Müxbir “Bakı bu ərazini işğal etdi” dedi... – Səfirimizin cavabı

4-12-2020, 00:10           
Müxbir “Bakı bu ərazini işğal etdi” dedi... – Səfirimizin cavabı
Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyevin Macarıstanın məşhur “Deyli Nyus Hunqari” (Daily News Hungary) ingilisdilli informasiya-analitik portalına Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibə verib.

Axar.az sözügedən müsahibənin tərcüməsini təqdim edir:

- İlk növbədə bizi səfirlikdə qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Şübhəsiz, son həftələr sizin üçün çox gərgin, həyəcanlı olub. Birbaşa Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı məsələlərə keçməzdən əvvəl bizə indiyə qədər öz həllini tapmayan bu münaqişənin mənşəyi haqqında məlumat verə bilərdinizmi? Azərbaycan və erməni xalqları arasında anlaşılmazlığın kökü, səbəbləri nədədir?

- Bu uzun bir tarixdir. 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqazda üç müstəqil dövlət yarandı – Gürcüstan, Azərbaycan və Ermənistan respublikası. Yeni milli dövlətlərin öz sərhədlərini müəyyən etmələri olduqca ağrılı bir prosesə çevrildi. Tiflisdə - indiki Tbilisidə təxminən eyni nisbətdə üç böyük milli icma – gürcülər, azərbaycanlılar və ermənilər yaşayırdılar. Bakıda yerli azərbaycanlılardan sonra ermənilər ikinci çoxsaylı milli icma idi. O zaman İrəvan adlanan Yerevan əhalisinin təxminən 60 faizini azərbaycanlılar təşkil edirdi. Eyni mənzərə kiçik şəhərlər və kəndlər üçün də səciyyəvi idi. Belə vəziyyətdə milli sərhədlərin müəyyənləşdirilməsinin nə qədər çətin iş olduğunu təsəvvür etmək mümkündür. Aydın məsələdir ki, çoxlu mübahisələr yaranırdı. Çar Rusiyasının tərkibinə daxil olana qədər gürcülərin və azərbaycanlıların milli dövlətləri olmuşdu. Bunun da nəticəsində Azərbaycan və Gürcüstan üçün yeni dövlətin sərhədlərini müəyyən etmək daha asan idi.

Ermənilərin isə Rusiya ərazisinə köçənə qədər dövləti və paytaxtı olmamışdı. Odur ki, müstəqil respublika yaranması prosesində Ermənistan həm Gürcüstana, həm də Azərbaycana qarşı torpaq iddiaları irəli sürmüşdü. Ərazi mübahisələri zəminində 1919-cu ildə hətta iki qonşu xristian xalq – gürcü və ermənilər arasında qanlı müharibə də olmuşdu. Erməni və azərbaycanlı əhalinin birgə yaşadığı Dağlıq Qarabağa erməni iddiaları da elə bu vaxtdan başlamışdı. Lakin Birinci Azərbaycan Respublikasının mövcudluğu dövründə - 1918-1920-ci illərdə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmuş və Paris Sülh konfransı tərəfindən də bizim ərazi kimi tanınmışdı. 1920-1921-ci illərdə Cənubi Qafqaz Respublikaları bolşevik Rusiyasının işğalına uğrayandan sonra Ermənistan SSR yenidən Dağlıq Qarabağla bağlı iddia qaldırmışdı. Lakin Rusiya Kommunist Partiyasının Qafqaz bürosu 1921-ci ildə bu bölgənin həqiqi sahibində, yəni Azərbaycan SSR-də qalması ilə bağlı qərar çıxarmışdı. Amma bölgədəki əhalinin say tərkibində ermənilərin nisbi üstünlük təşkil etmələri nəzərə alaraq burada muxtar vilayət yaradılmışdı. Başqa sözlə desək, Dağlıq Qarabağın guya Stalin tərəfindən Azərbaycana verilməsi haqda Avropa mətbuatında geniş yayılmış erməni iddialarının heç bir əsası yoxdur. Bu ərazi bolşeviklər gələnə qədər bizim idi və bizdə də qaldı. Hətta bolşeviklər də Ermənistanın Dağlıq Qarabağa əsassız iddialarını rədd etdilər.

