“Qızım onunla sevgili olmayıb, yalandan danışırlar”
3-05-2015, 12:03
17 yaşlı Aytac Babayevanın ölümü hər kəsi sarsıtdı. Onun amansız qətli günlərdir mətbuatın, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Böyükdən-kiçiyə hər kəs bu olaya etirazını bildirir, ailəsinin dərdinə şərik olmağa çalışır.
Amma nə fayda...
Aytac ömrünün 17-ci yazında nakam sevginin qurbanı oldu. O, özü ilə xəyalında qurduğu tələbəlik arzusunu, qarşıda onu gözləyən xoşbəxt günləri dəfn edərək, əbədi getdi. Geridə gözü yaşlı yaxınları və xəyalları puç olan ailəsi qaldı.
Aytacı "Vağzalı" sədaları ilə gəlin köçürməyi arzulayan valideynlərinə qızlarını ağ kəfəndə son mənzilə yola salmaq nəsib oldu.
17 ildir yaşadığı mənzilin həyətində onun yas mağarı qurulmuşdu. Valideynləri hələ də Aytacın ölümünə inana bilmirdilər, sanki o, geri qayıdacaq deyə, hamının gözü yol çəkirdi.
Nə qədər çətin olsa da, Aytacın atası Nazim Babayevə yaxınlaşıb, yaşadığı faciə ilə bağlı həmsöhbət olduq.
Gözüyaşlı ata qızının günahsız olduğunu deyərək, qatilə ən ağır cəzanın verilməsini tələb edir. O, qızının günahsız yerə öldürülməsini qəbul edə bilmədiyini dedi.
Söhbət zamanı Aytacın atası qızının ölümünü şouya çevirən mətbuat nümayəndələrinə də etiraz edib:
- Mətbuatda qızımla bağlı yalan məlumatlar yazılır. Qızımı qətlə yetirənə ən ağır cəza verilməlidir. Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin. Yetər ki, qızımın qanı yerdə qalmasın. Onu ömürlük həbs etsinlər. Bu, ağır dərddir. İnternetdə bilmədikləri şeyləri yazırlar. Məni bu dəqiqə heç nə maraqlandırmır. Çox ağır bir vəziyyətə düşmüşəm. Yalan məlumatları verməyi yığışdırsınlar. Şok vəziyyətindəyik. Çox əzab çəkirik. Balam getdi.Mənim balamla bağlı boş məlumatlar yayılmasın”.
“Qızım onunla sevgili olmayıb, yalandan danışırlar”
N.Babayev qızının onu öldürən oğlanla sevgili olması haqda xəbərlərin yalan olduğunu deyib: “Nə sevgili? Mənim qızım orta məktəbi bitirməyib. Hər küçədən keçən adam mənim balamla bağlı yalan yaymasın. Oğlan qızıma təzyiq göstərib. Bu, ən böyük cinayətdir. Mənim daha sözüm yoxdur. İmkan versinlər, dərdimizi çəkək”.
“Bacı, tək qoyma bizi, yalvarıram qayıt...”
Mərhumun bacısı Ayşən Babayeva isə hələ də şokdan ayılmadığını bildirib:
- Xahiş edirəm, yalvarıram, bircə mənim bacımın xəbərlərinin altına pis-pis fikirlər yazmasınlar. Bacım, tək qoyma məni, yalvarıram. Boş-boş fikirlər yazmasınlar. Allah onları yazanların bəlasını versin. Mən yanmışam. Heç nə demirəm, bacımı qaytarısınlar.
Mərhumun qohumları da Aytacın ölümü ilə bağlı ürək ağrısı ilə danışıblar.
“İnternetdə yayırlar ki, guya bunlar sevgili olublar. 11-ci sinifdə nə sevgili? Aytac universitetə hazırlaşırdı, Tibb Universitetinə qəbul olmaq istəyirdi. Əgər o bir oğlanla danışsaydı, anası onu küçə boyu saçından tutub, sürüyərdi. Aytacgil iki bacıdırlar. Onların qardaşları da yoxdur. Valideynləri qızlarını gözlərinin üstündə saxlayırdılalar. Atasıgil boğazlarından kəsib, onları saxlayıblar. İndi haranınsa qaniçəni gəlib gül kimi qızımızın həyatını məhv edib. Qıza zorla deyib ki, “mənə ərə gəl”. Ay bala, getmir də. Bu uşaq təhsil almaq istəyir”.
