“Şükür elə ki, bu da var” vəziyyətidir - Afaq Bəşirqızından açıqlamalar

26-01-2022, 12:29           
“Şükür elə ki, bu da var” vəziyyətidir -
“Komediya yalnız güldürmək üçün və yaxud da dram yalnız ağlatmaq üçün deyil. Yaradıcılığım boyu dəfələrlə demişəm ki, gülüş düşündürən olmalıdır”.

Teref.az yazır ki,bu sözləri Paralel.az -a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı komediya janrı sahəsindəki vəziyyət barədə danışarkən deyib. Komediyanın intellektual olub-olmaması barədə müzakirələrə münasibət bildirən xalq artistinin fikrincə, son vaxtlar komediya atmaca üzərində qurulur:

“Hadisələr oynamır, amma söz oynayır. Söz oyunu isə bir az KVN üslubuna bənzəyir. Gülüşdə əsas olan onun mənasıdır, onu başa düşməkdir, onu yarada bilməkdir. Bu isə bir az çətin məsələdir. İntellektual səviyyəyə qalanda isə hər bir sahədə intellektual səviyyə gözlənilməlidir. Gülüş sahəsi elədir ki, onun özünün spesifik şərtləri, xasiyyətləri var.

Biz son zamanlarda mühakimə etməyi çox sevirik. Bəzən kişi arvada deyir ki, bu nədir bişirmisən? Arvad da deyir ki, şükür elə ki bu da olsa var. Bu dəqiqə bizdə “şükür elə ki, bu da var” vəziyyətidir. Yəni o kinonu, filmi biz yaddan çıxarmağa qoymuruq.

Əgər tamaşaçının, izləyicinin ümumiyyətlə, düşünmə qabiliyyəti yoxdursa, o stəndapda düşünə bilməz. Amma ən böyük bəla odur ki sən tamaşaçı arxasınca gedirsən. Mən həm aktyorları, həm rejissorları nəzərdə tuturam. Tamaşaçının zövqünün arxasınca düşsən, ümumiyyətlə, heç nə olmayacaq. Çox təəssüf ki, biz bu axına qapılıb gedirik. Tamaşaçı zövqünü oxşamaq olar, amma sırf onun arxasınca getmək olmaz”.

Hazırda yerli televiziyaların efirində yayımlanan komediyalardan xəbərsiz olduğunu deyən Xalq artisti söyləyib ki, komediyanı yaşatmaq üçün bəziləri məktəb keçməlidir:

“Bizim bu dəqiqə istedadlı uşaqlarımız var. Amma onlara məktəb keçmək lazımdır. Həmin məktəb isə teatrdır. O məktəb rejissordur, dramaturqdur. Sən əgər teatrda epizodik rolda dayanırsansa, hadisənin şahidi olursansa, bu, artıq məktəbdir.

Aktyor mütləq səhnə görməlidir. O, mütləq tamaşaçını hiss etməli, tamaşaçı alqışını eşitməlidir. Qoy həmin alqış bu gün öz ünvanına olmasın. Amma o görəndə ki, hansısa aktyor üçün tamaçaşı gəlir, sizi inandırım ki, sabah o mütləq çalışacaq”.

A.Bəşirqızı bir sıra xarici ölkələrdəki komediya ustaları ilə yerli aktyorlarımızın müqayisəsi ilə bağlı isə bunları deyib:

“Xarici ölkələrdə olan aktyorlar bizim qədər qayğılı deyillər. Bizim qədər real həyatda baş verən hadisələri yaşamırlar, bizim qədər ağlamırlar, həyəcan keçirmirlər, qəmgin olmurlar, pessimizmə qapılmırlar. Aktyor cəmiyyətin üzüdür. Mən elə aktrisa tanıyıram ki, deyir, mən bundan sonra çətin ki, səhnəyə çıxam. Çıxa bilmir, çünki çox çətindir. Bütün baş verən hadisələr, müharibə və s. Elə bil ki, o artıq çıxıb komik rol oynamağa utanır. Bu, artıq faciədir, həyacan təbilidir”.

Xalq artisti son olaraq söyləyib ki, Azərbaycanda komediya yoxdur:

“Mən belə başa düşürəm ki, bizdə əsas amil dramaturji materialdır. Bu dəqiqə bizdə ümumiyyətlə komediya yoxdur. Amma satira var, sözü deyə bilmək var. Bu da hər aktyorun nəsibi deyil. Müzakirə etmək ən asan işdir. Bu sintetik növ olduğuna görə burada bir-iki adam cavabdeh deyil, hamımız cavabdehik”.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.