Sovet İttifaqının süqutu ərəfəsində ermənilər bu məsələni yenidən gündəmə gətirdilər. Moskvanın sakit razılığı ilə Azərbaycana qarşı müharibə başlandı. Nəticədə Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik yeddi rayon işğal edildi, bu ərazilrdə etnik təmizləmə siyasəti həyata keçirildi, yüz minlərlə azərbaycanlı zorla öz evindən qovuldu, Qondarma “dqr”in yaradıldığı elan olundu. Təbii ki, Azərbaycan bu vəziyyətlə heç zaman barışmamışdı. Biz münaqişənin dinc yolla, BMT TŞ-nın 4 məlum qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi qurumların tövsiyələri əsasında həll olmasını istəyirdik. Lakin atəşkəs haqda razılığın əldə edildiyi 1994-cü ildən sonra Ermənistanın beynəlxalq hüquqa heç bir əhəmiyyət verməməsi, danışıqlar prosesindən birtərəfli qaydada çıxması bizi hərbi yola əl atmağa məcbur etdi.

- Beləliklə, 1994-cü ildə siz ərazilərə nəzarəti itirdiniz. Həmin vaxtdan 2020-ci ilin sentyabrına qədər burada hansı mühüm hadisə baş vermişdi?

- 1994-cü ildə tərəflər arasında atəşkəs haqda razılıq əldə edilsə də, onun şərtlərinə heç vaxt əməl edilməyib. Bu baxımdan Dağlıq Qarabağdakı erməni separatçıları və onların İrəvandakı himayədarları xüsusi fəallıq göstəriblər. 2016-cı ilin aprel ayında isə yenə də ermənilərin fitnəkarlığı nəticəsində atəşkəs dövrünün ən irimiqyaslı hərbi əməliyyatları başlanmışdı. Yaxın tarixə “Dördgünlük müharibə” kimi daxil olan həmin günlərdə Azərbaycan Ordusunun zərbələri altında ermənilərin lovğalıqla məşhur “Majino xətti” ilə müqayisə etdikləri “Ohanyan xətti” dağıdılmışdı. Bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri azad edilmişdi. Lakin həmin dövrdə Moskvanın vasitəçilik səyləri nəticəsində Azərbaycan Ordusuna öz uğurlu irəliləyişini inkişaf etdirməyə imkan verilməmiş və nəticədə hərbi əməliyyatlar tezliklə dayandırılmışdı.

- 26 ildən sonra, 2020-ci il sentyabrın 26-da silahlı münaqişənin yenidən alovlanmasına nə səbəb oldu? Nə baş verdi ki, hərbi əməliyyatlar yenidən qızışdı?

- Bunun əsas səbəbi Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinə heç zaman ara verməməsidir. Təmas xəttinə yaxın olan kəndlərimiz daim düşmən atəşi altında qalmışdı. Bu illər ərzində erməni snayperləri onlarla əsgər və zabitimizin, dinc əhalinin – qadınların və uşaqların həyatına son qoymuşdular. Kənd təsərrüfatı işlərinin aparılmasına, normal yaşayışa imkan verməmişdilər. Yalnız işğal olunmuş Dağlıq Qarabağ deyil, Ermənistan ərazisi də insanlarımız üçün təhlükə mənbəyinə çevrilmişdi. Heç vaxt Dağlıq Qarabağın tərkibinə daxil olmayan bir sıra kəndlərimiz işğal edilmişdi.

Bu ilin aprel ayında Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyan ölkəsinin hərbi doktrinasından danışarkən açıq şəkildə bildirmişdi ki, “bizim məqsədimiz yeni torpaqlar üçün yeni müharibələr aparmaqdır”. Regionda Ermənistanın qonşuları Azərbaycan, Gürcüstan, Türkiyə və İrandır. Aydın məsələdir ki, “yeni torpaqlar uğrunda müharibənin” də ilk növbədə bizim ölkəmizə qarşı aparılması nəzərdə tutulurdu.

Erməni tərəfi bu hədəsini tezliklə həyata keçirdi. İyulun 12-də işğal olunmuş Dağlıq Qarabağdakı təmas xəttindən bir neçə yüz kilometr uzaqda, Azərbaycan-Ermənistan dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribat başlandı. Qarşı tərəfin məqsədi mühüm strateji yüksəkliyi ələ keçirmək, regiondan keçən beynəlxalq enerji və nəqliyyat dəhlizini nəzarət altına almaq idi. Azərbaycan tərəfi itkilər bahasına da olsa, hücumu uğurla dəf etdi. Ardınca avqust ayında ölkəmizin ərazisində böyük diversiya qrupu zərərsizləşdirildi, rəhbəri əsir alındı. Nəhayət, sentyabrın 26-da ermənilərin törətdiyi növbəti təxribat Azərbaycan Ordusunu düşmənə qətiyyətli cavab verməyə məcbur etdi və beləliklə də haqqında danışdığımız və qələbəmizlə başa çatan 44 günlük müharibə başlandı.

- Bir ay yarım çəkən müharibə nəticəsində Azərbaycan böyük bir ərazini işğal etdi. Bəs əsas hədəfiniz nə idi?

- Fikriniz tamamilə yanlışdır. Xəritəyə baxın. Müharibə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində gedirdi. Bir ölkə özü öz torpaqlarını necə işğal edə bilər? Əksinə, biz torpaqlarımızı işğaldan azad etmişik. 1989-cu ilə qədər Azərbaycanın tərkibində yuxarıda haqqında danışdığım Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) vardı. Ərazisi 4380 kv km idi. 190 min əhalinin təxminən 140 min nəfəri ermənilərdən, qalanı azərbaycanlılardan ibarət idi.

Əvvəldə də xatırlatdığım kimi, Sovet İttifaqının süqutu ərəfəsində həmin ərazidə yaşayan erməni milli azlıq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini ortaya atdı. Erməni tərəfi işğalçı planlarını həyata keçirmək üçün keçmiş sovet ordusu hissələrinin və ASALA tipli beynəlxalq erməni terror təşkilatlarının köməyi ilə Azərbaycana qarşı geniş miqyaslı müharibəyə başladı. Nəticədə yalnız 4380 kv km ərazi ilə kifayətlənmədilər, üstəlik həm də keçmiş DQMV ətrafındakı 7 rayonu işğal etdilər. Bu rayonların ümumi ərazisi 8 min kv km-dən çox idi. Gördüyünüz kimi, erməni separatçıları Azərbaycanın daxilində 12 min kv km-dən çox əraziyə nəzarət edirdilər. Burada tam etnik təmizləmə aparmışdılar. Xaricdən erməniləri bu torpaqlara köçürürdülər. Münaqişənin sülh yolu ilə tənzimlənməsinə heç cür razı olmurdular.

Qonşu ölkənin indiki baş naziri Paşinyan hakimiyyətə gələndən sonra isə beynəlxalq hüquq və tarixi həqiqətlə tamamilə zidd olan “Qarabağ Ermənistandır və nöqtə” şüarını ortaya atıb Azərbaycana 1 kvadrat metr də torpaq qaytarmayacaqlarını elan etdi. Birtərəfli qaydada ATƏT-in Mİnsk qrupunun apardığı sülh danışıqlarından çıxmışdılar. İşğalçı dövlət Azərbaycana şərtlər irəli sürürdü.

Digər tərəfdən sülh danışıqları özü də heç bir səmərə verməmişdi. Minsk Qrupu 26 ildən çox fəaliyyət göstərsə də, işğal olunmuş torpaqların bir qarışı da geri qaytarılmamışdı. Bir nəfər azərbaycanlının da öz evinə dönməsinə imkan yaradılmamışdı. Əslində geri qayıtmağa yer də yox idi. Çünki vaxtı ilə azərbaycanlıların yaşadıqları bütün şəhər və kəndlər dağıdılmışdı. Belə bir şəraitdə işğalçı ilə onun başa düşdüyü dildə - silah dili ilə danışmaqdan başqa çıxış yolu qalmırdı. Ona görə də ölkəmiz öz ərazisini işğalçılardan təmizləmək, onun ardı-arası kəsilməyən təxribatlarına son qoymaq üçün ədalətli müharibəyə başladı və ermənilərin dinc yolla qaytarmaq istəmədikləri yeddi rayon silah gücünə azad edildi.

