərqli siyasi cəbhələrdə təmsil olunmuşuq. Bu baxımdan yalnız ailəsinə başsağlığı verə bilərik”.

Bu sözləri “Yeni Müsavat”a hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Aydın Mirzəzadə Elçibəy iqtidarı dövründə TQDK sədri vəzifəsində işləmiş, Müsavat Partiyasının üzvü olmuş Vurğun Əyyubun vəfatı ilə bağlı bildirdi.

V.Əyyubun ölümü ilə əlaqədar hakim partiyadan başsağlığı verilməməsi, dəfndə rəsmilərdən kimsənin iştirak etməməsi barədə iradlara münasibət bildirən YAP-çı deputat qeyd etdi ki, kimlərsə bu məsələdən siyasi divident götürməyə çalışır.

“Ancaq mən onlara bunu məsləhət bilməzdim. Mətbuatdan da oxudum ki, vaxtilə Vurğun Əyyubu partiyadan getməyə məcbur qoyublar, indi isə başı üstə tərif yağdırırlar”, - deyə A.Mirzəzadə vurğuladı.

Deputat söylədi ki, V.Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olub: “Həmin dövrdə müəyyən müsbət işlər görüb. Sonra hazırkı iqtidara qarşı qatı müxalifətdə olub. Bu da onun əqidəsiydi və kimsə Vurğun Əyyubu bu mövqeyinə görə qınamadı, ona qarşı başqa bir hərəkət olmadı. Azərbaycan demokratik ölkədir və hər kəsin siyasi baxışlarına hörmət olunur”.

A.Mirzəzadə yada saldı ki, V.Əyyubla bir neçə tədbirdə görüşüblər, müəyyən polemikaları da olub: “Bu müzakirələrimizdə hər kəs əqidəsinə uyğun olaraq öz mövqeyində olub və buna da normal yanaşmaq lazımdır.

Sadəcə, bu gün onun vəfatından siyasi divident götürmək istəyənləri başa düşə bilmirəm. Mən bir daha ona Allahdan rəhmət, ailəsinə səbr diləyirəm".

Qeyd edək ki, deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Aqil Abbas da V.Əyyubun vəfatı ilə bağlı başsağlığı veriblər.

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuzun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.

1977-1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985-1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib.

1988-ci ildən filologiya üzrə fəlsəfə doktoru olub. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı - “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.

1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayda Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il öncə isə partiyadan incik salınıb, sonra isə təşkilatdan kənarlaşdırılıb.

O, uzun sürən xəstəlikdən sonra 24 sentyabrda vəfat edib.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.