“Elçibəyin Kələkidən qayıdışı ilə toparlanıb birləşən və güclənən müxalifət onun dünyadan gedişi ilə dağılmağa başladı”
24-08-2021, 09:28

Milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından 21 il keçdi. 2000-ci ilin 22 avqustunda Türkiyədə müalicə aldığı klinikada dünyasını dəyişən Əbülfəz Elçibəyin yoxluğu ilk vaxtlardan Azərbaycan siyasi səhnəsində, xüsusilə də müxalifət düşərgəsində özünü göstərməyə başladı.
Elçibəydən sonrakı dövrdə onun yeri dolmadı. Müxalifət Elçibəydən sonra daha çox parçalandı. Əsasən də AXCP ilə Müsavat arasında ziddiyyət artdı. Hətta bəzi periodlarda Xalq Cəbhəsi ilə Müsavat liderləri arasında siyasi düşmənçilik oldu. Elektorat hələ də bu iki partiyanın birləşməsini təklif və tələb edir. Lakin bunu reallaşdıracaq Elçibəy yoxdur.
Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Əbülfəz Elçibəyin dünyasını dəyişməsindən keçən 21 il zaman ərzində onun yeri getdikcə daha çox göründü. Müxalifət düşərgəsində problemlər və ziddiyyətlər daha qabarıq şəkildə üzə çıxdı. Əbülfəz Elçibəy yaşasaydı təbii ki, Azərbaycan müxalifətinin durumu tamamilə fərqli ola bilərdi: “Siz yəqin yaxşı xatırlayırsınız ki, rəhmətlik Əbülfəz Elçibəy 1997-ci ilin 30 oktyabrında Kələkidən qayıdandan sonra müxalifət düşərgəsinə sanki ikinci bir nəfəs gəldi, müxalifət sürətlə toparlanmağa başladı. Əbülfəz Elçibəy Kələkidən dönüşü ilə müxalifət ayağa qalxdı. Demokratik Konqresin fəaliyyəti daha intensiv və ciddi xarakter almağa başladı. 1998-ci ilin yayında ölkədə prezident seçkiləri ərəfəsində müxalifətin ilk böyük izdihamlı mitinqi ”Motodrom"da keçirildi. Elçibəy mitinqdə iştirak və çıxış etdi. Bununla müxalifətin fəaliyyətində yeni mübarizə mərhələsi başlandı. Seçkilərə qədər müxalifətin bir neçə ciddi izdihamlı mitinqləri keçirildi. Bu yürüş-mitinqlərdən biri Əzizbəyov heykəlinin yanından “Qələbə” kinoteatrının qarşısındakı meydana qədər olan yüz minlərlə insanın iştirak elədiyi aksiya idi. Bundan sonra isə Əbülfəz Elçibəyin birbaşa təşəbbüsü ilə Seçki İslahatları və Demokratiya Uğrunda Hərəkat yarandı və müxalifət partiyalarının demək olar böyük əksəriyyəti orada birləşdi. Bu, 1993-cü ildən sonra Azərbaycan müxalifətinin ilk dəfə geniş birliyinin yaranması idi. O zaman müxalifətlə hakimiyyət arasında bir kəskin yarış mərhələsi başlandı. Toparlanmış müxalifətin gücünü hakimiyyət də etiraf edirdi və hakimiyyət Mərkəzi Seçki Komissiyasının formalaşdırılması ilə bağlı o zaman indikinə nisbətən daha konstruktiv və müsbət təkliflər verirdi. Elçibəyin dövründə hakimiyyət müxalifətlə, belə demək mümkünsə, hesablaşırdı. 1999-cu ilin oktyabrında o zaman da Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycana beynəlxalq güclər və böyük dövlətlər tərəfindən çox ciddi təzyiqlər var idi. Hətta ATƏT-in İstanbul sammiti ərəfəsində Dağlıq Qarabağla bağlı çox ciddi güzəştlərə gediləcəyi ilə bağlı ciddi məlumatlar dolaşırdı. Ona görə də Əbülfəz Elçibəyin birbaşa şəxsi təşəbbüsü ilə birləşmiş müxalifətin böyük bir mitinqi keçirildi. Bu mitinqin də təsiri özünü çox gözlətmədi. Azərbaycanın əleyhinə olacaq hər hansı sazişə sammitdə imza atılmadı".
Oqtay Qasımov qeyd etdi ki, Əbülfəz Elçibəyin dünyasını dəyişməsindən sonra ilk növbədə özünün rəhbəri olduğu partiyada ciddi problemlər yaşandı və AXCP bir neçə yerə parçalandı: “Hazırda Xalq Cəbhəsinin tərkibindən çıxan və o zaman da həmin qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin xeylisi hər biri ayrı-ayrılıqda özünə partiya yaratdı. Bu da ümumi nəticədə müxalifətin toparlanması yox, dağılması prosesi kimi izah olunmalıdır. Elçibəyin Kələkidən qayıdışı ilə toparlanıb birləşən və güclənən müxalifət, onun dünyadan gedişi ilə dağılmağa, parçalanmağa başladı”.
Həmsöhbətimiz onu da dedi ki, Elçibəy həmişə AXCP və Müsavatın müttəfiqliyinin, çox yüksək səviyyəli münasibətlərinin tərəfdarı idi: “O, çox istəyirdi ki, AXCP ilə Müsavat Partiyası ləyaqətli müttəfiq və ləyaqətli rəqiblər olsunlar. Hər zaman da sağlığında fəaliyyətinin əsas istiqamətlərindən biri kimi bunu nəzərdən keçirirdi və Müsavat Partiyasına çox önəm verirdi. Həm Müsavat rəhbərliyində o zaman təmsil olunan şəxslərlə Əbülfəz bəyin dost münasibətləri var idi. Həm də Müsavatın tarixi missiya daşıyan, Məhəmməd Əmin Rəsulzadə yolunu davam etdirən bir partiya kimi Əbülfəz Elçibəy hər zaman Müsavatın inkişaf etməsini, Azərbaycan siyasətində öncül mövqedə olmasını arzulayırdı. Hətta özünün ən son imzaladığı sənədlərdən biri olan 2000-ci ilin parlament seçkiləri ərəfəsində imzalanan sənəddə AXCP və Müsavat Seçki Blokunun yaradılmasına razılıq vermişdi. Əbülfəz Elçibəy heç zaman parlament seçkilərində iştirak etmədiyi halda bu dəfə seçkilərdə iştiraka razılıq vermişdi və qeyd etdiyim seçki blokunun namizədlər siyahısında öz adının birinci yerdə olmasına razılaşmışdı. Yəni bu, Əbülfəz bəyin Müsavat-AXCP müttəfiqliyinə verdiyi qiymət idi. Təbii ki, Elçibəydən sonra bu iki partiya arasında münasibətlər bu və ya digər səbəblərdən xeyli dərəcədə zərər gördü. Mən burada kimisə günahlandırmaq fikrindən uzağam. Amma şərait göstərdi ki, bu iki təşkilat, hər halda, Əbülfəz Elçibəyin düşündüyü və arzuladığı səviyyədə əlaqələri qurub inkişaf etdirə bilmədilər. Yəni bu baxımdan götürdükdə, təbii ki, Əbülfəz Elçibəy kimi bir liderin, şəxsiyyətin dünyasını dəyişməsi, həyatda olmaması həm cəmiyyət, həm müxalifətin fəaliyyətində mənfi rol oynadı. Onun sağlığında bu tamamilə fərqli vəziyyət idi”.