- Bəzi beynəlxalq nəşrlərdə belə bir məlumat yayılmışdı ki, Azərbaycan ordusu mülki əhalini hədəf almaqla onu qorxu və təzyiq altında saxlamağa çalışır. Digər mənbələr isə ermənilərin Azərbaycan şəhərlərinə raket atmalarından yazırdı. Bəs həqiqət haradadır? Yəqin ki, iki əks fikrin arasında...

- Azərbaycan əvvəldən axıra qədər müharibəni döyüş meydanında, düşmənin silahlı hərbi birləşmələrinə qarşı aparmışdır. Ordumuz heç vaxt dinc sakinləri hədəf almayıb. Hətta ermənilərin tərk etdikləri yaşayış məntəqələrində atıb qaçdıqları xəstə və yaşlı adamların əsgərlərimizin köməyi ilə xilas olunduğu və sonradan qarşı tərəfə qaytarıldığı haqda faktlar mövcuddur. Təbii ki, müharibə dövründə Dağlıq Qarabağdakı mülki obyeklərə müəyyən qədər ziyan dəyib. Azsaylı mülki vətəndaşların həlak olmasını, yaxud yaralanmasını da istisna etmirəm. Lakin bu heç bir halda məqsədyönlü xarakter daşımayıb.

Ermənistan tərəfi isə əvvəldən də bəyan etdiyi kimi, Azərbaycan Ordusunu hərbi əməliyyatları dayandırmağa məcbur etmək məqsədi ilə planlı şəkildə Gəncə, Bərdə, Tərtər, Naftalan, Ağcabədi, Beyləqan, Mingəçevir şəhərlərini, habelə çoxsaylı kənd və qəsəbələrimizi kaset bombalardan atəşə tuturdu.

Nəticədə 91 mülki şəxs (16 uşaqlardır) həlak olub, 405 nəfər yaralanıb. 2488 fərdi ev, 461 mülki obyekt, 97 çoxmərtəbəli bina dağıdılıb. Atəşə məruz qalan şəhərlər cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşir. Bu yaşayış məntəqələrində heç bir hərbi infrastktur mövcud olmayıb. Sadəcə gecənin gec saatlarında dinc əhalinin yaşadığı rayonlar raket atəşinə tutulub. Erməni tərəfi dəfələrlə Mingəçevir su bəndinə raket zərbələri endirib. Bu bəndin dağıdılması Azərbaycanda və Gürcüstanda 2 milyondan çox insanı humanitar fəlakət qarşısında qoya bilərdi.

Yaxud indi, tərəflər arasında anlaşma əldə ediləndən və hərbi əməliyyatlar dayandırılandan sonra əldə edilən üç tərəfli anlaşma əsasında Azərbaycana qaytarılan qanuni ərazilərimizdə - Ağdam, Kəlbəcər, Laçın rayonlarında yaşayış binalarının, mülki obyektlərin, mövcud infrastrukturun dağıdılması, meşələrin yandırılması, ərazilərin minalanması Ermənistan tərəfin bütün necə barbar metodlara əl atmasının sübutudur. Təslim aktına imza atan kimi onlar yenidən gələcək qisas və revanş haqqında danışmağa, planlar qurmağa başlayıblar.

- Qeyd etdiyiniz anlaşma noyabrın 10-da imzlanıb və nəticədə Azərbaycan itirilmiş ərazilərinin böyük bir qismini geri qaytarıb. Düşünürsünüz ki, bundan sonra Qarabağda sülh bərqərar olacaq? Yoxsa yeni bir müharibə gözləyirsiniz?

- Təbii ki, biz regionda sülhün və qarşılıqlı anlaşmanın bərqərar olmasını istəyirik. Hərbi və iqtisadi potensialımız, insan resurslarımız Ermənistandan qat-qat üstün olmasına baxmayaraq, onillər boyu məsələnin dinc yolla, danışıqlar masası arxasında həllinə üstünlük vermişik. Region xalqlarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamasına çalışmışıq. Əgər Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı haqsız ərazi iddiaları olmasaydı, böyük iqtisadi imkanlara, mühüm geosiyasi mövqeyə malik Cənubi Qafqaz Avrasiyanın yüksək inkişaf etmiş regionlardan birinə çevrilərdi. Burada bütün tərəflər üçün faydalı layihələr həyata keçirilərdi.

