“GÜRCÜSTANDA “GÜRCÜ ARZUSU" YOX, “RUS ARZUSU” HAKİMİYYƏTDƏDİR” - Əhməd İmamquliyev: “Biz bu gün "Gürcü arzusu"nu məğlub etməliyik ki, Mixail Saakaşvili də azadlığa çıxsın”
30-10-2021, 12:36

““Gürcü arzusu" aşkar şəkildə saxtakarlıqlar həyata keçirsə, ölkədə böyük aksiyalar, mitinqlər olacaq”
Gürcüstanda Mixail Saakaşvilinin geri dönüşü ilə eyni vaxta düşən bələdiyyə seçkilərinin ikinci turu başladı. Ekspertlər Mixail Saakaşvilinin həbsi fonunda seçkilərin gərgin keçəcəyini bildirirlər. Hazırkı iqtidar da günlərdir seçkilərdə özünün qələbə qazanacağı haqda fon yaratmağa çalışırdı. Qafqaz.media-nın əməkdaşı ölkədəki seçki mühitini şərh etmək üçün "Avropalı Gürcüstan" Partiyasının Siyasi Şura üzvü Əhməd İmamquliyevlə söhbətləşdi.
- Əhməd bəy, Gürcüstanda seçkilərin ikinci turu başladı. İlk olaraq ölkədəki seçki ab-havası ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Seçkilərlə bağlı ab-hava belədir ki, hal-hazırda vəziyyət çox gərgindir. Bilirsiniz ki, Gürcüstanda iyirmi şəhər və rayonda seçkilərin inici turu baş tutacaq. Onlardan bir də paytaxt Tiflisdə və Acarıstanın paytaxtı Batumidə olacaq. Öncədən keçirilən sorğular nəticəsinə görə hakim partiyanın qalib gəlməsi qeyri-mümkündür. Birinci turda da 51-53% müxalifət qalib gəlib. Bu nəticəyə keçirilən sorğuların nəticəsində gəlinib. Hakim partiyanın başçısı, eyni zamanda Gürcüstan dövlətinin baş naziri xalqımıza, seçicilərimizə hədə-qorxu gələrək istəyirlər ki, "Gürcü arzusu"nun namizədlərini qalib etsinlər. Amma bu gərginlik hal-hazırda hiss olunur. O hiss olunur ki, əhali ilə hakim partiyanın arasında istəklər fərqlidir. Tələblər fərqlidir. Xalq müxalifyönlü namizədlərə daha çox istiqamətlənib. Bu da ondan qaynaqlanır ki, namizədlər artıq paytaxt Tiflisdə və böyük şəhərlərdə koalision hakimiyyət qurulacağını elan etdilər. Bu isə o deməkdir ki, Tiflisdə qələbə qazanan Nika Meliadırsa, onu dörd müavini başqa-başqa partiyalardan təyin ediləcək. İdarə rəhbərləri başqa partiyaların liderlərindən təyin ediləcək. Baxmayaraq ki, Gürcüstan dövlətində hazırkı seçkilər bələdiyyə orqanlarına keçirilir, biz artıq yeni model koalision hakimiyyətini bələdiyyələrdə başlatmağa çalışırıq. Buna görə, xalqın bizə müsbət yanaşması var. Gərginlik xalqla hakimiyyət arasında hiss olunur.
- Siz də qeyd etdiniz ki, rəy sorğularında "Gürcü arzusu" Partiyası geridədir. İndiki hakimiyyət seçkilərin ikinci turunda da öz namizədlərinin xeyrinə seçki saxtakarlığı həyata keçirə bilərmi?
- Birinci turda bunu etdilər. Təbii ki, ikinci turda da buna çalışacaqlar. Məsələ ondan ibarətdir ki, onlar çalışacaqlar, biz də bunu onlardan gözləyirik. Hətta daha da pisini gözləyirik. Bunun daha da aqressiv formasını, qarşıdurmaya çatdırmaq dərəcəsinə qədər hərəkətləri gözləyirik. Çünki hakim "Gürcü arzusu" Partiyası nəinki əlində olan dövlət resurslarından istifadə edir, eyni zamanda artıq onlar, el arasında deyildiyi kimi, qara aləmin-kriminal aləmin nümayəndələrinə müraciət ediblər. Onları da cəlb ediblər ki, seçkilərdə hakim partiyaya yardım etsinlər. Yəni bu dərəcədə saxtakarlığa əl atıblar. Biz -bütün müxalifət seçkilərin ikinci turunun keçirildiyi yerlərdə var-gücümüzü sərf edirik ki, əlimizdən gələn qədər saxtakarlığın qarşısını alaq. Bir tək məsələ qalır ki, onu da biz 2020-ci ildə izləmişdik. Yəni MSK-nın rəqəm hesablarından söhbət gedir. Bülletenlərin dəyişdirilməsi, aktların son nəticələrinin rəqəmlər üzərindən saxtalaşdırılması ki, onu da MSK-nın əli ilə edə bilərlər. İnşallah, bunun da qarşısını almağa çalışacağıq. Məsələ budur.
