Elməddin Muradlı: “Hibrid avtomobillərə mütləq güzəşt edilməlidir”
7-01-2021, 09:00

“Vətəndaşları stimullaşdırmaq lazımdır ki, bu cür nəqliyyat vasitələrinə keçid etsinlər”
Avtomobillərdən çıxan yanacaq tullantıları ətraf mühit, həm də birbaşa insan orqanizmi üçün təhlükəli sayılır. Elə bu səbəbdən artıq neçə illərdi ki, dünyada dizel mühərrikli avtomobillərin elektromobil və hibrid avtomobillərlə əvəzlənməsi prosesi gedir. Son illərdə Azərbaycanda da hibrid avtomobilləri almaq istəyənlər çoxalıb. Bir neçə gün öncə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat (11,1 faiz bahalaşma), dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik (33,3 faiz bahalaşma) müəyyən edildi. Bu bahalaşmadan sonra isə elektromobil və hibrid avtomobillərə maraq daha da artdı. Ötən illərdə hibrid avtomobillərin ölkəmizdə satışında problemlər var idi. Burda gömrük rüsumunun çox olduğu bildirilirdi. Bəs görəsən hazırda vəziyyət necədir? Ümumiyyətlə, hibrid avtomobillərin nə kimi üstünlüyü vardır? Yazıda bu və ya digər suallara aydınlıq gətirməyə çalışacağıq.
Hibrid avtomobillərdə əsas mühərrikin yanında bir köməkçi mühərrik olur ki, bu, elektrik mühərrikidir. Bu mühərrikin heç bir yerdən cərəyan yığmasına, şarj olunmasına ehtiyac yoxdur. Mühərrik enerjini hərəkətdən yığır. Saatda 60 kilometrdən yüksək sürətlə hərəkət etdikdə isə artıq ənənəvi benzin mühərriki işə düşür. Hibrid avtomobillərdə enerji tükənmir. Çünki əsas mühərrik çalışanda belə avtomobil enerji yığır.
Azərbaycana ilk gətirilən hibrid avtomobil isə “Leksus” modeli olub. Azərbaycanda hibrid avtomobillərin ən çox yayılanı 1500 kub santimetr mühərrikli modellərdir. Bunlardan biri də “Toyota Prius”dur. Ölkəmizdə birinci ələ nisbətən ikinci əl olan hibrid modellər üstünlük təşkil edir. Yaponiya istehsalı olan bu avtomobillər ABŞ-dan Gürcüstan bazarına, oradan da Azərbaycana gətirilir.
Bizimlə söhbətdə nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hibrid avtomobillərlə bağlı hələ də böyük problemlər yaşanmaqdadır: “İki il olar ki, bu barədə müxtəlif təkliflər irəli sürmüşük. Bir çox ölkələrin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, Azərbaycanda hibrid avtomobillərə güzəştlər tətbiq edilməlidir. Biz bunu elə-belə demirik. Bu barədə Prezident İlham Əliyevin 2018-ci il dekabrın 27-də imzaladığı ”Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı"nda qeyd edilir. Həmin proqramda açıq şəkildə yazılıb ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini vətəndaşlar arasında təbliğ etmək lazımdır. Vətəndaşları stimullaşdırmaq lazımdır ki, bu cür nəqliyyat vasitələrinə keçid etsinlər. 2020-ci ildə elektromobillər üçün güzəşt tətbiq edildi, cəmi 15 faiz. Vətəndaşlar az yanacaq işlətdiyi üçün hibrid avtomobillərə keçid edirlər. Bundan istifadə edən alverçilər də ölkəyə hibrid avtomobilləri daha kütləvi şəkildə gətirirlər, özü də ən ucuzunu gətirirlər ki, daha çox pul qazansınlar. Ən çox işlənmiş, sıradan çıxmış maşınların üzərində kosmetik dəyişiklik edərək Azərbaycanın kasıb taksi sürücülərinə satırlar. Xüsusilə də “Toyota Prius” avtomobillərini sürücülər alırlar, bu avtomobillərin əksəri Yaponiyada şüalanmaya məruz qalıb. Biz insanları stimullaşdırmaq əvəzinə, bu münasibətlə insanları hibrid maşınlardan çəkindiririk. İndi aldıqları hibrid avtomobilin 3-4 ildən sonra nə vəziyyətə düşəcəyini görəcəklər. Çünki işlənmiş maşın olduğuna görə ehtiyat hissələri tapılmır. Azərbaycana rəsmi olaraq o avtomobillər gətirilməyib, rəsmi diler onlara xidmət göstərmirsə, onu necə təmir etmək olar. 2-3 ildən sonra insanlar “aldıq keyfiyyətsiz çıxdı” deyə, hibrid avtomobillər haqqında mənfi fikirdə olacaqlar. Amma düşünmürlər ki, bunu məqsədli şəkildə edirlər ki, bu avtomobilləri heç kim almasın. İndi rəsmi diler baha qiymətə gətirir, 30 min manata Gürcüstanda alınan “Toyota” hibrid avtomobili Azərbaycana gətiriləndə 45 minə yüksəlir. Təzə maşın alaraq ailəmizi, ətraf mühiti qoruya bilərik".
Avtomobil qəzalarında ölüm sayını azaltmaq olar...
Nəqliyyat eksperti onu da əlavə edib ki, yeni hibrid avtomobillər almaqla qəzaların və ölüm hallarının sayını azaltmaq olar: “Dövlət Proqramında nəzərdə tutulan məsələləri icra etmək üçün bəzi dövlət qurumlarında iradə yoxdur. O proqramla bağlı maraq göstərən qurum yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Yol Polisidir. Köhnə avtomobillərdə ölüm halları daha çox olur. DYP istəyir ki, yeni avtomobillər olsun, bu avtomobillərdə təhlükəsizlik sistemi güclü olduğu üçün ölüm riski də aşağı düşür.
Yəni hibrid avtomobillərə mütləq güzəşt edilməlidir. Almaniya kimi nəhəng avtomobil istehsalçısı olan bir ölkə rəsmi şəkildə dizeldən imtina edib, hətta ölkədə tətbiqinə qadağa qoyulub. Onlar ancaq dizel mühərrikli avtomobili istehsal edib digər ölkələrə satırlar. Onun əvəzində elektrik və ya hibrid mühərrikli avtomobilləri öz vətəndaşlarına satırlar. Bizim nə öz istehsal etdiyimiz avtomobil var, nə də gömrük rüsumunu azaldırıq. Bəs ekologiyanı, insanları necə qoruyacağıq?!"