Lakin sülh prosesi yalnız bir tərəfin arzusu ilə baş tutmur. Azərbaycan öz mövqeyini ortaya qoyub. İndi hər şey qonşu Ermənistanın seçəcəyi yoldan, atacağı addımlardan asılıdır. Sülh bu gün hamıdan çox Ermənistana lazımdır. Çünki işğalçılıq siyasəti nəticəsində bu kiçik ölkə uzun illərdən bəridir ki, daimi təcrid şəraitində yaşayır, qlobal layihələrdən kənarda qalır, iqtisadi baxımdan inkişaf edə bilmir, əhalisi sürətlə azalır, müstəqil dövlətdən Rusiyanın regiondakı forpostuna çevrilir. Təbii ki, mən ölkəmin hər bir guşəsində, eləcə də Dağlıq Qarabağda sülh olmasını arzulayıram. Amma eyni zamanda erməniləri yaxşı tanıdığımdan, onların hansı siyasəti həyata keçirmək istədiklərini yaxşı bildiyimdən yeni müharibə təhlükəsini də istisna etmirəm. Eyni zamanda yeni qarşıdurmanın Ermənistanı daha pis duruma salacağına inanıram.

- Erməni tərəfi Azərbaycanın tutduğu ərazilərdə qisasçılıq siyasəti aparacağında qorxduğunu dəfələrlə bəyan edib. Sizin ölkəniz isə dinc yanaşı yaşamağa üstünlük verdiyini vurğulayıb. Gözləntiləriniz nədir?

- Baxın, indinin özündə də Bakıda və Azərbaycanın digər yerlərində 30 minə yaxın erməni təhlükəsiz şəraitdə yaşayır. Ermənistan Türkiyəni soyqırımında ittiham edir. Bununla belə orada bir neçə yüz min erməni yaşayır. Türkiyə parlamentində erməni deputatlar var. Amma Ermənistanda bir nəfər azərbaycanlı, yaxud türk yaşayırmı? Yox. Çünki ermənilər buna imkan verməzlər. Onlar öz uşaqlarını azərbaycanlıya və türkə nifrət ruhunda böyüdürlər. Ermənistan bəlkə də dünyada yeganə monoetnik ölkədir. Burada əhalinin 99 faizi ermənilərdən ibarətdir.

1988-ci ildə, Dağlıq Qarabağ münaqişəsi başlayanda əsrlər boyu Ermənistanda, öz tarixi torpaqlarında yaşamış 250 mindən çox azərbaycanlı qovuldu. Ermənilər on illər boyu tam hüquqlu vətəndaşlarımız kimi bizim ölkədə yaşayıblar. Azərbaycan çoxmillətli və multikultural ölkədir. Burada ruslar, yəhudilər, tatarlar, talışlar, ləzgilər və başqa millətlərin nümayəndələri dinc şəraitdə yaşayırlar, öz dillərini və mədəniyyətlərini inkişaf etdirmək baxımından heç bir çətinliklə üzləşmirlər. Adlarını çəkdiyim xalqların nümayəndələri son müharibədə ümumi vətən saydıqları Azərbaycan uğrunda vuruşdular. Çünki bunu özlərinə müqəddəs borc sayırlar. Aralarında həlak olanlar və yaralananlar var. Ölkə rəhbərliyi erməni əhalinin Azərbaycan qanunlarına əməl etmək, Azərbaycan vətəndaşlığından irəli gələn vəzifələri yerinə yetirmək şərti ilə bundan sonra da ümumi vətənimizdə yaşamalarında heç bir problem görmür. Ermənilərdən fərqli olaraq bizim cəmiyyət hər zaman qısasçılıq və şovinizm hisslərindən uzaq olub.

- Eyni zamanda bu son həftələrdə erməni tərəfi dini müharibə aparmaqda ittiham edir. Deyirlər ki, müsəlman ölkələr əl-ələ verib xristian Ermənistanı dağıtmaq istəyirlər. Bu barədə nə deyə bilərsiniz?

