“...Biz niyə Jirinovskini qınamaq əvəzinə, Vahabzadəni qınayırıq” - ETİRAZ
12-08-2021, 15:52

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski Azərbaycanın sabiq səfiri İsfəndiyar Vahabzadəni məhkəməyə verəcəyi ilə hədələyib. O, bu barədə teleaparıcı Solovyovun “Youtube”da canlı efiri zamanı bildirib. İ.Vahabzadə Jirinovskini “donuz” adlandırıb.LDPR-in rəhbəri bunu elə-belə qoymayacağını bildirib. “Biz Azərbaycana məktub göndərib cinayət işinin açılmasını istəyəcəyik. Bu təhqir çox ağırdır”. İ.Vahabzadə V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı etdiyi təhdidlərə cavab verərək bu açıqlamaları sərt tənqid edib.
Tərəflər arasındakı mübahisə ölkədə birmənalı qarşılanmayıb.
“Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bu barədə mövqeyini “Sherg.az”a açıqladı:
“Jirinovskini hər cür təhqir etmək olar. Onu hətta söyüş işlətmədən təhqir etmək lazımdır. İkinci bir tərəfdən isə işimiz Jirinovski olmalı deyil. Həmin siyasətçinin kim olduğunu hər birimiz bilirik. Odur ki, dediklərinə əhəmiyyət verməmək lazımdır. İsfəndiyar Vahabzadə, çox güman, emosionallıq edib. Onun atası, rəhmətlik Bəxtiyar Vahabzadə də emosional adam idi. Lakin başa düşə bilmirəm ki, biz niyə Jirinovskini qınamaq əvəzinə, Vahabzadəni qınayırıq. Ümumiyyətlə, dediyim kimi, rus siyasətçini ciddiyə almamaq lazımdır. İndi daha ciddi proseslər gedir”.