Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

3-04-2020, 11:19           
Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?
Məlum olduğu kimi, ölkədə koronavirus pandemiyası ilə bağlı Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb ki, hazırda minlərlə insan tərəfindən Fonda ianə köçürmələri davam edir...
Amma təəssüflər olsun ki, hələ də bir çox zəngin azərbaycanlının adı bu siyahıda yoxdur. Tanınmış hüquqşünas Aslan İsmayılov özünün Facebook səhifəsində belə zənginlərə çağırış edərək, Araz Ağalarov, Vahid Ələkbərov və b. bu kimi milyarderlərin adını çəkib. Biz də belə bir təşəbbüsün tam tərəfdarıyıq və bir müddət öncə adı mediada xarici xeyriyyə fondunun yaradılmasında hallanan dünya şöhrətli Zeynəb Xanlarovanın da həmin siyahıda yer almasını məqbul hesab edirik.
Nədənsə martın 18-də Bakıda keçirilməsi planlaşdırılan və koronavirus səbəbindən təxirə salınan təntənəli konserti öncəsi geniş reklam olunan xalq artistinin bu ağır günlərdə səs-sorağı gəlmir. Bu isə təbii olaraq cəmiyyətdə bir sıra suallar doğurur.
UlduzumSan.Az bildirir ki, KONKRET.az bu suallara məsələyə həssas mövqeyi ilə seçilən Aslan İsmayılovla aydınlıq gətirib:
– Aslan müəllim, sizcə, nə üçün Zeynəb Xanlarova bu ağır günlərdə səssiz qalıb?
– Öncəliklə deyim ki, mən imkanı olan hər kəsin bu çağırışa qoşulmasını istəyirəm. Fərq etməz, mənim doğma bacım, qardaşım, dostum olsun – imkanı olan hər kəsin bu xeyirxah işə qoşulmamağına çox pis yanaşıram. Mən özüm də Fonda ianə etmişəm.
– Nədən Zeynəb xanıma çağırış etmirsiniz? Axı bir müddət öncə onun adının hansısa xeyriyyə fondunda hallandığını da bilirsiniz…
– Zeynəb xanımla mənim adımın o fondda hallandırılmasını həyata keçirən yaramaz, murdar xislətli adamlar idi. Deyim niyə? Onlar bütün Azərbaycana yaydılar ki, Aslan İsmayılov Zeynəb Xanlarovanın çirkli pullarının yuyulmasını həyata keçirir. Mən də o vaxt bununla bağlı açıqlama verdim. Bir daha açıqlayıram. O söhbət belə olmuşdu. 2012-ci ildə Zeynəb xanım Amerikada olanda mənə telefon açdı ki, Nyu-Yorkda onun konsertidir. Və bakılı yəhudliər ona Azərbaycana yardım etmək üçün fond yaratmağı təklif edirlər. Zeynəb xanım da mənimlə məsləhətləşdi ki, bunu necə etmək olar? O elə bilirdi ki, mən hüquqşünas kimi bunu edə bilərəm. Mən də ona dedim ki, bunu edə bilmərəm. Amma Amerikada hüquqşünas dostlarım var. Onlara deyərəm. Beləcə Amerikada vəkil büroları olan tanıdığım bir hüquqşünasa zəng edib xahiş elədim və onları görüşdürdüm. Və həmin adam o fondu yaratdı. Mən fondun nizamnaməsini də paylaşmışam. Nizamnamədə yazılır ki, – o murdar xislətli adamların yaydığı kimi yox, – ora olan ianələr Azərbaycana yardım ediləcək, Amerika vətəndaşlarına yox. Beləcə fond yaradılanda həmin dostum təsisçi kimi sənədlərə özünün, mənim və orada olan David Yusifov adlı bir yəhudinin adını yazdırdı. Fonda birinci köçürmə isə 10 min dollar olub. Həmin vaxt vəkil dostum mənə zəng elədi ki, bu 10 min dollar nə puludur? Mən bundan xəbərsiz olduğumu bildirdim və dedim ki, bununla bağlı Zeynəb Xanlarova ilə maraqlansın. O da Zeynəb xanıma zəng edib maraqlananda məlum olub ki, onun da bu köçürmədən xəbəri yoxdur. Bundan sonra həmin şəxs dərhal o fondun fəaliyyətini dayandırdı. O, bunu nə mənə, nə də Zeynəbə görə etmədi. Hüquqşünas kimi özünün adı sənədlərdə olduğuna görə belə addım atdı. Fikirləşirdi ki, sabah fonda hansısa çirkli pullar köçürülə bilər və o, bundan zərər çəkər.
– Bununla da fond fəaliyyətini dayandırdı?..
– Bəli, beləcə az bir müddətdən sonra, yəni 2017-ci ildə fondun fəaliyyətinə xitam verildi. Deməyim odur ki, həmin fonda fəaliyyəti dövründə 10 min dollardan başqa bir qəpik pul köçürülməyib. Və həmin pulu da bir yəhudi köçürüb ki, bizim bundan xəbərimiz olmayıb.
