"Buna ancaq əqli qüsurlular inanmaya bilər" - Aygün Səmədzadə ilə müsahibə

4-04-2020, 09:45           
"Buna ancaq əqli qüsurlular inanmaya bilər" -
Xalq artisti, bəstəkar Aygün Səmədzadə Teleqraf.com-un suallarını cavablandırıb:

- Aygün xanım, "COVİD-19" virusu dünyada olduğu kimi Azəzrbaycanda da yayılıb. Virusla mübarizədə özünüzü və ailənizi necə qoruyursunuz?

- Virusu çox ciddi qəbul etmək lazımdır. Ünsiyyəti sıfır dərəcəsinə endirmişəm. Düşünürəm ki, yaxın gələcəkdə kiminləsə üzbəüz görüşmək, yığışıb söhbət etmək, əlamətdar günləri qeyd etmək imkanımız olsun deyə bu gün bütün deyilənlərə riayət eymək lazımdır.

Sadaladıqlarımı bu günlərdə etmək istəyi ən azından eqoistlikdir.

Özünü və başqalarını düşünürsənsə, doğru olana əməl etməlisən. Amma yenə də çox əminliklə deyə bilmərəm ki, biz belə edirik, hər şey yaxşı olacaq. Çünki heç kim səbəbi və mənşəyi müəmma olan heç nədən sığortalanmayıb.

- Hələ də küçəyə çıxan insanların sayı çoxdur. Onlara nə demək istəyərsiniz?

- Elə insan var ki, işi gündəlikdir, küçəyə çıxmasa özünü, ailəsini dolandıra bilməz. Əhalinin bu nümayəndələrinə yardım edilməlidir və yəqin ki, bu işlərə də nəzarət olunur. Elə ixtisas sahibləri var ki, onlar hər gün çalışmalıdır. Onlarsız bir sıra sahələr fəaliyyətsiz qala bilər.

Adam da var ki, sadəcə evdə oturmağı sevmir, min bir bəhanə ilə küçədə olmaq istəyir, darıxır.

Amma imkan daxilində evdə qalmağı üstün tutmaq lazımdır. Ərzaq və digər ləvazimatları bir dəfəlik çox alsınlar və çölə az çıxmağa çalışsınlar. Marketlərdə uzun sıra düzəldib, yan-yana durmaqla kimi kimdən qoruya bilərik?
Ümid edirəm ki, bu dövrdə arzu və istəklərə nə qədər çox məhdudiyyət qoyulsa, bu bəla dünyadan tez qopar. Azərbaycan dövləti bir çox dünya ölkələri ilə müqayisədə əhalisinə qarşı daha qayğıkeş, tədbirli oldu və pandameyinanın ciddiliyini daha tez qəbul etdi. Və bu ciddiliyi xalqa ölüm saylarının çoxluğu ilə deyil, gördüyü operativ addımlarla qəbul etdirdi. Amma bu gün daim yüksək səhiyyəsi, tibbi nailiyyətləri ilə nümunə olan Avropa ölkələri, Amerika, Çin kimi nəhənglərin vəziyyətini görəndə təhlükənin nə qədər böyük olduğunu anlamaq mümkündür.

Bir məsələni qeyd etmək istərdim. Bu mənim yaralı yerimdir, hətta bir zamanlar buna bir yazı da həsr etmişəm.

Yəqin fikir verirsiz ki, əksər küçələrimizdə sağına-soluna baxmadan tüpürə-tüpürə gedən, siqaret kötüklərini yerə atan, iyrənc adamlar daim var. Bax, bu pintilik simvolları bu günlərdə cəzalandırılmalı, cərimə olunmalıdırlar. Çünki onlar təkcə bu gün yox, elə hər zaman infeksiya mənbəyidir. Bəlkə də elə bu natəmizlərə görə radio və televiziyalar nə qədər qəribə olsa da, əl yumaq qaydalarını XXI əsrin sabun, şampun, gel markalarının adlarını yaşadıqları küçənin adından daha yaxşı yadda saxlayan insanlara bu qədər anladırlar.

Düşünürəm ki, bəzi davranış qaydalarının dəyişilməsi üçün şərait yaranıb. Məsələn, əvvəllər kişilər görüşəndə əl verərdi. İndi adamı iki dəfə görsələr, üçüncü dəfə də mütləq görən kimi qucaqlaşıb, öpüşürlər. Dost münasibətini belə bildirirlər(gülümsəyir). Və son illər bu aşırı səviyyədə idi. Bunları tərgidəcəklər və insanlar pandemiya gedəndən sonra daha ehtiyatlı olacaqlar. Mən şəxsən bundan sonra yaxın məsafədə söhbət etməyə belə çəkinərəm. İnsan öz canı üçün qorxursa, buna riayət erməlidir. Millətini, övladını, valideynini, ailəsini, qohumu, qonşusunu qorumaq istəyirsə, bir müddət təcrid olmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur.

- Karantin rejimində darıxmamaq üçün nə edirsiniz?

