Karantin bitir, ailələrdə münaqişələr başlayır: - "Bir neçə saatdan bir görüşməlidirlər, yoxsa... "

19-05-2020, 17:53           
Karantin bitir, ailələrdə münaqişələr başlayır: -
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə ümumtəhsil müəssisələrində dərslər mart ayının 3-dən etibarən dayandırılıb.

Həmçinin, tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılıb. Hazırda şagirdlər onlayn formada təhsillərini davam etdirirlər. Bu da davamlı olaraq məktəbə gedən uşaqların psixologiyasına təsir edir. Bu təsir hər bir uşaqda müəyyən formada özünü göstərir. Kimisi özünə qapanır, kimisi ümumiyyətlə fikrini ancaq mobil oyunlara yönəldir, kimisə isə bu zamandan istifadə edərək dərslərdən yayınır.

Psixoloq Vəfa Əkbər Cebhe.info-ya müsahibəsində karantin rejiminin uşaqlara təsirindən, valideynlərin nə etməli olduğundan, məktəblilərin bu müddəti hansı yollarla aşmalı olduğundan danışıb.

- Vəfa xanım, uşaqların təcrid həyati onların psixologiyasına ümumilkdə necə təsir edir?

- Ümumiyyətlə, izolyasiya, karantin müddəti yalnız uşaqlara deyil, hər kəsə öz təsirini göstərdi. Əksərən də məktəblilərə. Çünki məktəbə getmək özü bir məsuliyyət idi. Hətta bəzən dərslərinə hazırlaşmaq istəməyən, həvəsdən düşən uşaqlar belə sırf məktəbə gedəcək, uşaqların içində olacaq deyə, dərsə məsuliyyət duyub hazırlaşırdı. Ancaq hazırda həmin uşaqlar dərsdən tamamilə soyuyub, heç nə etmək istəmirlər. Hətta o uşaqlar dərsi ciddiyə belə almırlar. Buna görə də karantinin onlara təbii ki, müəyyən təsiri olub.

- Bəs, tədris prosesindən ayrılma sonradan mənimsəmə vərdişlərini azalda bilərmi?

- Dediyim kimi, mənimsə prosesi bir növ məsuliyyətlə bağlı idi. Uşaqlarda məktəb və məktəbə gediş məsuliyyəti var idi. O proseslərdən birinin kəsilməsi məsuliyyətin azalması deməkdir. Müəyyən müddətdən sonra dərs hazırlanma istəyi belə uşaqlarda artıq minimuma düşməyə başlayır.

- Valideynlər bunun qarşısını almaq üçün nə etməlidir?

- Valideynlər uşaqlara kömək etməlidir. Uşağın başa düşmədiyi, müəyyən zəif qaldığı nüansları aytınlatmalıdır. Həqiqətən də, köməyə ehtiyacı varmı deyə, soruşmalıdır. Və ya dərsi ilə maraqlanmalıdır. "Bu gün dərsin necə keçdi, nə keçdiniz, sənin daha çox yadında nə qaldı, elə şeylər oldumu ki, onu başa düşmədin, biz onu bir səninlə araşdıraq", kimi ifadələrlə uşağa yardım edə bilərlər. "Sən dərs oxumursan, hazırlaşmırsan, mən sənin kitab üstündə çalışdığını heç görmürəm, bu qədər məsuliyyətsizlik olar? Filankəs daha çox hazırlaşır", deməkdənsə, onu ruhdan salmaqdansa, daha öncə dediyim ifadələri söyləsələr daha yaxşı olar.

- Valideynlərin o cür yanaşması, sosial təcrid uşaqlarda özünəqapanma və daha sonra bundan qaynaqlanan dəyişiklik yarada bilərmi?

- Uşaqlar karantin dövründən əvvəl öz həmyaşıdları ilə, paralel sinifdəkilərlə ünsiyyətə girirdi, bəzən də salam verirdilər, salam alırdılar, bununla da sosiallaşırdılar. İndi isə çox valideyn bunun şikayətini edir ki, uşaq özünə qapanıb, heç kimlə ünsiyyət qurmaq istəmir, daha aqressiv olub, çağırmasaq, gəlib danışmır, kimi şikayətlər var. Bunun da səbəbi əbəs deyil. Çünki özünə qapanmağa meyilli olan uşaqlar üçün karantin bir növ şərait oldu. Belə şərait yarandı, onlar daha çox özünə qapandı. Yaxşı olardı ki, bu cür uşaqlarla valideynlər özləri məşğul olsun. Onların üzərinə həqiqətən də böyük yük düşür. Valideyn həmişə sorşmalıdır ki, dərsdə kimlər var idi, maraqlı idimi, filankəs necədir, görəsən, tədrisdə dəyişim olubmu, deyə uşağı söhbətə tutmalıdır. Və həmçinin, uşağın beynini işlədəcək müəyyən suallar verməlidir.

- Başqa bir problem ev şəraitində uşaqları saxlaya bilmək üçün onların müddətsiz internet aludəçiliyinə göz yummaqdır. Valideynlər uşaqları sakitləşdirməyin yolunu indi bunda görür. Necə düşünürsüz, bu dönəmdən sui-istifadə edib uşaqları intihara sürükləyən internet oyunları fəallaşa bilərmi?

