Qarabağ məsələsi Rusiyanın vəkalət müharibəsidir - Ekspert danışır

4-09-2021, 09:41           
Qarabağ məsələsi Rusiyanın vəkalət müharibəsidir -
Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbərlə hafta.az üçün növbəti söhbətimizdə Qarabağ məsələsinin 30 il ərzində ATƏT-in Minsk qrupuna həvalə olunaraq ədalətli həllinin yubadılmasında AXC-nin mümkün rolu, hazırda Qarabağda və Ermənistanda baş verənlər, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Azərbaycan ərazisindən mümkün qədər tez çıxarılmasının yolları, Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə baş verən son olayların necə nəticələnəcəyi haqda proqnozlar və s. mövzularda danışdıq.

-Sülhəddin bəy, 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyinin bərpası haqda Bəyannamənin elan edilməsindən cəmi 2 gün sonra - sentyabrın 2-də keçmiş Dağlıq Qarabağdakı separatçı ermənilər Moskva və İrəvanın dəstəyi ilə qondarma “respublika” yaratdıqlarını elan etdilər. Və çox şükür ki, Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra Qarabağdakı separatçı-terrorçu rejimin tör-töküntüləri “30 illik yubiley”lərini yas içində, qəbiristanlıqda qeyd etdilər. Bildiyiniz kimi, son 30 il ərzində Qarabağ məsələsinin ədalətli həll olunmamasının əsas günahkarı ATƏT-in Minsk qrupu sayılır. Və bəziləri hesab edir ki, 1992-ci ildə Qarabağ məsələsinin ölkə çərçivəsində həllini tapmayıb beynəlxalq müstəviyə çıxarılaraq Minsk qrupuna həvalə olunmasında həmin il hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi suçludur… Bu haqda nə deyə bilərsiz?

-Xahiş edirəm, internetdə və yaxud arxivlərdə, kitabxanalardakı məlumatlara baxın, görün ATƏT-in Minsk qrupunun bünövrəsi nə vaxt qoyulub? 1992-ci ilin 24 martında... Onda AXC hakimiyyətdə deyildi axı…

-Bunu yaxşı bilirik. Amma o da məlumdur ki, 1992-ci ilin martında AXC hakimiyyətdə olmasa da, o vaxtlar bu təşkilatın hakimiyyətə yiyələnmək uğrunda mübarizəsinin ən qızğın dövrü idi. Həmin hərəkat ətrafında xalqın xeyli hissəsi cəmləndiyindən hakimiyyətin bir sıra rıçaqlarına lazımi təsir göstərə bilir, respublikadakı proseslərə müdaxilə edirdi. Daha konkret desək, bəzi şərhçilərinin fikrincə, siz – AXC liderləri 1991-ci ildən bəri o vaxtkı Prezident, dövlət başçısı Ayaz Mütəllibova imkan verməmisiz ki, Qarabağ məsələsini daxili rıçaqlarla həll edə və nəticədə məsələ beynəlxalq problemə çevrilərək Minsk qrupuna həvalə olunub…

-Təbii ki, bu siyasi mübarizə elementi kimi təbliğatda işlədilən bir tezisdir… Amma onu da bilmək gərəkdir ki, həmin dövrdə Xalq Cəbhəsinin əsas tələbi separatçılığa son verilməsi idi. Əgər həqiqətən o vaxtkı Azərbaycan rəhbərliyi bu separatizmə son verə bilsəydi, biz nəyi tələb edəcəkdik? Lap deyək ki, AXC, keçmiş kommunistlərin dediyi kimi, nəzəri baxımdan həmin mövqedə olub. Onlar Qarabağ problemini həll etsəydi. Biz ona necə mane ola bilərdik?

