"Kreml "Krım Platforması"nda iştirak edənlərə qarşı aqressiv olacaq" - NATİQ CƏFƏRLİ
24-08-2021, 11:58

"Hələ ki, Moskva da bizlə gərgin münasibətlər istəmir, amma öz yaxın çevrəsinin dili ilə tez-tez təhdid edir, XİN-nin ağzı ilə bizə sərt cavab verir"
"Ukrayna xalqını təbrik edirəm, əminəm ki, bu ölkənin böyük potensialı var. Sadəcə hələlik sistemi dəyişmək alınmır, isimlər dəyişir, sistem yox - problem budur. Rəsmi Azərbaycanın "Krım Platforması"na getməməsi ciddi müzakirə olunur. Ölkəmizdən hansısa nümayəndə heyəti gedə bilərdi, amma hamımız bilirik ki, nədən rəsmi Bakı bu tədbirdə iştirakdan imtina edib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Politoloq hesab edir ki, Kreml bu tədbirdə iştirak edənlərə qarşı aqressiv ola bilər və olacaq: "Sual verə bilərsiz ki, bəs Moldova, Gürcüstan nədən gedib, onlar niyə çəkinmir?! Cavab aydındır - həm Moldova, həm Gürcüstan Rusiyanın işğal etdiyi Dnestryani bölgə, Abxaziya, Cənubi Osetiyadan əlini üzüb. Amma biz Rusiyanın faktiki işğal etdiyi Xankəndi və ərtaf bölgələrdən imtina etməmişik, hələ ki, Moldovaya, Gürcüstana görə işğal məsələsində ən əlverişli durumda bizik. Kreml ilə bütün körpüləri yandırmağın öz bədəli var. Hələ ki, Moskva da bizlə gərgin münasibətlər istəmir, amma öz yaxın çevrəsinin dili ilə tez-tez təhdid edir, XİN-nin ağzı ilə bizə sərt cavab verir. Yəni, hələ də şans var ki, Xankəndi və ərtafının məsələsini biz həll edə bilək, nə vaxt ki, bu imkan Moskvaya görə tam tükənəcək, o zaman Rusiya ilə gərgin münasibətlər olacaq və təəssüf ki, o gün mütləq olacaq, Moskva ilə gərginlik yaşanacaq, ona görə də indidən bu günə hazırlıqlar görülməli, de-facto və de-jure ittifaqlar gücləndirilməlidir".
Natiq Cəfərlinin sözlərinə görə, hələlik isə Ukraynaya yardım etmək, bu platformaya getməkdən daha effektiv addım ola bilər: "Elə bilin ki, ordayıq, çünki rəsmi Ankara həm də bizi təmsil edir. Siyasətdə, əsasən də xarici siyasətdə emosional olmaq olmaz, praqmatik düşünmək lazımdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az