"Azərbaycan "Zəngəzur" dəhlizini güc yolu ilə aça bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

26-08-2021, 12:45           
"Azərbaycan "Zəngəzur" dəhlizini güc yolu ilə aça bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Paşinyan sürüşkən siyasətçidir və istənilən vaxt mövqeyini dəyişə bilər"

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasının vacibliyindən danışıb. Bunun Ermənistan üçün vacib olduğunu, düşmənçiliyin davam etməsinin ölkəsinin ziyanına olduğunu xüsusi vurğulayıb. Paşinyanın bu mesajı Ermənistan cəmiyyətində türkfobiya ideologiyasına zərbədir". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq həmçinin, onu da bildirib ki, Nikol Paşinyan sürüşkən siyasətçidir və istənilən vaxt mövqeyini dəyişə bilər: "Onun Zəngəzur dəhlizinin verilməyəcəyini qeyd etməsi bir daha əlaqələrin bərpasına qarşı olduğunu göstərir. Paşinyan dəhlizi Ermənistanın suverenlik məsələsi adlandırır. Dövlət başçısı İlham Əliyev haqlı olaraq "Laçın" dəhlizinə paralel "Zəngəzur" dəhlizinin açılmasını gündəmdə saxlayır və tələb edir. Çünki "Zəngəzur" dəhlizinin açılması bu yolun təhlükəsiz olaraq Türkiyə ilə əlaqələrin daha da inkişafına töhfə verəcək. Amma Ermənistan buna getməyəcəyini qeyd edir. Azərbaycan üçün Ermənistanla kommunikasiyaların açılması və bu ölkə ilə iqtisadi əlaqələrin qurulması vacib deyil. Azərbaycan üçün əsas məsələ "Zəngəzur" dəhlizinin açılmasıdır. Əgər Ermənistan dəhliz verməyəcəksə, bu ölkə ilə adi qaydada yolların açılması Azərbaycanın maraqlarına cavab vermir. Onsuz da Azərbaycan Naxçıvana İran ərazisindən keçməklə əlaqəni bərpa edir. Növbəti mərhələdə Zəngilandan İran tərəfə körpü salıb, İran ərazisindən 40 km.məsafə ilə Naxçıvanla daha yaxın əlaqə bərpa edilə bilər".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ermənistan blokadadan çıxmaq istəyirsə, o zaman "Zəngəzur" dəhlizinin açılmasına getməlidir: "Həm də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıma məcburiyyətindədir. Əgər tanımasa Azərbaycan da qarşı tərəfin sərhədlərini tanımayacaq "Zəngəzur" dəhlizini güc yolu ilə aça bilər. SSRİ dönəmində olduğu kimi, adi yolların bərpası Ermənistanın maraqlarına xidmət edir. Ona görə də dəhliz əldə edilməycəksə, Ermənistanla əməkdaşlıq əleyhimizə olar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.