- Karantin müddətində uşaqlar çölə çıxa bilmirdi deyə, valideyn çarəsiz qalıb onların internetdən çox istifadə etməsinə göz yumurdu. Bu da uşaqların günboyu normadan artıq mavi ekran qarşısında oturmasına, oyunlar oynamasına, baş ağrısına, aqressiyaya, gərginliyə səbəb olurdu. İndi isə əslində dəyişən bir şey yoxdur. Sadəcə uşaqlar çölə çıxa bilər. Valideyn bunu limitləməlidir. Bəzən valideynlər deyirlər ki, bunu yavaş-yavaş edim. Amma uşaqlar niyə yavaş-yavaş olunduğunu başa düşmədiyi üçün onunla oturub bu barədə danışmaq lazımdır. Təbii ki, yaşına uyğun olaraq. Bundan sonra isə limitləmək lazımdır. İnternet oyunları həmişə qurban axtarır. Onlar üçün ən əlverişli qurban məktəbə gedən uşaqlardır. Oyunların yaradıcıları üçün məqsəd pul qazanmaqdır. Amma burada insan həyatı, psixologiyası böyük zərbədə qalır. Təbii ki, bu günki müddətdə valideynlərin hər ikisi evdə olduğuna görə, düşünmürəm, tamamilə göz yumalar ki, uşaqlar nə istəyir, onunla məşğul olsun. Onlar uşaqların vaxtaşırı nə ilə məşğul olduğuna, nə oynadığına diqqət yetirir. Yetirməyən valideyn hər halda yetirmir.

Düşünürəm ki, həmin oyunlar üçün xüsusi bir vaxt lazım deyil. Onlara hər zaman qurbanlar tapılır.

- Uşaqlarımızı bu cür mənfi təsirlərdən necə qorumalıyıq? Nələrdən, hansı vasitələrdən istifadə olunmalıdır?

- Uşaqlara əməyi sevdirərək, öyrədək qorumaq lazımdır. Adi evdə məişət problemləri olur. Nəyisə almaq, düzəltmək, yenidən bərpa etmək - bu prosesdən valideynlər bəzən uşaqlarını kənar tuturlar ki, sən get, dərsini oxu. Bu standart sözdür. Bilirlər ki, uşaq dərs oxumayacaq, yenə də o sözü istifadə edirlər. Uşağı əməkdən uzaqlaşdırırlar. Yaxşı olardı ki, valideyn bunu yığışdırsın. Uşağın müəyyən müddət dərs zamanı olur, geri qalanını əməyi öyrənməlidir. Valideyn ona "Gəl, mənə yardım et", deməlidir. Ata oğluna, ana qızına bu sözü desə, daha yaxşı olar. Uşaq bu zaman daha çox fəaliyyətdə olar, virtual aləmdən qopmuş olarlar.

- BMT də karantin müddətində zorakılıq hallarının, boşanmaların artacağını bildirir. İndi bir problem də ailədəki bu zorakılığın məhz uşaqların gözü önündə baş verməsidir. Bu onların psixologiyasına sözsüz təsir göstərir. Bu baxımdan, hansı məsləhətləri görərdiniz?

- Birinci növbədə, karantin hər kəsi alışdığı ritmdən uzaqlaşdırdı. İnsanların bir müddət fəaliyyətsiz yaşamağına səbəb oldu. O insanlar ki, onların işi onlayn vəziyyətdə belə getmirdi, həmin şəxslər məşğuliyyət kimi evdə müəyyən şeylərə fikir verməyə başladılar. Həmçinin, bəzən yerli və yersiz replikalar atmağa davam edirdilər. Bu da evdə olan digər ailə başçısını özündən çıxarırdı, vəziyyət daha da gərilirdi. Onlar bir-birilərinə əvvəlcə bunu atmaca şəkilində deyirdisə, sonra bu atmaca sözlərə keçdi. Bəzi ailələrdə fiziki zorakılıq da görünürdü. Nəticə etibarilə, arada dəyərlər dağılır. Uşaqların travmaları yaranır. Bir-birlərinə qarşı könüllər sınır, ailə bağı zədələnir. Məsləhətim odur ki, insanlar bir-birilərindən mümkün qədər uzaq dursunlar. İzoliyasiya dediyimiz müddət evdə də olmalıdır. Onlar bir neçə saatdan bir görüşməlidir. Hər kəs öz fəaliyyəti ilə məşğul olsa, yaxşı olar. Hər kəsin ayrıca vaxtı, saatı olmalıdır. Əks halda, davalar, münaqişələr, söz-söhbətlər qaçılmazdır. Ailəsində uşağı olan valideynlər isə buna daha çox diqqət yetirməli, həssas davranmalıdırlar. Uşağın gözü önündə bu davaları yaşamamaq üçün tərəflərdən mütləq biri (daha yaxşı olardı ki, hər ikisi) daha səbrli təmkinli olmalıdır. Aralarındakı bu münaqişəni kənarda müzakirə etsələr, daha yaxşı olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.