Aytacın bibisi qardaşı qızının başına müsibətlər gətirildiyini deyib:
“Heç kim, heç nə bilmir. Mən Aytacımın meyidini yumuşam. Onun başına müsibətlər gətirilib. Qızımı yuyanda qulağının dibindən, ağzından laxta-laxta qalanlar tökülürdü. Bu, dəhşətdir. Nə günahın sahibiydi Aytac? Ay Allah! Aytacı beş yerindən bıçaqlamayıblar. Onun bədənində 9 bıçaq yarası var idi. Alnından, kürəyindən, qolunun altından, qarnından, qulağının diblərindən bıçaqlanmışdı. Üzü bıçaqla kəsilmişdi. Saçlarını çəngə-çəngə yolmuşdu, kəsmişdi. Əclaf Aytaçın saçından tutub, üzünü betona vurub. Onun üzünü yuyanda tanımaq olmurdu. Bu, müsibətdir. Aytaca işğəncə verilmişdi. Qızımızın həyatını məhv etdilər. Aytac o qədər gözəl idi ki, heç kəsin ona qıymağa ürəyi gəlməzdi. O, çox ağıllı və tərbiyəli qız idi. Balamız heç vaxt geri qayıtmayacaq. O oğlana ən ağır cəzanı da versələr, yenə də Aytacımız geri qayıtmayacaq”.
“Onu erməni də belə etməzdi…”
Aytacın babası Mürvət Babayev isə nəvəsini qətlə yetirən şəxsin ermənidən də vəhşi və qaniçən olduğunu söyləyib:
- Mən 80 yaşlı bir baba kimi nəvəmin başına gətirilən faciəyə görə həmin oğlana ən ağır cəzanın verilməsini tələb edirəm. Nəvəm vəhşicəsinə qətlə yetirilib. Nəvəmin kürəyinə səkkiz bıçaq vurulub. Üzünə bıçaq çəkilib. Qolları, biləkləri doğranıb. Erməni o oğlandan yaxşıdır. İndiyə qədər belə vəhşilik görməmişəm”.
A.Babayevanın dayısı isə qanın yerdə qalmayacağını deyib: “Biz haqq tələb edirik. Bacımın qızının qanı yerdə qalmasın. 17 yaşında uşağı o vəziyyətə salmazlar. Haqqımızı istəyirik. Aytacın qatilinə ən ağır cəza verilsin”.
“Özgəcana görə Türkiyə ayağa qalxdı, Aytacın ölümünə niyə susurlar?”
Mərhumun qohumları bu hadisəni Türkiyədəki məşhur Özgəcanın qətli ilə müqayisə edib: “Aytacı nahaqdan qətlə yetiriblər. O, şagird olub. Sabah kiminsə övladının başına bu iş gələrsə, nə edərlər? Gələcəkdə hamının başına gələ bilər. Biz Aytacın qatilinə ən ağır cəzanın verilməsini tələb edirik. Ona ömürlük cəza kəssinlər, ya da güllələsinlər. Əslində qatili meydana çıxarıb barmaqlarını, başını, ətini kəsmək lazımdır. Onu dar ağacından asssınlar. Onu deşik-deşik eləsinlər. `Mən səni sevmirəm` deyən adamın başına belə oyun açarlar? Aytac o qatili güclə sevməli idi? Qatil dəli deyil. Ona ən ağır cəza verilməlidir. Türkiyədə bir qızın ölümünə görə bütün xalq ayağa qalxdı. Bizm qızımızın başına oyun açıblar. Hər kəs susub, yerində oturub. Hamı qorxur. Budurmu ədalət? Biz dövlətimizə, onun rəhbərliyinə inanırıq. Onlardan Aytacın qatilinə ağır cəza verilməsini xahiş edirik” (Azvision.az).