Eyyub Hüseynov: “Heç kim deyə bilməz ki, hansısa brend suyun saxta variantı yoxdur”

17-08-2021, 07:25           
Eyyub Hüseynov: “Heç kim deyə bilməz ki, hansısa brend suyun saxta variantı yoxdur”
Qafqazın mineral mənbələri problemlə üzləşib Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətinin ("Rosprirodnadzor") rəhbəri Svetlana Radionova bildirib ki, Rusiya Qafqazdakı mineral su mənbələrini itirmək təhlükəsi ilə üzləşib.

Radionova mənbələrin daha çox qorunmaya ehtiyacı olduğunu söyləyib. Mütəxəssislər isə vahiməyə düşmək üçün heç bir səbəb olmadığını düşünürlər. Bu barədə "İzvestiya"qəzeti yazıb. Məlumata görə, adıçəkilən qurumun mütəxəssisləri 16 mineral su mənbəsində, o cümlədən Yessentuki, Kislovodsk və Pyatiqorskda yüzlərlə qanun pozuntusu aşkarlayıblar.

Radionova vurğulayıb ki, bu təbii mineral sular artıq içmək üçün uyğun deyil: "Bu sulardan indi yalnız vanna qəbul etmək və yuyunmaq mümkündür".

Bildirək ki, mütəxəssislərin həyəcan təbilini çalması ətrafda, həmin ərazilərdə tikinti işlərinin aparılmasına görədir. Onların fikrincə, antropogen gərginliyin artması mineral suların çirklənməsinə gətirib çıxarıb. Rusiyalı geologiya və mineralogiya elmləri namizədi Aleksey Maslov mineral suların məhv olacağını proqnozlaşdırmağın tamamilə doğru olmadığını söyləyib.

Onun sözlərinə görə, mineral suların yalnız üst təbəqəsi çirklənib: "Bunun bərpası mümkündür. Ancaq bölgədə baş verənlərə nəzarət etmək lazımdır".

Ölkəmizdə də kifayət qədər mineral su mənbələri var. Həmin su mənbələrinin mövcud vəziyyəti necədir və bu istiqamətdə monitorinqlər keçirilirmi?

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya bildirdi ki, su təbiətin möcüzəsidir:
“Yeganə maddədir ki, yer üzərində miqdarı dəyişmir, üç vəziyyətdə-kristal, qaz və maye halında olur, nə qoxusu, nə dadı, nə də rəngi var. Bütün maddələr istidən genişlənir, soyuqdan sıxılır. Su isə həm istidə, həm soyuqda genişlənir. Azərbaycanda su resursları, bütün dünyada olduğu kimi çox ciddi bir məsələdir. Dünyada baş verən proseslər Azərbaycana da təsir edir. Mən Azərbaycanın bulaqlarını daim izləyirəm. İldən-ilə bulaqlarda suyun azalması müşahidə olunur. Təəssüf ki, bulaqlarda suyun ildən-ilə azalması müşahidə edilir. Əhali su resurslarından düzgün istifadə edə bilmirlər. Ölkədə suyun ecazkarlığından istifadə edib insanları aldadırlar.

Alıcı hüquqlarını pozurlar. Ölkədə bir litri 11 manata olan, eləcə də bir litri 40 qəpiyə olan guya təmizlənmiş su var. H2O-dur, necə olur ki, bu qədər qiymət fərqi olur? Qablaşdırılmış sular sahəsində də böyük problem var. Heç kim deyə bilməz ki, hansısa brend suyun saxta variantı yoxdur. Onları bir-birindən ayırmaq çox çətindir. Əlbəttə, su mənbələrini qorumaq, mineral su mənbələrinə nəzarət etmək orada yaşayan insanların, bələdiyyələrin borcudur.

Daim orada gərək yaşıllıqlar qorunsun, su mənbələri düzgün istismar olunsun. Onu necə, hara gəldi dağıtmasınlar. Azərbaycanda gələcəkdə bu barədə qıtlıq baş verəcək. Muğan zonasında, Bakıdan 120 km kənarda olan məsələn, Sabirabadın Nəsimi kəndində insanlar artıq içməli su kimi istifadə etdikləri mənbələrdən əllərini üzüblər. Kanal suyundan istifadə edirlər. Artıq onlar da quruyub. Elə bir iş aparılmalıdır ki, su mənbələri qorunub saxlanılsın. Bu gün ölkədə su mənbələri o qədər də ürəkaçan deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru