“Məni cəmi bir dəfə yada salmışdılar” - İlqar Əlfioğlu

3-09-2021, 10:49           
“Məni cəmi bir dəfə yada salmışdılar” - İlqar Əlfioğlu
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Kəlbəcərin bir qrup sakini doğma yurdunda olub. Qarabağa hər bu cür səfər müəyyən suallar yaradır. Məsələn, nəyə görə bu səfərlərdə qarabağlı tanınmış jurnalistlərin iştirakı təmin olunmur, niyə şəhid ailələri, Qarabağ müharibəsində vuruşan qəhrəmanlarımızın ailə üzvləri bu səfərlərdən kənarda qalırlar? Bu və digər suallara cavab tapmaq üçün tanınmış media nümayəndələrinə müraciət etdik.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru, əslən ağdamlı olan Ələsgər Süleymanlının məsələyə münasibəti birmənalıdır. O hesab edir ki, həm keçmiş məcburi köçkünlər, həm də media üçün mütəmadi səfərlər təşkil olunmalıdır. Müsahibim fürsətdən istifadə edərək bir arzusunu da dilə gətirdi: “Ağdamda iki dəfə səfərdə olmuşam. İkisində də süjetlər, filmlər, reportajlar hazırlamışıq. Son vaxtlar təşkil olunan səfərlərdən, ümumiyyətlə, xəbərimiz olmur. Ağdamlı Milli Qəhrəman Hidayət Rüstəmov məni əmim oğludur. Şuşanın Meşəli kəndində qəhrəmancasına şəhid olub. Onların evi də işğaldan azad olunub. Çox istəyərdim onun xatirəsini əbədiləşdirmək üçün bir xatirə lövhəsi hazırladım və yaşadığı evdə olsun.

Təbliğat üçün çəkiliş də etmək olar. Amma getmək üçün kimə müraciət etməli olduğumu bilmirəm. Sakinlər üçün də mütləq səfər təşkil etmək lazımdır. Məsələn, onlar doğma evlərində xatirə üçün nə isə tapıb götürə bilərlər. Çünki bir müddət sonra heç nə tapmaq mümkün olmayacaq. Bu da lazımdır. Amma jurnalistlərin təbliğat məqsədilə səfəri mütəmadi olaraq təşkil olunmalıdır. Təbliğat öz yerində, lakin yurd həsrətini nəzərə alaraq keçmiş məcburi köçkünlərin səfərləri də təşkil olunmalıdır. Məsələn, elə rayonlar var ki, qəbiristanlıqlara zərər dəyməyib”.

“Yeni Müsavat”ın siyasət yazarı, Kəlbəcərin Başlıbel kəndinin sakini Etibar Seyidağa da doğma yurda səfər edəcəyi günü səbirsizliklə gözləyir: “Az sayda olsa da, Kəlbəcər sakinləri işğaldan sonra doğma yurdlarına gedib-gəlirlər. Bilirsiniz ki, Kəlbəcərdə arıçılıq, heyvandarlıq təsərrüfatları yerləşdirilib. İşğaldan azad olunandan qısa müddət sonra belə addımların atılması çox yaxşı haldır. Həmin təsərrüfatlarda işləyən insanların əksəriyyəti kəlbəcərlilərdir. Bu səfəri kəlbəcərlilərin ilk səfəri adlandırmaq olmaz. Buna rəsmi şəkildə təşkil olunmuş ilk səfər desək, daha doğru olar. Bir müddət sonra kəlbəcərlilərin səfərini təşkil etmək iqlim şərtləri baxımından asan olmayacaq. Buna görə yaxşı olardı ki, səfərlər may ayından başlayaraq təşkil ediləydi.

Hər bir halda belə bir səfərin təşkil olunmağına çox sevindim. Düşünürəm ki, rəsmi qurumların təşkil etdiyi səfərlərdə ilk növbədə nəinki Kəlbəcərin, bütün torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvləri, doğmaları iştirak etməlidir. Yaşlı insanları da nəzərə almaq lazımdır. Kəlbəcər azad olunandan sonra mənim qohumlarım arasında dünyasını dəyişənlər oldu. Onlar bu dünyadan Vətən həsrəti ilə köçdülər. Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşkil etdiyi səfərə gedənlərin siyahısını araşdırmamışam ki, bilim nə qədər insan gedib? Gedənlərin arasında şəhid ailələrinin üzvləri, yaşlılar varmı? Səfər üçün siyahının hansı kriteriyalar üzrə tərtib olunduğu barədə məlumatsızam. Həm jurnalist, həm də kəlbəcərli kimi bunu araşdıracağam".