-Səhv etmirəmsə, ikinci turda "Gürcü arzusu" ilə "Vahid Milli Hərəkat" rəqabət aparacaq. Sizin partiyadan və digər partiyalardan 2-ci tura qatılan olacaqmı?
- Bir neçə rayonda digər partiyalardan var. Yanılmıramsa, bu namizəd "Gürcü arzusu"ndan ayrılmış keçmiş baş nazir Qaxariyanın yaratdığı "Gürcüstan naminə" adlı partiyanın nümayəndəsidir. Biri müstəqil namizəddir. Amma biz yenə də müxallifət olaraq onları dəstəkləyirik. Bizim partiyadan ikinci tura qalan olmayıb, çünki biz böyük şəhərlərdə öncədən "Vahid Milli Hərəkat"la koalisiyaya getmişdik və ayrı namizəd irəli sürməmişdik. Məsələn, paytaxt Tiflisdə mer vəzifəsinə namizəd irəli sürməmişdik, çünki razılaşmışdıq. Bu gün də VMHP-dən olan namizəd Nika Melia antikorrupsiya departamentinin rəhbəliyi postunu biizm partiyaya təklif edib ki, bu post bütün prosesləri analiz etməyi və maliyyəninin onun əlindən keçməsini nəzərdə tutur. Bu gün mübarizə hansısa partiyanın namizədləri ilə "Gürcü arzusu"nun namizədləri arasında deyil, koalisiyada birləşmiş müxalifətlə saxtakar "Gürcü arzusu"nun arasında gedir.
- Belə anlaşılır ki, sizin təmsil etdiyiniz partiya da Vahid Milli Hərəkat Partiyasını dəstəkləyir…
- Vahid Milli Hərəkat Partiyasını yox, koalisiyada birləşmiş müxalifət namizədlərini dəstəkləyirik.
-Bəs, bu gün azərbaycanlıla, hakim partiyanın, yoxsa müxalifət namizədlərinə etimad göstərirlər?
-Bilirsinizmi, birmənalı desək ki, Gürcüstanda yaşayan azərbaycanlılar filan partiyanı dəstəkləyir, bu, səhv olardı. Amma azərbaycanlıların kompakt yaşadığı rayonlarda müxalifyönlü vətəndaşlarımız daha çoxdur. Yəni müxalifyönlü dedikdə, faiz etibarilə müxalifətdən olan namizədləri dəstəkləyənlərin çoxluğunu nəzərdə tuturam.
-Hesab edirsinizmi ki, Saakaşvilinin azadlığa çıxması seçkinin nəticələrindən asılıdır? Yoxs seçki nəticələrindən asılı olmayaraq Saakaşvili azadlığa çıxa biləcək?
-Mən düşünürəm ki, Mixail Saakaşvilinin azadlığa çıxmaq yolu yalnız və yalnız "Gürcü arzusu"nu seçkilərdə məğlub etməkdən keçir. Biz müxalifət "Gürcü arzusu"nu seçkilərdə məğlub etməliyik ki, Mixail Saakaşvili də azadlığa çıxsın. Bunun da altını cızaraq demək istəyirəm ki, bir insana qarşı hər hansı ittiham irəli sürülübsə, o şəxs azad məhkəmə qarşısında özünü ifadə etməlidir. Amma bu gün "Gürcü arzusu"nun əlinin altında marionetka məhkəmə sistemi olduğuna görə, biz deyirik ki, Mixail Saakaşvili seçki yolu ilə azad ola bilər. Çünki seçkilərdən sonra müxalifət koalisiya şəklində hakimiyyətə gələcək. Məhkəmə sistemini azad formada xalqa təqdim edəcək və azad məhkəmənin qarşısında Mixail Saakaşvili, özü dediyi kimi, haqlı olduğunu sübut edib azadlığa çıxa bilər. Heç bir problem yoxdur. Sadəcə, biz bu gün Saakaşvilinin azadlığa çıxmasını ona görə istəyirik ki, hakimiyyəti dəyişək, çünki Saakaşviliyə marionet hakimlər tərəfindən cəza kəsilib.