İkincisi, belə bir informasiya da yaydılar ki, guya Zeynəb xanımın Amerikada evi var və ora köçüb. Bu da bir yalandır. Və həmin informasiyaya qoyduqları şəkil dostumun ofisidir. O evin Zeynəbə heç bir aidiyyəti yoxdur.
– Yəni Zeynəb xanım hazırda Amerikada yaşamır? Azərbaycandadır?
– O, heç vaxt Azərbaycandan kənara çıxmayıb. Düzdü, mənim təxminən 3-4 ay olar onunla heç bir əlaqəm yoxdur. Çünki başım öz işlərimə qarışıb. Amma prinsip etibarilə yenə deyirəm, həm Zeynəb xanımın, həm də onun kimi imkanlı şəxslərin Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələrinin tərəfdarıyam.
– Çox gözəl. Təbii ki, bu, həm də bir vətəndaş mövqeyidir…
– Bəli, bu, belədir. Amma mən bir insan kimi başqa bir məsələyə toxunmaq istəyirəm. Mən bilirəm ki, Zeynəb xanım haqqında kampaniyanı uzun illər aparan Ramiz Mehdiyev və onun dəstəsi olub. Ona görə ki, Zeynəb heç vaxt onlara tabe olmurdu, Prezidentdən başqa heç kimi saymırdı. Onlar da ona görə Zeynəb haqqında az qala ölkəni dağıdan adam imici yaradırdılar. Sual verirəm? Zeynəb ölkədə hansısa bir vəzifədə olubmu?
– Xeyr… Amma adı biznes işlərində hallanıb axı?..
– Bir dəqiqə… Birincisi, o vəzifədə olmayıb. İkincisi, deputat kimi qazanıbmı nəsə? Yəni deputatlıq ona lazım idimi?
– Hər halda Zeynəb xanım heç də imkansız biri deyil…
– Onun ən böyük səhvi deputat olmaq idi. Budəfəki seçkilərdə də ona namizədliyini irəli sürmək təklif ediləndə biz bu barədə danışdıq. Ona dedim ki, mən bunun qəti əleyhinəyəm. Və namizədliyini vermədi. Ona görə ki, Zeynəb Xanlarovaya Milli Məclis lazım deyil. Xətrini istədiyim bir dostum kimi yox, bir insan kimi deməliyəm ki, SSRİ dönəmində Azərbaycanı dünyada tanıdan məhz o olub. Hələ o vaxt ən varlı adamlardan biri olub. Yəni ərəb şeyxlərinin, İran şahlarının hamısı Zeynəbi qarşılayıb, ona milyonluq hədiyyələr bağışlayıblar. Dünya şöhrətli olduğu heç kimə sirr deyil. Amma baxın. İndi ölkəni dağıdan məmurlar, oliqarx biznesmenlər, – hansı ki, kimlərinsə qoltuğu altında milyardlar qazanırlar, – qalıb bir kənarda, bütün ictimaiyyət fokuslanıb Zeynəb Xanlarovaya… Bu, nə qədər ədalətlidir?
– Bütün bunlar bir yana, bu ağır günlərdə xalqı maraqlandıran Zeynəb Xanlarovanın vətəndaş mövqeyidir…
– Bir insan kimi onu bildirirəm ki, mən Zeynəb xanımı imkanlı adam kimi sayıram və hesab edirəm ki, o, Fonda hökmən köçürmə etməlidir. Açığı, edib-etməməyi haqqında məlumatım yoxdur. Bunu dəqiqləşdirərəm.
– Siyahıda adı yoxdur. Bu, dəqiqdir…
– Onda sizə bir şey də deyim. Baxın, son 10-15 ildə toylardan sırf öz peşəsi ilə milyonlar qazanan artistlər var. Hansı ki, onların arasında bir toya 15-20 min manata gedənləri də var. Onlarla heç maraqlanmısınızmı ki, Fonda nə qədər pul köçürüblər?..
– Söhbət ondan gedir ki, biz istəyirik Zeynəb xanım nümunə göstərsin…
– Hə, bax, bu, başqa məsələdir. Yəni bu, xoş niyyətlə olmalıdır, onun üstünə hücum çəkməklə yox… Sizin cavabınız məni tam qane elədi ki, biri var bunu Aygün, Faiq eləyə, biri də var bunu Zeynəb eləyə! O baxımdan bəli, bir ağbirçək, tanınmış sima, Vətəninə, millətinə bağlı adam kimi mütləq yardım etməlidir. Məncə, Azərbaycanda Zeynəb qədər Vətəninə, millətinə bağlı ikinci bir vətəndaş yoxdur…
– Fikrimizcə, xalqın ağır günündə bunu sübut etmək lazımdır…
– Yenə də mən onun bu məsələyə biganə qalacağına inanmıram. Çünki belə məsələlərdə mövqeyini bilirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.