O ki qaldı Kəlbəcərdən olan jurnalistlərə, tanınmış imzalara, onların sayı çoxdur, deyə jurnalist bildirib: “Onların bu cür səfərlərdə iştirakı məqsədəuyğun olardı. Səfər təəssüratlarını ictimaiyyətə, oxuculara çatdırmaq üçün jurnalistlərin digər insanlardan daha çox imkanları var. Sıravi qarabağlı gördüklərini uzaqbaşı şifahi şəkildə qohumlarına danışacaq. Amma orada doğulmuş, həyatının bir hissəsini orada yaşamış jurnalist həm əvvəlki dövrdə, həm də işğaldan sonra gördüklərini yazacaq. Təbliğat üçün jurnalistlərin səfərlərdə iştirakına ehtiyac var”.

Tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlunun fikrincə, Qarabağa təşkil olunan bütün səfərlərin məqsədi xoşdur: “Nə qədər çox adam getsə, o torpaqlar nəfəs alar. Belə səfərlərdə giley-güzar həmişə çox olur. O siyahılar maraqlı tərtib olunur. Elə adamlar var ki, həqiqətən səfərdə yeri var, lakin aidiyyəti olmayanlar da var. Mən prosesin gedişini bilirəm. Çox adam adının siyahıda olduğunu, lakin sonradan çıxarıldığını deyir. Amma məlumdur ki, məsələn, səfəri təşkil edən quruma 30 nəfərlik siyahının tərtib olunması üçün müraciət olunur. Həmin siyahıda olan şəxslərlə əlaqə saxlanılır ki, səfər dövründə işlərini planlaya bilsinlər. Getmək üçün yekun siyahıya düşmək lazımdır. Amma istənilən halda, müəyyən narazılıq yaranır. Hər bir vətəndaşımız Qarabağa getməyə layiqdir. Çünki Qarabağı birlikdə almışıq. Qarabağ hamımızındır”.

Jurnalistin sözlərinə görə, Qarabağdan yazmaq üçün səfərə ehtiyac yoxdur: “Dəstə ilə gedəndə nə görmək olur ki, yazasan? Ora gedənlərin heç birisi yazı yazmaq üçün getmir. Mən Qarabağ haqqında yazını burada da yaza bilirəm. O ağrını burada çəkmişəm, o sevinci də burada yaşayıram. Mən Qarabağdan heç vaxt yaza bilməmişəm. Pisimə gəlib. Gedənlərdən yazı gözləməyə dəyməz. Onlar bəlli dəstədə görünmək üçün, özləri üçün təskinlik olsun deyə gedirlər. Mən cəmi bir dəfə Ağdam ictimaiyyəti tərəfindən təqdim olunmuşdum. Sağ olsunlar ki, yada salmışdılar”.

Jurnalist Zamin Hacının mövqeyi isə bir qədər fərqlidir. O hesab edir ki, media nümayəndələri Qarabağa sərbəst səfər etmək imkanına malik olmalıdırlar: "Doğrusu, bu səfərlərə cəlb edilən jurnalistlərin kimliyi haqda ətraflı məlumatım olmadığı üçün bir söz deməyə çətinlik çəkirəm. Ancaq ümumilikdə, bu səfər formatını bəyənmirəm. Hökumət jurnalistlərin azad edilən ərazilərə müstəqil səfərlərinə imkan verməlidir".

Kəlbəcərə təşkil olunan səfərin detallarını öyrənmək üçün Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevlə əlaqə saxladıq. O bildirdi ki, bu səfər kəlbəcərlilərin istəyi ilə təşkil olunub. Sakinlər Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndindən yollanıblar. Səfər çərçivəsində sakinlərin Başlıbel faciəsinin baş verdiyi ərazini, eyni zamanda Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət etmələri, Günəşli kəndinə baş çəkmələri nəzərdə tutulur"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.