"Səlahiyyətim olsaydı, Rusiyanın Minsk Qrupundakı yeni həmsədrini qəbul etməzdim" - ETİRAZ
1-09-2021, 09:22

Rusiya ATƏT-in Minsk Qrupundakı həmsədri İqor Popovu İqor Xovayevlə əvəz edib. Rusiyadan olan yeni həmsədr dünən Azərbaycana gələrək Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Siyasi şərhçi Elçin Şıxlı Reyting.az-a deyib ki, Azərbaycan diplomatları yeni həmsədri qəbul edib, ona qulaq asıb və niyyətlərini öyrəniblər: “Amma səlahiyyətim olsaydı Rusiyanın Minsk Qrupundakı yeni həmsədrini qəbul etməzdim. Ancaq mənim nəinki səlahiyyətim yoxdur, hətta diplomatik qaydaları və etketi də dərindən bilmirəm”.
E. Şıxlı qeyd edib ki, Azərbaycan diplomatlarının yeni həmsədri qəbul etmələrini normal qarşılamaq lazımdır: “Ancaq təəssüflər olsun ki, biz Minsk Qrupunun xidmətlərindən imtina etməmişik. Bildiyim qədər iki tərəfdən biri - ya Azərbaycan, ya da Ermənistan onların xidmətindən rəsmi şəkildə imtina edə bilərik. Üstəlik, hər iki tərəfin də razılığı olmadan heç bir qrup yaradıla bilməz”.
E. Şıxlının qənaətincə, Fransa, ABŞ və Rusiya ermənilərin Azərbaycanda mövcudluğunda maraqlıdır: “Yəni erməni amilinə görə, Minsk Qrupunun mövcudluğunu saxlamaq istəyirlər. Rusiyanın bir, Fransanın başqa bir marağı var. Lakin nəticədə hamısı ermənilərin bizim torpaqlarımızda qalmasına tərəfdardır. Ona görə də son zamanlar Rusiyanın bəzi tanınmış adamları, ekspertləri, deputatları və mediası Azərbaycana hədə-qorxu gəlirlər ki, özünüzə çox güvənməyin, Ədoğana etibar etməyin, 2008-ci ilin avqustunda Gürcüstanın başına açdığımız oyunu sizin də başınıza açaraq”.
Analitik hesab edir ki, Azərbaycanın dövlət başçısı çox rahat şəkildə öz planını işləyir: “Yəni Qarabağın dirçəldilməsi, bərpası işləri aparılır. Bu günlərdə Şuşada Vaqifin məqbərəsi, büstü, Bülbülün ev muzeyi, Şuşadakı muzeylər, mehmanxana bərpa olundu. Hətta Yazıçılar Birliyinin qurultayının oktyabrda Şuşada keçirilməsi təklifi də var. Mən belə anlayıram ki, Azərbaycan prezidenti öz səviyyəsində hansısa söhbətləri edib, o biri tərəf də hansısa formada eyhamlar vurmaq, özünün mövcudluğunu göstərmək istəyir. Amma mən Prezidentə inanıram. O mənadakı çoxlarının ağlına gəlməzdi ki, biz müharibəyə başlayıb tezliklə Qarabağı azad edəcəyik. Amma Prezident bu işləri planlı şəkildə görür, buna hazırlaşırmış. İndinin özündə də tələsmədən öz tutduğu yolla gedir”.
E. Şıxlı düşünür ki, Rusiya bundan sonra həmsədrini hətta 25 dəfə də dəyişsə, yazıçıların qurultayını da, digər tədbirləri də Şuşada keçirəcəyik.
Siyasi analitik əlavə edib ki, Rusiyanın hərəkətləri adamda qıcıq yaradır: “Yəqin ki, yuxarıları da qıcıqlandırır, amma onlar öz işlərini görürlər”.