-O dövrün iqtidar mənsubları deyirlər ki, cəbhəçilər mitinqlər, kütləvi tədbirlər vasitəsilə ölkədə xaos yaradırdılar və bizə işləməyə imkan vermirdilər…

-Tam əksinə, 1988-1992-ci illərdə Azərbaycanda separatçılığa son vermək üçün faktiki fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsi, onun siyasi rəhbərliyi və əksəriyyətini AXC üzvlərinin yaratdığı yerli özünümüdafiə batalyonları idi. Rəhmətə gedənlərə, şəhidlərimizə Allah rəhmət eləsin. Minlərlə qazilərimiz olub və hazırda da yaşayırlar. Həmin insanlar həyatları, canları, qanları bahasına erməni təcavüzünə qarşı mübarizə aparıb. Təbii ki, onların çoxu könüllü idilər, peşəkar deyildilər… Bizi yalnız o baxımdan tənqid edə bilərlər. Bəli, biz peşəkar deyildik. Amma vətənpərvər olmaq, canından keçmək üçün peşəkar olmağa ehtiyac yoxdur. Sadəcə, Vətəni sevmək lazımdır. Odur ki, bu deyilənlər böhtandan başqa bir şey deyil…

-Bu günlərdə baş verən hadisələr Qafan-Gorus yolunun Azərbaycan ordusu tərəfindən bağlanması, separatçıların, Azərbaycan əsgərinin əslində rəsmən Azərbaycan Respublikası Tərtər rayonunun Ağdərə şəhəri sayılan ərazidə separatçı-terrorçu rejimin qanunsuz “polis”i tərəfindən guya “sərhəd pozucusu” və “cinayətkar” kimi tutulması və s. haqda nə düşünürsünüz?

-Dəfələrlə demişik ki, 30 illik Qarabağ məsələsi əslində Rusiyanın Ermənistan vasitəsilə apardığı vəkalət müharibəsidir. Vəkilin başı əzilən kimi sahibi, metropoliyanın özü çıxdı ortalığa… Biz əslində neo-imperialist Putin Rusiyası ilə üzbəüzük və onunla mübarizə aparırıq. Və nə qədər ki, Rusiyanın buradakı maraqları təmin olunmayıbdır, bizi hələ irəlidə daha böyük gərginliklər, münaqişələr gözləyir və biz buna hazır olmalıyıq…

-Azərbaycan ordusu tərəfindən Qafan-Gorus yolunun bir neçə günlüyə bağlanmasının mənası, mahiyyəti nə oldu?

-Qafan-Gorus yolunun bir neçə günlüyə bağlanmasının mahiyyəti ondan ibarət oldu ki, Azərbaycan humanist addımlar atmaqla yanaşı, lazım gələrsə, belə addım da ata biləcəyini göstərdi. Bura Azərbaycan torpağıdır və bizim yurisdiksiyamız altındadır. Və biz həmin yolu istədiyimiz vaxt aça, istədiyimiz vaxt bağlaya bilərik. Yəni Azərbaycan öz siyasi iradəsini ortalığa qoydu. Mən bunu müsbət qiymətləndirirəm. Amma qarşı tərəfin bunu necə anlayacağı sual altındadır. Deyəsən, İran bunu anlayır və artıq rəsmi Tehran İrəvana alternativ yolların çəkilməsi haqda müraciət edib. Indi, bilmirəm, Rusiyanın belə bir müraciəti var, ya yox. Amma Rusiyanı bu maraqlandırmır. Çünki Moskva münaqişənin qalmasında maraqlıdır. Münaqişə qaldıqca Rusiya da hakim, arbitr kimi burada, yəni Azərbaycan torpağında qalacaq və hər iki tərəfə təzyiq rıçaqlarını əlində saxlayacaq. Ona görə də məsələnin həllində maraqlı deyil. Belə problemləri meydana çıxarmaqda Moskvanın əsas məqsədi ondan ibarətdir ki, üçtərəfli razılaşma yerinə yetirilməsin və buna görə də Rusiyanın dırnaqarası sülhməramlı kontingentinə ehtiyac qalsın. Bu səbəbdən də Moskva burada 5 ildən sonra daha bir 5 il, onun ardınca daha bir 5 il qalsın… Yerdə qalanlar artıq detallardır. Bu gün bu problem çıxarır, sabah o birisini və s. və i.a. Amma o da var ki, bu, əslində artıq Rusiyanın passivliyinin də göstəricisidir. Yəni Moskvanın Azərbaycana təzyiq vasitələri getdikcə tükənir. Çünki belə addımlarla Rusiya nə Azərbaycanı çəkindirə bilir, nə də Türkiyə ilə yaxınlığın dərinləşməsinin qarşısını ala bilir. Sadəcə olaraq bir qədər zamana ehtiyac var. Düşünürəm ki, bu kritik zaman ehtiyacı da gələn – 2022-ci ilin sonuna qədərdir. Azərbaycanın Türkiyə ilə birgə lazımi strateji müqavimət potensialını yaratmaq üçün məhz o vaxtadək bu kritik zamana ehtiyacı var…

