Din xadimi araq içib namaz qılanları “Şeytanın yoldaşları” adlandırdı

26-09-2019, 09:18           
Din xadimi araq içib namaz qılanları “Şeytanın yoldaşları” adlandırdı
Din xadimi araq içib namaz qılanları “Şeytanın yoldaşları” adlandırdı
Şəriətə görə, şərab içmək haram və böyük günahdır. Əgər hər hansı bir içkidə məstedicilik varsa, o şərab hökmündədir. Bəzi insanlar düşünür ki, 100 qram içib, özümü idarə edirəmsə, məst olmuramsa, bunun nəyi günahdır? Hətta elələri də olur ki, içki içdiyi halda, dəstəmaz alıb namaz da qılır.
Din xadimləri isə birmənalı şəkildə belə hallarrın günah olduğunu deyir, həmin şəxləri isə cahil sayırlar.

İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İşərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, belə bir hal Allaha qarşı edilmiş bir üsyandır:
“Qurani-Kərimin “Bəqərə” və “Əl-Maidə” surəsində şərabın üç yerdə haram olması ilə bağlı ayələr verilib. Bu təkid olunan ayələrdəndir. Əgər kimsə araq içirsə, bilsin ki, Allahın zikrini unutmuş olur. Çünki haram dolu ağızla Allahı çağırıb, dua edirsə, bu qəbul olunmaz. Eşitmişəm ki, elə insan var ki, araq içib, daha sonra dəstəmaz alıb namaz qılır. Nə vacibdir araq içib namaz qılmaq?! Ya birdəfəlik araqdan imtina et, ya da namazdan! Çünki bu qılınan namaz Allah dərgahında günah hesab edilir. Heç bir məzhəb və din bunu qəbul etmir. Sadəcə, o insanın daxilində, düşüncələrində bir şeytan hissi var. Görünür belə insanlar şeytanla yoldaşlıq edir”.

Hacı Surxay İslam dinində şərabın haram sayıldığına dair bir hədisin olduğunu da qeyd edib:

“Həzrəti Əli buyurur: “Əgər şərabdan bir damcı quyuya düşə, həmin quyunu doldurarlar. Min il keçəndən sonra üstündə ot bitə və bir qoyun gəlib o otdan yesə, həmin qoyundan sürü əmələ gəlsə, onların heç birinin ətini mən yemərəm”.
İndi bu hədisin mənasına diqqət edin ki, hələ sudan söhbət getmir, quyunun üstündə bitən otdan danışılır. Görün şərab nə dərəcədə haramdır ki, Həzrət Əli quyunun üstündə bitən otdan, şərab suyu ilə bitməsə belə, onu yeyən heyvanın ətindən yemək istəməyib.Yəni təqvanın, Allaha olan bağlılığa baxın. Bir qram içilsə belə haramdır ”.

Şərqşünas, ilahiyyat sahəsi üzrə yazar Vüsal Hətəmov isə şərabı ağır cinayətlərə aparılma mexanizminin amili hesab edir.

“İçki içən bir insanın qıldığı namazdan ona heç bir xeyir verməz. Qurani Kərimdə də şərab içmək ən pis əməllərdən hesab olunur. İslam dinində hansısa pis bir əməli görən insan, namaz qıla bilməz anlayışı yoxdur. Çünki namaz qılmaq, oruc tutmaq hər bir insanın vəzifəsidir. Məntiqsizlik ondadır ki, həm Allahın dediyinin ziddinə çıxasan, həm də Allaha ibadət edəsən”.

V.Hətəmov deyib ki, şərab içmək fiziki cəhətdən də ziyandır: “İnsan içib keflənir, dünyadan xəbəri olmur. Pis bir şey də onun gözündə yaxşı görsənir. Hətta bununla bağlı bir hədisdə qeyd olunub ki, “Bütün günahları bir otağa yığsanız görərsiniz ki, həmin otağın açarı şərab içməkdədir ”.
Mən dəfələrlə şərab içənlərdən soruşuram ki, niyə bu qədər içdikcə içirsiniz. Ayıq vaxtlarında cavab verirlər ki, “əslində çox içmək istəmirik, sadəcə narkotik kimi asılılıq yaradır və bədən tələb edir ki iç”. Heç kim suğortalanmayıb ki, mən ancaq 100 qram içəcəm. Təbi ki, haramın azı da haramdır. Dində tibbi cəhətdən ölməmək xatirinə donuz ətinin yeyilməsinə icazə verilir. Ancaq şəraba bir qram da olsa icazə verimir ”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.