Təhsil ekspertindən Məleykə Abbaszadənin fikrinə SƏRT REAKSİYA

29-10-2021, 16:39           
Təhsil ekspertindən Məleykə Abbaszadənin fikrinə SƏRT REAKSİYA
"DİM rəhbərinin bu açıqlaması özəl kursların işgüzar fəaliyyətinə, biznes maraqlarına zərbə vurmağa hesablanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin özəl kursları tənqid edərək, onların keçirdiyi sınaq imtahanlarında əldə edilən yüksək balların qəbul nəticələrinə adekvat olmadığı barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Bu səbəbdən, ekspert sözügedən çıxışı qeyri-ciddi çıxış kimi dəyərləndirib:

"DİM-in imtahan keçirən qurum olaraq belə fikirlə çıxış etməsi düzgün deyil. Qurum rəhbərinin həmin açıqlaması əslində özəl kursların işgüzar fəaliyyətinə, biznes maraqlarına zərbə vurmaq deməkdir. DİM həqiqətən abituriyentləri düşünürsə, qəbul imtahanlarına X-XI sinifin kitablarından suallar salsın. Məsələ sadəcə ondadır ki, DİM-in müvafiq onlayn imtahanlarından istifadə edənlər özəl kurslarla müqayisədə az olduğundan, qurum ikincilərin bazarını zəiflətmək üçün belə bir fikri gündəmə atıb. Ona görə də bu çıxışı qeyri-ciddi, biznes maraqlarına zərbə kimi dəyərləndirirəm”.

Həmsöhbətimizə görə, ümumiyyətlə, imtahan iştirakçılarının sınağa yanaşmaları yanlışdır:

"Hazırlıq kurslarının keçirdiyi sınaq imtahanları bir həftə, bir ay ərzində keçirilən mövzularla bağlı şagirdlərin biliyinin nə yerdə olduğunu yoxlamaq məqsədi daşıyır. Digər tərəfdən, özəl kurslarda keçirilən sınaq imtahanlarında iştirakçılar imtahan üzrə fərdi işlərə yiyələnir. Yəni sual kitabçasında işləmək, fənlər üzrə cavabları doğru cavab kartlarına köçürmək bacarığına yiyələnirlər. Düzdür, bəzən nəticələr üst-üstə düşmür. Amma DİM-in keçirdiyi sınaq imtahanlarında yüksək bal toplayanlar da bir sıra hallarda qəbul imtahanında aşağı nəticə göstərib. Onun keçirdiyi sınaq imtahanlarında da elmi, texniki səhvlər olur. Sınaq imtahanlarına ciddi yanaşmırlar”.

K. Əsədov qeyd edir ki, DİM, ümumiyyətlə, özəl kurslar və sınaq imtahanları ilə bağlı fikir bildirməməlidir. Çünki onlar kommersiya qurumudur, dövlətə vergi verir:

"Başqa bir tərəfdən, pandemiya dövründə DİM sınaq imtahanları keçirməyəndə, hazırlıq kursları bu məsuliyyəti öz üzərlərinə götürdü. Bu gün əldə edilən yaxşı nəticələr məhz hazırlıq kurslarının fəaliyyətinin nəticəsidir. Ona təşəkkür edilməlidir”.

Bununla yanaşı, təhsil eksperti bəzi özəl kursların sınaq imtahanlarının nəticələrini süni şəkildə şişirtdiyini də istisna etmir:

"Bəzi hallarda sınaq imtahanı keçirən kurslar ola bilsin süni şəkildə nəticələri şişirdir ki, valideynlər uşaqları oradan çıxarmasın. Amma bu, heç də bütün kursları ittiham etməyə əsas vermir. Dövlət özəl sektora maneə deyil, dəstək olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.