"Eybi yox, Floranı bu söhbətə qatsın, amma Rasim bəyi bu söhbətə qatmaq ayıb deyilmi?”

6-09-2021, 18:55           
"Eybi yox, Floranı bu söhbətə qatsın, amma Rasim bəyi bu söhbətə qatmaq ayıb deyilmi?”
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı saytımıza açıqlamasında Xalq artistləri Flora Kərimova və Rasim Balayevin ünvanına ittihamlar səsləndirib. Müğənni iddia edib ki, guya vaxtilə “Sığmazam” qəzəlinə mahnı bəstələtdirib ifa etdiyi üçün hər iki Xalq artisti bir biznesmen xanımın hədiyyə və pullarına görə onun üzərinə gediblər.

Moderator.az-ın əməkdaşı məsələylə bağlı Flora Kərimovanın və Rasim Balayevin də fikirlərini öyrənib. F.Kərimova saytımıza açıqlamasında A.Fərmanqızının iddialarının əsassız olduğunu bildirib:

“Bu birinci dəfə deyil ki. Floriçkamın ruhuna and içirəm. Mənim indi and yerim dünyaya gəlməyən nəvəmin adıdır. Məni heç kim idarə edə bilməz. Bir sözüm var ki, əgər siz klassikə üz tutursunuzsa, onu ucuzlaşdırmayın. Bu insan klassikdir, bizim mədəniyyətimizdir, sərvətimizdir. Onu gülünc vəziyyətinə qoymaq olmaz. Klassiki gülünc vəziyyətinə qoymaq düşmənlərin əlinə rəvac verməkdir. Onsuz da hər şeyimizə yiyə çıxıblar. Əgər o mahnını ritminə görə hansısa bir erməni oxusaydı, özümü çox pis hiss edərdim, ölüb yerə girərdim. Mənim heç kimlə ədavətim yoxdur. Mənim ədavətim mədəniyyətimdir, dilimdir, torpağımdır. Səksən yaşım var, on üç yaşımdan səhnədəyəm və sənətdə kiməsə irad tutmağa ixtiyar qazanmışam. Bu ixtiyarı mənə birinci millətim, ədəbiyyatım, mədəniyyətim, dilim və bu millətə olan aidiyyatım verib. Sabah ermənilər dingildəyə-dingildəyə bu mahnını oxusa, ölüb yerə girərəm axı. Hər dəfə bu məsələyə çox qısqanclıqla baxıram və deyirəm ki, amandır, birdən o mahnını ermənilər görərlər, oxuyarlar. Yəni bu mənim millətimə başucalığı gətirməz. Mənim davam millətimin mədəniyyətidir, dilimin təmizliyidir. Bir daha təkrar edirəm ki, heç kimlə ədavətim yoxdur. Mənim dilimə, dil tələffüzümə toxunmasınlar. Bu ixtiyarı da mənə sizlər, mədəniyyətim və yaşım, sənətim verib. O barədə məndən heç kim inciməsin. Görün o xanım kimləri bu söhbətə qatır. Rasim Balayev kimi klassikləri ittiham edir. Sən niyə öz sənətkarını ucuzlaşdırırsan?! Onun sənətiylə bu torpağa, millətə etdiyini milyon insan yığılsa, edə bilməz. Rasim Balayev bir zirvədir. Eybi yox, Floranı bu söhbətə qatsın, amma Rasim bəyi bu söhbətə qatmaq ayıb deyilmi?!”

Xalq artisti Rasim Balayev isə Afət Fərmanqızını nə tanıdığını, nə də bu haqda danışmaq istədiyini deyib:

“Mən nə belə bir xanım tanıyıram və nə də bu haqda danışmaq istəyirəm”, - deyə aktyor bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.