- Ağ yalandır. Azərbaycan təkcə regionda deyil, dünya miqyasında tolerantlığı ilə tanıınır. Müxtəlif dinlərin təmsilçiləri burada əmin-amanlıq içərisində yaşayırlar. Bakıda yalnız məscid deyil, pravoslav və katolik kilsələri, sinaqoqlar, hətta tarixi atəşpərəst məbədi mövcuddur. Şəhərin mərkəzindəki erməni kilsəsi indiyə kimi qalır. Heç kəs onu uçurmaq, dağıtmaq, funksiyasını dəyişmək fikrinə düşməyib.

Mən sizdən soruşa bilərəm: əgər bu dini müharibədirsə, o zaman necə olur - bir sıra islam ölkələri müsəlman Azərbaycanı deyil, xristian Ermənistanı dəstəkləyir, yəhudi İsrail isə Azərbaycanın tərəfində dayanır? Birinci Qarabağ müharibəsində Ermənistana ən böyük yardım göstərən müsəlman İran olmuşdu.

Əhalisinin sayı 3 milyondan az olan, təcrid vəziyyətində yaşayan Ermənistanın özünü guya bütün Yaxın Şərqdə xristian dəyərlərin müdafiəçisi kimi qələmə verməsi mifdən başqa bir şey deyil. Biz bütün xalqların, ilk növbədə isə qonşularımızın dini hisslərinə hörmətlə yanaşırıq və eyni münasibəti də qarşı tərəfdən gözləyirik. İndi orta əsrlər deyil ki, dini müharibələr aparılsın. Yalnız xəstə təsəvvürə malik insanlar bu cür absurd iddialar irəli sürə bilərlər.

Tarix boyu Azərbaycanda ortodoks islam mövcud olmayıb, biz həmişə humanist və liberal dəyərlərə üstünlük vermişik. Bir sözlə, burada dinlə bağlı heç bir məsələ yoxdur. Həqiqət çox sadədir: Ermənistan Azərbaycan torpaqlarını işğal edib, nəzarət altında saxladığı əraziləri qaytarmaq istəmir və işğalçı niyyətini pərdələmək üçün ortaya ən müxtəlif uydurmalar atır. Müharibənin guya dini xarakter daşıması haqqındakı cəfəngiyyat da onlardan biridir.

Həqiqəti bilmək istəsəniz, bizə qarşı dini müharibəni Ermənistan aparır. Bir fakt deyim. Ermənistanın işğal etdiyi ərazilərdəki 67 məsciddən 35-i tamamilə dağıdılmış, qalanları isə müsəlmanların dini hisslərini təhqir etmək üçün mal tövləsinə, yaxud donuz damına çevrilmişdi. Azərbaycanlılar Allah evi saydıqları kilsəyə qarşı belə münasibəti heç zaman özlərinə rəva görməzlər.

Erməni tərəfinin nə deməsindən asılı olmayaraq, bu, bizim üçün Vətən müharibəsi, torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizədir. Dinin burada heç bir rolu yoxdur və ola bilməz. Xristian Gürcüstanla mehriban dostluq münasibətlərimiz də müharibənin guya dini xarakter daşıması və xristian dəyərlərinə qarşı çevrilməsi haqqındakı erməni iddialarının puçluğunu, əsassızlığını sübut edir.

- Azərbaycanın azad edilmiş ərazilərdə bərpa layihələri həyata keçiriləcəyi gözlənilir. Dünənə qədər müharibə zonası sayılan ərazilərdə vəziyyət necədir? Diqqət ilk növbədə hansı sahələrə yönəldiləcək? İnfrastruktur inkişaf etdiriləcəkmi, əski institutların fəaliyyəti bərpa olunacaqmı? Yeni müdafiə xətti qıracaqsınız?

- Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində ölkəmizin iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına on milyardlarla dollar ziyan vurub. İşğal olunan ərazilərdə bütün ifrastruktur dağıdılıb, bütöv şəhər və kəndlər Yer üzündən silinib. Tarixi toponimlər dəyişdirilib, maddi-mədəniyyət abidələri, hətta qəbiristanlıqlar yox edilib. Təsəvvür edin: 1994-cü ildə münaqişə bölgəsi ilə həmsərhəd olan Ağdam şəhərində 40 min nəfər yaşayırdı. Ölkənin ən abad, zəngin guşələrindən biri idi. İndi burada bir salamat bina qalmayıb.

