“Maska tələbi çoxdan ləğv edilməli idi, gecikmişik” - DEPUTAT

21-04-2022, 10:59           
“Maska tələbi çoxdan ləğv edilməli idi, gecikmişik” - DEPUTAT
Dünyanın bir çox ölkələrində tibbi maska və COVİD pasportu tələbi artıq yanvar-fevral ayından ləğv olunub. Böyük Britaniyada yanvarın sonunda tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldı. Maskaların taxılması yalnız səhiyyə təşkilatlarında məcburi olaraq qalıb. İsveçdə fevralın əvvəlindən hökumətin demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı qüvvəyə minib. Estoniya hökuməti bütün fəaliyyətlər üzrə COVİD sənədinin yoxlanılması tələbini ləğv etmək qərarına gəlib.

İtaliya Səhiyyə Nazirliyi maska rejimini ləğv edib. Macarıstan hakimiyyəti ictimai yerlərdə qoruyucu maskaların məcburi taxılmasını, həmçinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra digər məhdudiyyətləri ləğv edib. Fevral ayından Danimarka, ardınca İsveç, Norveç, Finlandiya bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib. Bu ölkələrin səlahiyyətlilərinə görə, infeksiyanın ağır nəticələri arxada qalıb. Hətta Türkiyədə, Ermənistanda belə fevral ayından tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub. Bugünlərdə Sloveniyada tibbi maskadan istifadə rejimi ləğv edilib. Eyni zamanda ABŞ-ın Florida ştatında ictimai nəqliyyatda məcburi qaydada maska taxılması barədə qərar ləğv edilib. Çexiyanın isə bütün ərazisində aprelin 14-dən ictimai nəqliyyatda məcburi qaydada tibbi maska taxmaq tələbi ləğv edilib.

Göründüyü kimi, əksər ölkələr maska və digər məhdudlaşdırıcı tədbirləri aradan qaldırıb. Bəs Azərbaycanda niyə qadağalar aradan qaldırılmır?

Aqil Abbas: "Kimin nə işlə məşğul olduğunu yaxşı bilirəm" - Azad söz

Aqil Abbas: “Görünür, hələ Operativ Qərargah ehtiyat edir ki, virus yenidən şiddətlənə bilər, amma...”

Millət vəkili Aqil Abbas bildirib ki, Azərbaycan maska tələbinin ləğvində gecikir: “Bizdə maska tələbi çoxdan ləğv edilməli idi. Çünki xəstəlik də azalıb. Maska insanlara mane olur. Görünür, hələ Operativ Qərargah ehtiyat edir ki, virus yenidən şiddətlənə bilər. Amma çox ölkələrdə yığışdırılıb. Maska insanları boğur. Havalar isinir, qapalı məkanlarda insanların maska ilə gəzməsinə nə ehtiyac var. Guya maska nəyin qarşısını alır ki?!”

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Həkim-infeksionist Mərdan Əliyev də hesab edir ki, maska tələbi ləğv olunmalıdır: “Pandemiya sona çatır. Yoluxma sayı da sıfıra yaxınlaşır. Bu, o deməkdir ki, kollektiv immunitet formalaşıb. Bu da onu deməyə əsas verir ki, maskaların istifadəsinə artıq bir çox yerlərdə ehtiyac yoxdur. Məncə, peyvənd sertifikatları da digər ölkələrdə olduğu kimi artıq aradan qaldırılmalıdır. Çünki kollektiv immunitet formalaşıb. Pandemiya bitsə də, virus tamamilə həyatımızdan çıxmayıb, virus qalır. Payız-qış aylarında yenidən alovlanma mümkündür. Düzdür, pandemiya səviyyəsində olmayacaq. Amma kəskin respirator xəstəliklər törədə bilir. Risk qrupuna aid şəxslər, sirroz xəstələri, ağciyər xəstələri özləri gedib peyvənd olunmalıdır, maskadan da fərdi şəkildə istifadə etməlidirlər. Yəni maskalardan istifadə, vaksinlərin tətbiqi fərdi şəkildə olmalıdır”./musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.