"Ermənilərə necə lazımdır, cavab verdik..." - Mirzə Sakitin oğlu Cahandar
24-07-2020, 09:15

Xəbər verdiyimiz kimi, Belçikada keçirilmiş aksiya zamanı orada yaşayan satirik şair Mirzə Sakitin oğlu Cahandar Zahidov ermənilər tərəfindən vəhşicəsinə döyülüb. Musavat.com C.Zahidovla danışaraq baş vermiş hadisənin təfərrüatlarını öyrənib.
O bildirib ki, dünən səfirliyin qarşısında keçiriləcək aksiya barədə xəbər tutan kimi bunun təfərrüatları ilə maraqlanıb:“Dediklərinə görə, dinc aksiya olacaqdı. Biz getdik, polislə maraqlandıq ki, ermənilər haqsızlıq etsə, bayrağımızı yandırsa, siz buna adekvat reaksiya verəcəksinizmi? Bilirsiniz ki, bayrağımız srağagün köhnə səfirliyimizdən oğurlanıb. Onlar da dedilər ki, biz etməyəcəyik. Biz də ona görə aksiyaya qoşula bilmədik. Mən və 4 dostum qərara gəldik ki, bu insanlıqdan kənar məxluqlar Azərbaycan xalqının səbrindən istifadə edərək haqsızlıqlar edirlər, cinayətlər törədirlər. Üstəlik bilirdik ki, orada olsaq, daş atacaqlar, qanlı hücum olacaq. Ona görə də dostumuzla qərara aldıq ki, parkda onların arxa tərəfində gizlənək. Aksiya dağılandan sonra bizimkiləri iki saat boyunca darvazadan kənara buraxmadılar ki, ermənilər dağılışsın, sonra çıxarsınız. Biz də ermənilər dağılandan sonra onları izlədik. İki maşın tapdıq. Birini iki nəfər dostum, digərini isə dostumla mən izlədik. Arxalarından gedirdik. Şüşələrindən bayraq saxlanırdı. Mənim maşınımın arxasında da Azərbaycan və Məmməd Əmin Rəsulzadə yazılıb. Bayraqlarını əllərindən almaq istədik. Bir də gördük ki, svetaforda dayandığımız yerdə arxadan hücum oldu. Dostumu düşməyə qoymadılar. 4 nəfər onu qoymadı çölə çıxmağa. 3 nəfər də mənim üstümə düşdü”.
Cahandar Zahidov dedi ki, vuruşma məhz bu anda olub. Dubinka ilə onun başına vurublar: “Başım qanadı. Amma o 3 nəfər haqq etdiyi cavabı aldı. Çıxdılar, getdilər. Qayıdanda gördük ki, azərbaycanlı bir xanımın başı yarılıb. Buna dözə bilmədik. Getdik, parkın içindəki 10 nəfər erməniyə hücum çəkdik. Onlara necə lazımdır cavab verdik. Bu zaman qüvvələr nisbəti bərabər deyildi deyə vəziyyət bizim ziyanımıza idi. Həmin anda polis gəldi və proseslərə müdaxilə etdi. Orada başımıza hər şey gələ bilərdi. Xəsarətlər aldıq. Diz qapağımdan, dirsəyimdən ağır xəsarətlər almışam. Dostlarım çox pis döyülüblər. Son nəfəsimizə qədər vuruşduq və əldən düşdük. İnanın ki, ayaq tutub yeriyə bilmirdik. Amma bu da mübarizənin bir formasıdır. Onların qabağından heç yerdə, heç bir şərtdə geri çəkilmək olmaz”.AzPolitika