Eyni sözləri tarixi keçmişə və zəruri infrastruktura malik olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərləri, onlarla kənd və qəsəbə haqqında da söyləmək mümkündür. Azad edilmiş ərazilərdə hansı addımları atacağıq?

Biz ilk növbədə xarici ekspertlər cəlb etməklə ölkəmizə vurulan ziyanın miqdarını hesablayacağıq. Beynəkxalq arbitrlərə üz tutub zərərin işğalçı dövlət tərəfindən ödənilməsini tələb və təmin edəcəyik. İkinci mərhələdə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi işi həyata keçiriləcək. Çünki düşmən bu ərazidə on minlərlə mina basdırmışdır. Yalnız bundan sonra tikinti-quruculuq işlərinə başlanacaq. Artıq işğaldan azad edilmiş ərazilərin bərpası layihələri üzərində iş gedir.

Dağıdılmış yaşayış məntəqələrinin yerində yeni, müasir tələblərə cavab verən şəhər və kəndlər salınacaq. Hələ döyüşlər başa çatmamış işğaldan azad olunmuş ərazilərə qaz, işıq xətlərinin çəkilməsinə, yeni yollar tikilməsinə, mobil rabitənin təmin olunmasına başlanmışdır. Ölkəmiz bərpa layihələrinin həyata keçirilməsinə 10 milyard ABŞ dolları vəsait xərcləməyi planlaşdırır. Vaxtı ilə evlərini tərk etməyə məcbur qalan insanlar mümkün qədər tezliklə geri dönmək, yeni həyata başlamaq istəyirlər.

Müharibə qələbəmizlə başa çatandan sonra heç bir müdafiə xəttindən söhbət gedə bilməz. Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi mövcud status-kvo aradan qaldırılıb. “Dağlıq Qarabağ Respublikası” deyilən qurum artıq mövcud deyil. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Yaxın beş ildə bölgədə Rusiya sülhməramlıları olacaq. Burada Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilərə bütün qapılar açıqdır. Lakin heç bir halda Azərbaycan torpaqlarının separatçılar tərəfindən işğal olunmasına, burada ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Təbii ki, özünə hörmət edən heç bir dövlət buna razı olmaz.

- İndiki müharibə həm Azərbaycan, həm də Ermənistan əhalisinin Dağlıq Qarabağı dəlicəsinə sevdiyini göstərir. Bəs bu torpaqlar sizin üçün nə deməkdir? Əgər Dağlıq Qarabağa gedə bilsəniz, ilk növbədə haranı ziyarət edərdiniz?

- Əslində mən özüm də Qarabağdanam. Böyük Qarabağ iki hissədən ibarətdir: Aran (düzənlik) Qarabağ və Dağlıq Qarabağ. Bu ərazilərdə ölkəmizin tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri – Qarabağ xanlığı yerləşib. Həmin xanlığın qurucusu Pənahəli xan tərəfindən 1752-ci ildə Cənubi Qafqazın mühüm mədəniyyət mərkəzlərindən biri sayılan Şuşa şəhərinin əsası qoyulub. Qarabağ xanlığı 1806-cı ildə Rusiya imperiyası ilə müqavilə bağlayıb və onun himayəsinə daxil olub. 1812-1813 və 1826-1828-ci il Rusiya-İran müharibələrindən sonra ermənilər kütləvi şəkildə Dağlıq Qarabağa köçürülüb. Sonradan isə onlar çar Rusiyasınin sayəsində məskən saldıqları bu torpaqlara iddia etməyə başlayıblar.

Qarabağ mənim üçün ilk növbədə Vətənimin ayrılmaz tərkib hissəsidir. Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycanın böyük insanlarının, incəsənət və elm korifeylərimizin vətənidir. Milli kimliyimizin, milli ruhumuzun formalaşdığı müqəddəs məkanlardan biridir.

İlk imkan yaranan kimi ordumuzun böyük qəhrəmanlıq göstərərək işğaldan azad etdiyi tarixi Şuşa şəhərinə gedəcəyəm. Bu son otuz il ərzində ürəyimdə yaşatdığım ən böyük arzu, həyatda daim can atdığım ən böyük məqsəd olub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.