Əllərdə qalan özəlləşdirmə çekləri ilə bağlı QƏRAR HAZIRLANIR - AÇIQLAMA

21-04-2022, 11:46           
Əllərdə qalan özəlləşdirmə çekləri ilə bağlı QƏRAR HAZIRLANIR - AÇIQLAMA
Son dövrlərdə özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Təsadüfi deyil ki, bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər.

Bəs, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması nə qədər realdır? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması məsələsi müzakirəyə çıxarılıb:

“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirələrində sözügedən məsələyə toxunulub. Lakin qeyd etməliyəm ki, özəlləşdirmə çeklərinin yenidən istifadə edilməsi ilə bağlı fikir yoxdur. Şəxsən mən təklif etmişəm ki, özəlləşdirmə çeklərindən istifadə etmək lazımdır. Çünki bu onların payıdır. Ailələr vaxtında müəyyən səbəblərdən dolayı onlardan istifadə etməyiblər, lakin indi istifadə etməyə ehtiyac var”.

Millət vəkilli qeyd edib ki, təklif olunmasına rəğmən məsələ ilə bağlı son qərar hökumətindir:

“Buna hökumət qərar verəcək ki, həmin çeklərdən istifadə etmək olar, ya olmaz. Çünki investisiya layihələrindən başqa bəzi şirkətlər arasında özəlləşdirmə prosesi də gedəcək. Ola bilsin ki, bununla bağlı o zaman qərar verilsin. Lakin sözügedən məsələ artıq bizim yox, hökumətin verəcəyi qərardır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 1 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.

Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər-hansı hüquq və ya gəlir əldə etməsi mümkünsüz olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.