-Rusiyanın Qarabağ torpaqlarımızda hərbi kontingenti öz missiyyalarından kənar bir çox hərəkətlər edir. Separatçı-terrorçu erməni rejimi isə onların himayəsinə güvənərək Azərbaycan ərazisindəki qanunsuzluqları davam etdirirlər. Bu günlərdə Milli Ordumuzun Ağdərə ərazisinə keçmiş əsgərimizi saxlayaraq barəsində “cinayət işi” qaldırıblar… Belə olay və proseslər nə vaxtadək davam edəcək? Bunların qarşısını ala bilmək üçün nə etməliyik?

-Bu məsələlərə həm ümumi yanaşma, həm də xüsusi yanaşma mövcuddur. Strategiyada ümumi yanaşma ondan ibarətdir ki, hər bir dövlət bütün parametrlərdə öz daxili gücünü artırmalıdır. O cümlədən milli birliyini möhkəmlətməli, öz hərbi potensialını maksimum dərəcədə artırmalıdır. İkincisi beynəlxalq münasibətlərdə layiqli etibarlı yer tutmalıdır. Yəni biz həm daxili, həm xarici siyasətdə Azərbaycanın bir dövlət olaraq güclənməsinə çalışmalıyıq. Xüsusi yanaşmaya gəldikdə isə Azərbaycan öz hərbi müdafiə potensialını, kəşfiyyat və təhlükəsilzik sahəsindəki potensialını durmadan artırmalıdır. Çünki biz dünyanın ən böyük militarist güclərindən olan Rusiya ilə, onun hərb maşını ilə üz-üzəyik. Diqqət edirsinizsə, bizimlə üz-üzə yalnız Rusiyanın ordusu deyil, eyni zamanda müxtəlif kəşfiyyat və təhlükəsizlik xidmətləri dayanır…

Bütün deyilənlərlə yanaşı, Azərbaycan daxildə demokratik islahatlara getməli və avtoritar Rusiyadan öz üstünlüyünü göstərməlidir. Ona görə də Azərbaycan hakimiyyəti xüsusən Qarabağ savaşından qalib çıxdığı hazırkı güclü bir vaxtında bu islahatlara getməlidir. Hazırda hakimiyyət üçün islahatlara getmənin ən yaxşı zamanıdır. Və bu islahatlar bütün sahələri əhatə etməlidir: siyasi, iqtisadi, hüquqi, sosial və s. Yəni biz həm daxilən güclənməli, həm də daxilən güclənməmiz bizim beynəlxalq münasibətlər sistemində öz mövqeyimizi gücləndirmək üçün əlverişli şərait yaratmalıdır. Bu addımlar atılarsa və daxildə II Qarabağ savaşından sonra yaranmış milli birlik gücləndirilərsə, Rusiya bizə qarşı hər bir addımını, o cümlədən Qarabağda, ölçüb-biçib atacaqdır… O halda biz 10 Noyabrdan bəri Rusiyanın dırnaqarası "sülhməramlı" hərbi kontingentinin öz missiyasından kənar və Azərbaycanın dövlət suverenliyi əleyhinə olan davranışlarıyla bağlı topladığımız fakt və sənədlərlə həmin kontingentin torpaqlarımızdan çıxması tələbini də əsaslı şəkildə qoya bilərik…