- Bağ evində yaşadığıma görə mənə danışmaq daha asandır. Başqası deyə bilər ki, bir otaqda oturmuşam, bəs mən neynəyim? Evdə darıxmıram. Məşğuliyyətim çoxdur. Ən azından çox darıxmağın nəticəsi gözəl bir mahnı olacaq. İş rejimim sərbəstdir. Tətilimi və iş saatlarımı özüm tənzimlədiyim üçün ev saatlarım, iş saatlarımdan çox olur. Və bu beş ildir özəl fəaliyyətimlə əlaqədar davam edir. Yəni öyrəncəliyəm.

- Hələ də koronavirusu ciddi qəbul etməyən və inanmayanlar var.

- Hər bir insanın öz düşüncəsi var. İnanmayanlar, xəbər proqramlarına baxsınlar. Mən də bütün günü romantik komediya filmlərinə baxsam, elə bilərəm ki, bayırda hər şey yaxşıdır.

Gündəlik xəbərləri izləsələr, insanların kütləvi şəkildə məhvinin nəticələrini sənədli kadrlarda görsələr inanacaqlar. Optimist olmaq gözəl haldır, amma baxır harada. Bu bəla ilə zarafat etmək olmaz. Buna ancaq əqli qüsuru olan insan inanmaya bilər.

Bu virus haradan və necə gəlibsə, hər halda mövcuddur, kütləvi şəkildə insanların ölümünə səbəb olur. Boşuna bütün dünya bu qədər təlaşa düşə bilməz. Epidemiyalar həmişə olub, amma bu gün informasiya bolluğudur və insanlar hər şeydən tez xəbər tuturlar. Epidemiyaların sürətlə yayılmasına "çox gözəl" şərait var, ölkələr arası gediş-gəliş, təyyarələr, qatarlar və s. Əgər keçmişdə bir insanın bütün ömrü boyu gördüyü insan sayı üç mini ötməzdisə, bu gün o qədər adamı bir-iki gündə görmək ehtimalı var.

Elə təkcə ictimai nəqliyyat buna kifayət edir.

Bunun qarşısını almağa çalışan fədakar insanlara, dünyanın həkim ordusuna minnətdarıq.

- Qızınızın evinə gedirsinizmi?

- Biz şəhərdən kənarda yaşayırıq və qızımla qonşuyuq. Ancaq bacım, qardaşım, atamla Novruz bayramında görüşmüşəm, ancaq telefonla danışıram. Atamı hər gün görmək istəsək də, həm işlərindən ayırmamaq, həm də qorumaq üçün belə lazım bilirik.

- Yəqin ki, Ziyad müəllim də deyilən qayda-qanunlara riayət edir.

- Bəli, mütləq şəkildə. Ümumiyyətlə, o, hər bir işdə ciddiliyə riayət edən adamdır. Atam kimi daim fəaliyyətdə olan elm adamları məncə heç vaxt darıxmağa vaxt tapmır və harda olsa, yeni elmi araşdırmalarla - bəlkə də iqtisadiyyat haqda növbəti fundamental kitabla bizi sevindirəcək.

Hər şey insanlıq naminədir, özümüz üçündür. Biz gedib kimisə görməklə ona olan sevgimizi istəmiyizi bildiririk, amma indi əksinədir. Qohumlarımız, dostlarımız da anlayışlı insanlardır. Nə qədər qonaqpərvər olsaq da, qonaq gedəndə də, gələndə də hər zaman bir-birimizə zəng edib icazə alarıq. Bu da bir mədəniyyət göstəricisidir. İndi bir-birimizə "gəlin bizdə bir çay içək" sözünü demirik. Amma görürsən ki, bəzi insanlar bir yerdə oturub, yeyib içirlər. Fikirləşirsən ki, bunlar niyə özlərini düşünmürlər? On nəfər bir yerdə yeyib içə bilər, ancaq o halda ki, bir aydır bir yerdədirlər. Biri ordan, biri burdan gəlibsə, gələrkən beş -on nəfərlə görüşübsə, nə bilirik kimdə nə var?

Bir də demək istərdim ki, sosial şəbəkələrdə bu virusa, kimi fəlsəfi, kimi az qala lirik-romantik, kimi ironik münasibətini bildirməklə özünü daha ağıllı göstərməyə çalışır. Biri sevinir ki, hava təmizləndi, biri deyir dəniz təmizləndi, biri deyir dünya dincəlir, təbiət intiqam alır, Allahın bəlasıdır və s. Lakin istər dünyəvi, istər ruhani baxımdan ilahi ədalətə inananlardan olsam da, düşünürəm ki, bu bəla nələrəsə cavab olsaydı, yalnız günahkarlara təsir edərdi. Bu bəlanın hardan gəlib, hara getdiyini yalnız edən və bilən bilir. Bizə isə yalnız həyata sevgi, bu böyük ölümlərlə nəticələnən xəstəliyə qaydalara riayət etməklə, sağlam həyat tərzi ilə yox demək qalır.

Əgər bunları etsək, hər şey yaxşı olacaq.

Hamımız elə etməliyik ki, bu ağır günlərdə dünyadan gedənlərdən deyil, qalanlardan olaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.