"Bu, mənə qarşı təxribatdır, deyəsən pensiyadan azad etmək üçün bu yola əl atıblar”

2-08-2021, 16:15           
"Bu, mənə qarşı təxribatdır, deyəsən pensiyadan azad etmək üçün bu yola əl atıblar”
“Prezident İlham Əliyev mənə 2019-cu ilin iyul ayında ev bağışlayıb. İki ildən sonra bu xəbərin hansı məqsədlə yayılmasından xəbərsizəm. Kim yazıb, niyə yazıb, anlaya bilmirəm”.

Bu sözləri ötən gün Prezident İlham Əliyevin ev bağışladığı deyilən Xalq artisti Ənvər Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti ötən gün onun adından yayılan acıqlamaya da mövqe bildirib: “Əlbəttə ki, o açıqlamanı 2019-cu ildə yazıb, göndərmişəm. Lakin axı indi belə bir xəbər yoxdur. Bu mənə qarşı təxribatdır. Bəlkə də bunu ona görə ediblər ki, Prezident təqaüdündən məni azad etsinlər. Çox pərt olmuşam. Dünəndən bəri sosial şəbəkələrdə haqqımda elə şeylər yazırlar ki... Bəzisi deyir ki, müharibədən təzə çıxmışıq, xəstəliyin tüğyan etdiyi və şəhid ailələrin olduğu bir vaxtda Xalq artistinə niyə ev verilməlidir? Ayıb deyil?! Əlbəttə ki, mən hər dəfə Prezidentimizə təşəkkür edirəm ki, məni evlə təmin edib. Lakin qeyd etdiyim kimi, bu məsələ iki il öncə olub”.

Ənvər Həsənov bugünki Milli Kino ilə bağlı da danışıb: “Hər il olduğu kimi, bu il də 20-25 nəfər bir yerə toplaşıb, kinodan danışacağıq, xatirələri yada salacağıq. Allah itirdiyimiz gözəl sənətkarlara rəhmət eləsin. Yaxşı ki, zamanında gözəl filmlərimiz çəkildi və onlar bu gün də var. Keçmiş filmlərimizə baxıb, yüz dəfə sənətkarlarımız rəhmət diləyirik. Bəzi nankor, kinonun əzab-əziyyətindən xəbərsiz insanları çıxmaqla, deyə bilərəm ki, kino həmin sənətkarların, bizlərin çiyinləri üzərinə düşüb. Biz kinomuzun, millətimizin yolunda hər zaman fədakar olmuşuq.

Mən 55 ildir ki, kinostudiyadayam, 70-dən çox filmə çəkilmişəm. Kino millətimizin güzgüsüdür. Biz istəyimizi, adət-ənənəmizi, bacarığımızı, qonaqpərvərliyimizi, insanlığımızın hamısını ekran vasitəsi ilə başqa ölkələrə çatdırırıq, təbliğ edirik. Zarafat deyil, çəkildiyim “Yeddi oğul istərəm” filminə 128 ölkə baxıb. Bunun özü bir fəxrdir. Doğrudur, xeyli sayda peşəkar, fədakar sənətkarlarımız artıq dünyasını dəyişib. Lakin indi onların yerlərini yeni gələn nəsil, operatorlar, rejissorlar tutmalı, öz sənətlərində püxtələşməlidirlər ki, həmin dövrlərdə çəkdiyimiz filmlərə geri dönə bilək. Bu mənim ən böyük arzumdur və mən bu arzu ilə yaşayıram.

Doğrudur, mən artıq yaşa dolmuşam. Üstəlik, indi kinomuzun ağır günləridir, bir tərəfdən müharibə, digər tərəfdən koronavirus pandemiyası, Qarabağı yenidən dirçəltmək planlarımız bir qədər kinomuzla bağlı məsələni ləngidir. Amma inanıram ki, yenidən milli kinomuz ayağa qalxacaq”.

“Milli kinomuzun yenidən dirçəlməsi üçün əsasən maliyyə məsələsi çatışmır, yoxsa kinoçularımızda əvvəlki həvəs və peşəkarlıq yoxdur?” sualımıza isə Xalq artisti bu cür cavab verdi:

“O dövrdə hər şey real idi. İndi hər şey kompüterləşib, biz sənətkarlarımızın da bəziləri bundan o qədər də anlayışı yoxdur. Şəxsən mən adi, sadə telefon işlədirəm. İndiki kinoçular da daha çox kompyüterlə işləyir, çəkirlər, hansı ki, bu mənim üçün çətindir. Mən köhnə üsluba öyrəşmişəm. Təkcə mən deyil, digər 10-15 sənətkarımız var ki, onlar da reallığa öyrəşib”.

Ənvər Həsənov yeni çəkilən filmlərdə görünəməməsinin də səbəbini açıqlayıb:
“Bir az xasiyyətim başqadır... İndi çəkilən serial və filmlərə uyğunlaşa bilmirəm. O cür gözəl simalarla çəkilmişəm. İndikilər bir qədər saqqal saxlayır, mən də nəsə belə şeyləri götürə bilmirəm. Ona görə də nə gedirəm, nə də çəkilirəm. Oturmuşam Prezidentin verdiyi evdə, televizora baxıram, krossvord həll edirəm, xəbərlərə baxıram və sairə... “

Xatırladaq ki, Ənvər Həsənov məşhur “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad rollarına çəkilib və obrazlarla xalqın sevimlisinə çevrilib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti adına layiq görülüb. Onu da əlavə edək ki, Xalq artisti bir neçə gün sonra, avqustun 17-də 71 yaşını qeyd edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.