-Rusiya istisna olmaqla, demək olar ki, əksər dünya ölkələri Gürcüstan hökumətinə Saakaşvilinin azad olunması ilə bağlı müraciətlər edir. Hakimiyyət isə birmənalı olaraq eks-prezidentin həbsdə qalmasına çalışır. Sizcə, bu, Qaribaşvilinin öz mövqeyidir, yoxsa Kremlin göstərişi ilə bu qərar verilib?
-Heç kəsə gizli deyil, artıq 9-10 ilə keçib ki, Gürcüstanda "Gürcü arzusu" Kremllə iş birliyindədir. "Gürcü arzusu" yox, bunların daha doğru adı "Rus arzusu"dur. "Gürcü arzusu" altında gizlənən real sima “rus arzusu”dur. Bilirsiniz ki, Rusiyanın Qafqazda siyasi marağı var, o siyasi maraqlardan biri də Gürcüstandan keçir. Buna görə Avropayönümlü gürcü siyasətçilərinə repressiya var. Azad düşüncəyə qarşı təzyiq var. Buna görə biz düşünürük ki, eks-prezidentin həbsdə qalmasının əsas faktorlarından biri Rusiya imperiyasıdır. Hansı ki, bugünki hakimiyyətə məhkəmə sisteminu dəyişdirməyə imkan vermilmir. Baxmayaraq ki, bütün Qərbyönlü siyasətçilər neçə illərdir "Gürcü arzusu" hökumətinə məhkəmə sistemini düzəltməyin vacibliyini və heç bir siyasətçiyə onun siyasi düşüncəsinə görə təzyiq göstərilməməli olduğunu deyir. Bu, yalnız bizim şərqimizdə olan qonşumuzun – “rus ayısı”nın maraqlarıdır. “Rus ayısı”nın öz daxilində keçirdiyi siyasətlə "Gürcü arzusu"nun burdakı siyasəti üst-üstə düşür. Necə ki, Putin Navalnını həbs etdirdi, azad sözünü ifadə etməyə imkan vermədi, bu gün də Mixail Saakaşvilini "Gürcü arzusu" azad fikrini ifadə etməməsi, siyasi arenada mübarizə aparmaması üçün həbsə salıb.
-Ümumiyyətlə, ölkədə seçki sonrası dövrü necə görürsünüz? Seçkidən sonra mitinqlər dalğası yarana və bunun təsiri ilə hakimiyyət dəyişikliyi baş verə bilərmi, əgər "Gürcü arzusu" saxtakarlığa əl atıb hakimiyyətdə qalsa?
-Mən düşünürəm ki, "Gürcü arzusu" aşkar şəkildə sübut olunan saxtakarlıqlar həyata keçirsə təbii, böyük aksiyalar, mitinqlər olacaq. Bu da vaxtından əvvəl parlament seçkilərinə gətirəcək. Bu, qaçılmazıdır. Hətta saxtakarlıq etməsələr belə, biz müxalifət olaraq bir çox şəhər və rayonlarda qalib gələcəyik. Nəticədə bu da yenə bizim əhalimizə və Gürcüstanda yaşayan insanlara şans verəcək ki, "Gürcü arzusu" vaxtından əvvəl seçkiyə getsin, Gürcüstanda azad seçkilər keçirilsin. Biz buna nail olacağıq.
-Yəni hər iki halda "Gürcü arzusu"nun gedişinə yol açılacaq…
-Mən belə düşünürəm və belə görürəm. Bunun üçün müxailfətin koalisiya formasında seçkilərdə qazanması lazımdır. Belə olsa, vaxtından əvvəl seçkilər də gələn il ola bilər. Bir il ərzində də müxalifətdən seçilmiş merlər qalib gəlmiş olacaqlar və şəhərləri-rayonları idarə edib, xalqımıza daha doğru çatdıracağıq ki, bu siyasi böhrandan çıxış yolu koalision hakimiyyətdir.
Söhbətləşdi: Günya MƏMMƏDOVA