“Ukrayna üçün əsas problem Rusiya ilə müharibədir” – Moskva Kiyevi MƏHV ETMƏK istəyir…

8-08-2021, 12:48           
“Ukrayna üçün əsas problem Rusiya ilə müharibədir” –
Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) sədri Aleksey Danilov Rusiya ilə müharibəni Ukraynanın qarşısında duran problemlərin siyahısında birinci yerə qoyub. Moderator.az xəbər verir ki, o, yerli “Novoye Vremya” jurnalına verdiyi müsahibədə Moskvanın Kiyevi məhv etmək istədiyini bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov əvvəllər də sərt siyasi açıqlamaları ilə seçilirdi. O, “Novoye Vremya” jurnalına verdiyi müsahibədə xüsusən də Rusiya ilə Ukrayna arasında gedən müharibədən danışıb.

Ukrayna məhkəmələrinin iqtisadi cinayətlərlə bağlı mübahisəli işlərini şərh edən Danilov ölkənin qarşısında duran vəzifələri götür-qoy edib. “Məhkəmə sisteminin islahatı dövlətimizin ən böyük problemlərindən biridir, Rusiya Federasiyası ilə müharibədən sonra ikinci yerdədir”, – deyə o bildirib.

MTMŞ rəhbəri bildirib ki, Kiyev Ukraynanın enerji təhlükəsizliyini və ölkənin 2023-cü ildə Avropa enerji sisteminə qoşulmasını təmin etmək üçün çox iş görməlidir: “Bunun üçün bir çox prosesdən keçməliyik, ən başlıcası Rusiya Federasiyası ilə ortaq enerji sistemindən ayrılmağı sınamalıyıq və Rusiya Federasiyası bu işdə bizə kömək etmir, əksinə, ölkəmizi məhv etmək üçün hər şeyi edir”.

Danilov Donbasda hərbi əməliyyatların mümkün ola biləcəyi risklərini də dəyərləndirib. Onun fikrincə, Moskvanın Ukraynanın şərqində baş verənlərlə bağlı açıqlamaları daha çox Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlıdır.

“Bu gün baş verən bir çox prosesin, o cümlədən Rusiya Federasiyasının yüksək səsli bəyanatlarının öz daxili siyasi səbəbləri var. Ancaq arxayınlaşmamalıyıq. Rusiya bizim üçün daimi və hər dəqiqə riskdir”, – deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri söyləyib. O, Ukraynadakı “anti-oliqarxiya” kampaniyasına da münasibət bildirib. Onun sözlərinə görə, bəzi strateji sənaye sahələri “təcavüzkar ölkə”dən olan insanlar tərəfindən idarə olunur.

Danilov bəzi Qərb ölkələrinin, xüsusən Almaniya və Fransanın Rusiyanı qəzəbləndirməməyin daha yaxşı olduğu qənaətinə gəldiyini deyib. MTMŞ rəhbəri 2008-ci ili və Gürcüstan-Osetiya münaqişəsini misal çəkib. “Məhz bu ölkələr başa saldı ki, Rusiyanı qəzəbləndirmək olmaz” deyən Danilov qeyd edib ki, məhz Paris və Berlinin bu mövqeyi Gürcüstan və Ukrayna üçün fəlakətli nəticələrə gətirib çıxarıb.

Xatırladaq ki, 2013-2014-cü illərdə Ukraynada baş verən hadisələrdən sonra Kiyev Rusiyanı təcavüzkar ölkə adlandırıb, Donbasdakı hərbi əməliyyatlarda rus ordu birləşmələrinin iştirakında ittiham edib, həmçinin Krımın işğala məruz qaldığını açıqlayıb. Moskva isə bütün ittihamları rədd edir: Putin hər fürsətdə rus əsgərlərinin Ukrayna ərazisində vuruşmadığını və Krımın Rusiyaya qanuni xalq referendumu ilə qoşulduğunu bəyan edir.

Aprel ayında Kiyev Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşdığını etiraf etmişdi. Söhbət Ukraynanın NATO-nun “Defender Europe 2021” təlimlərində iştirakından gedirdi. “”Defender Europe 2021″ “Avropanı müdafiə et” kimi tərcümə olunur. Bunun mənası budur ki, Baltik dənizindən Qara dənizə qədər olan sularda Rusiya ilə müharibə, Rusiya ilə silahlı qarşıdurma mövzusu hazırlanır – gəlin bunu qəbul edək”, – deyə Donbas üzrə Üçtərəfli əlaqə qrupunun Ukrayna tərəfindən nümayəndəsi Aleksey Arestoviç bildirmişdi. O, birləşmiş qüvvələr qrupunun Balkanlarda, Krımda və yarımadanın şimalındakı bölgələrdə hərbi əməliyyatların ssenarilərini işləyib hazırlayacağını ifadə etmışdi.

Avqustun 5-də “Rusiya 1” telekanalında “60 dəqiqə” verilişinin efirində Dövlət Dumasının deputatı Oleq Morozov Ukrayna hakimiyyətinin hələ də Rusiya ilə mümkün birbaşa hərbi qarşıdurma kimi “təhlükəli illüziyada” olduğunu bildirmişdi.

“Zelenski bu illüziya ilə yaşayır ki, hələ də Rusiya ilə hansısa formada vuruşmaq mümkündür. Qərbin Ukraynanı tək qoymayacağını və kömək edəcəyini düşünürlər… İstənilən hərbi mütəxəssis başa düşür ki, bu gün Ukrayna Silahlı Qüvvələrini nə qədər təchiz etsəniz də, heç vaxt Rusiya potensialına yaxınlaşmayacaqlar… Buna görə də Ukrayna ilə Rusiya arasında mümkün hərbi qarşıdurma problemi yoxdur”, – deyə millət vəkili izah etmişdi.

Tərcümə və təqdim etdi: Miraslan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.