“O uğursuzlar...” - Sabir Rüstəmxanlı Nəsimidən oxuyanlardan danışdı
26-09-2019, 18:33
Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsindən sonra böyük Azərbaycan şairi İmadəddin Nəsimi ətrafında müzakirələr artıb. 650 illik yubileyi olan şairin yaradıcılığı diqqət mərkəzinə gəlib, hətta müğənnilər də onun qəzəllərinə müraciət etməyə başlayıblar.
Müğənni Xumar Qədimova "Neylərəm", Əməkdar artist Gülüstan Əliyeva “Əfəndim”, Afət Fərmanqızı “Sığmazam” adlı qəzəlinə müraciət edərək mahnı hazırlayıblar. Azərbaycan əsilli müğənni Sami Yusifin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlaması isə geniş müzakirə olundu.
Sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı “Yeni Sabah”a açıqlamasında bu kompozisiyası yüksək qiymətləndirdiyini bildirib:
“Sami Yusifin kompozisiyasını çox bəyəndim, hətta heyrətləndim. Başqa müğənnilər də Nəsimi yaradıcılığına müraciət edib. Düzdü, onların hamısını eşitməmişəm. Bu il Nəsimi ili elan edilib, bu çox düzgün və gözəl qərardır. Çünki Nəsimi tam qiymətini almamış ədəbiyyatımızın nəhəng yaradıcılarından idi. 650 il az vaxt deyil. Təsəvvür edin, Nəsimi sona qədər dərk olunmayan, qeyri-adi söz ustasıdır. Azərbaycan dilinin o dövrdə nə qədər saf və təmiz olduğu insanı heyrətləndirir. Ondan sonra yaşamış dahi şairimiz Füzulinin dili belə Nəsiminin dilinə baxanda daha çox ərəb, fars sözləri ilə yüklüdür. Nəsimi yaradıcılığı öyrənildikcə öyrənilməlidir, onun şeirlərinə müxtəlif yönlərdən baxılmalıdır. Musiqi sarıdan bəstəkarlara, ifaçılara Nəsimi yaradıcılığı çox geniş imkanlar təqdim edir. Ona görə də tez-tez Nəsimiyə müraciət olunur. Onların biri uğurlu olacaq, biri uğursuz olacaq, uğursuzlar unudulub gedəcək. Bəzən görürsən bir qəzələ bir neçə mahnı yazılır. O uğursuzlar bəyənilməyəcək, yaddaşlarda qalmayacaq, yaxşılar isə daima yaşayacaq. Əsas olan odur ki, onlar Nəsimiyə müraciət edirlər. Bu özü müsbət haldır”.
Xalq şairi Nəsimidən başqa dahilərə də müraciət olunmasını təklif edib:
“Xətaini istəyərdim. Məsələn, Türkiyədə Xətai yaradıcılığı bizdən daha canlı yaşayır. Saz ustaları, xüsusən ələvilər arasında Xətai şeirini oxumayan tapılmaz. Xətai deyimləri, mahnıları geniş yayılıb. Xətai poeziyasına müraciət olunmalıdır. Füzuli o cəhətdən ölməzdir, nə qədər muğam var, Füzuli də yaşayır. Üzeyir Hacıbəylinin operasında yaşayır. Əslində, klassiklərimizin hamısı musiqiyə qida verir. Həm Vaqif, S.Ə.Şirvani yaradıcılığı musiqi üçün kifayət qədər zəngin mənbədir”.