-Əfqanıstanda baş verən son hadisələr: ABŞ qoşunlarının oradan çıxması, ardınca Britaniya kəşfiyyatının Kabil hava limanında terror olacağıyla bağlı xəbərdarlığı və bunun doğru çıxması, yəni “İŞİD”-in aeroportda partlayış törətməsi və kütləvi insan tələfatı və ardınca Pentaqonun guya “İŞİD” obyektlərini bombalaması, əvəzində dinc əfqanların həlak olması və s. Sizcə, bütün bunlar hansısa senari üzrə baş verir, yoxsa hər şey kortəbiidir…

-Təbii ki, burada həm müəyyən senarilər var və eyni zamanda prosesin təbii gedişi nəticəsində ortaya çıxan nüanslar mövcuddur. Heç bir zaman böyük hadisələr, xüsusən də ictimai-siyasi, yaxud siyasi-hərbi proseslər öncədən planlaşdırıdldığı kimi getmir. Plan yalnız əməliyyat başlayana qədərdir. Ondan sonra meydanda mütləq müxtəlif gözlənilən və gözlənilməz hallar ortaya çıxır və plan tutan tərəf də öz planında dəyişiklik etməli olur. Bu, ümumi yanaşmadır.

Dəfələrlə Azərbaycan mətbuatındakı çıxışlarımda bildirmişəm ki, 2014-cü ildəki Ukrayna-Krım böhranından sonra dünya nizamı quruculuğu və onunla bağlı qlobal və regional qarşıdruma həlledici mərhələyə daxil olub. Obamanın və Trampın hakimiyyətə gəlməsi və yaxud gətirilməsi bu prosesi bir qədər yubatdı. Hazırda isə Baydenin gəlməsi ilə ABŞ-da məhz “dərin dövlət”in yeni dünya düzəni planı yenidən icra edilməyə başlanıb. Yəni dünya yenidən qurulur, yeni dünya nizamı qurulur . Və geopolitik qarşıdruma, təbii ki, kəskinləşibdir. Həmin qarşıdurmanın ən kəskin nöqtələrindən birinin də Əfqanıstan olması gözlənilən idi. Çünki dünya liderliyi Avrasiya üzərində hakimiyyəti tələb edir. Avrasiya hakimiyyəti isə hakland, yəni bu materikin mərkəzi üzərində qurulur. Hazırda isə ABŞ Böyük Mərkəzi Asiya anlayışını ortaya atıb. Burada bizim əvvəldən Orta Asiya bildiyimiz ərazi və üstəgəl Əfqanıstan anlaşılır. Yəni ABŞ-ın son illərdəki operativ-taktiki doktrinasına baxsaq, hansı regiona, yaxud ölkəyə daxil olmaq istəyirsə, öncə oraya bir kukla, oyuncaq terrorçu təşkilat buraxır, sonra da onunla mübarizə adı altında oraya girir. Əfqanıstana da yanaşma belə olub. Və hazırda Amerika yeni mərhələdə, dünya düzəni quruculuğunun son mərhələsində milli təhlükəsizlik təhdidi kimi Çini və Rusiyanı gördüyündən hər ikisinin ortasında olan bu regionda qeyri-sabitlik yaratmaq məqsədi ortaya qoyub. Əfqanıstan da bu qeyri-sabitliyin generatorudur. Və bu xaos oradan bütün deyilən istiqamətlərdə yayılacaqdır… Yəni burada baslica məqsəd həmin xaosu həm Çinə və onun təsir zonasına, eləcə də Rusiya və onun təsir zonasına yaymaqdır. Ona görə də hazırda ekspertlər baş sındırırlar ki, görəsən, bu qeyri-sabitlik ilk növbədə hara yayılacaq. Burada ABŞ-ın “dərin dövlət”inin qərarından çox şey asılı olacaq. Bilirsiz ki, Obama və Tramp dövründə bu dərin dövlət iki yerə parçalanmışdı. Xüsusən də Tramp dövründə biz bunu çox açıq şəkildə gördük. Yəhudi-sionistlər yevangelist sionistlərlə birgə hərəkət edirdilər. Və onlar əsas hədəf olaraq Çini və onunla bir olan İranı göstərirdilər. Anqlo-sakson qanad ikinci planda qalmışdı. Həmin qanad isə əsas hədəf kimi Rusiyanı göstərirdi. İndi Bayden dövründə, baxaq görək, sözügedən qanadlardan hansı üstələyəcək. Yəni onlar öncəliyi Çinə, yoxsa Rusiyaya verəcək…Və bunu yəqin ki, biz yaxın aylarda görə biləcəyik. ABŞ indiyədək Əfqanıstana trilyonlar xərcləyirdi və indi o prosesi dayandırır. Deyir indi də Rusiya və Çin xərcləsin, mən isə pullarımı həmin ölkələrin mühasirəyə alınması istiqamətində xərcləyəcəm. Yəni hazırda ABŞ Rusiya və Çin üçün yeni bir konflikt ocağı yaradır. Məsələn, Çinin “Bir kəmər-bir yol” layihəsi üçün Pakistan və Mərkəzi Asiya xüsusi önəm daşıyır. Çünki quru yolu Mərkəzi Asiyadan keçir, dənizə çıxan yol isə Pakistan üzərindən çıxır. Ona görə də gözləyək görək bu destabulizasiya hansı istiqamətə yönləndiriləcək. Yəni hədəf kimi Rusiya seçiləcəksə, xaos əsasən Özbəkistan və Tacikistan başda olmaqla Mərkəzi Asiyaya, hədəf Çin olcaqsa, hesab edirəm ki, Pakistan yönündə yönələcək. Təbii ki, burada İranı da unutmamaq lazındır … Hələlik proses isti-istidir. Çünki “Taliban” hələ öz hökumətini təşkil etməyib. Görək taliblər Əfqanıstana tam nəzarət edə biləcəkmi? Orada vərəndaş müharibəsi meydana çıxacaq, yoxsa çıxmayacaq? Və hələ Əfqanıstan tənliyi çox mürəkkəb, məchulları çox olan bir tənlikdir… Ona görə də bir qədər gözləməyə ehtiyac var… Yəni irəli gedən proqnozlar vermək üçün çox erkən zamandır…

-Yəni belə başa düşmək olarmı ki, ABŞ-ın son 20 il ərzində xərclədiyi trilyonlar boşa getdi və “Taliban” da onun senarisindən kənar gəldi hakimiyyətə?

- Pulların bir hissəsinin boşa getdiyini deyə bilərik. Amma həmin maliyyə vəsaitinin digər hissəsi ABŞ-ın özünə qayıdıb. Ekspertlər bunu yaxşı bilirlər… Və Əfqanıstanda bilirsiz ki, ən böyük gəlir mənbələrindən biri narkotikdir. Dünyanın narkotik, xüsusən heroin istehsalının 70 faizi Əfqanıstanın payına düşür. Və bu günədək ona ABŞ nəzarət edirdi… Amerikanın oradan nə qədər pul götürdyünü isə yəqin ki, narkobiznes sahəsindəki ekspertlər hesablaya bilər. Və bundan sonra ABŞ Əfqanıstandan tam çıxmayacaq. Onun kəşfiyyatı da, təhlükəsizlik qüvvələri də, xüsusi təyinatlılaır da və özəl hərbi şirkətləri də orada olacaq. Eyni zamnda vəkilləri olan terrorçu təşkilatlar da…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.