Yaşlı nəsil döyüşmək istəyir - qanun buna icazə verirmi?
27-04-2016, 09:23

Üzeyir Cəfərov: “Belə şəxslər orduya çağırıla da bilərlər”
Bu ayın əvvələrindən etibarən cəbhə xəttində baş verən döyüşlərdən və ordumuzun ciddi uğurlarından sonra Azərbaycan xalqı qələbəyə kökləndi. İstənilən yaş kateqoriyasından asılı olmayaraq, hər kəs könüllü surətdə orduya yazılmaq, torpaqlarımızın işğaldan azad olunması üçün döyüşmək istəyini ifadə etdi.
Xüsusilə bu məsələdə yaşlı nəsil daha çox diqqət cəlb etdi. Orduya yazılmaq yaşları keçsə də, yaşları 60-70-i ötmüş nəsil israrla döyüşmək arzularından danışdılar. Sosial şəbəkələrdə və mətbuat səhifələrində bu, açıq şəkildə özünü büruzə verdi. Bütün bunlardan sonra ictimaiyyəti bir sual maraqlandırır.
Ehtiyac yaranarsa, yaşları orduya yazılmaq dövrünü keçən şəxslər müharibəyə aparılarmı?
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, hazırda keçmiş döyüşçülərin və yaşlı nəslin orduya yazılmalarına ehtiyac yoxdur: “Yaxşı olardı ki, birinci Qarabağ savaşında iştirak edənlərdən yaşları uyğun olanlar əsgərlərimizin yanında olsunlar. Çünki onlar döyüş yerlərini daha yaxşı tanıyırlar. Bu istiqamətdə düşünürəm ki, addımların atılmasına böyük ehtiyac var. Keçmiş döyüşçülərin ön cəbhədə olmaları müharibə görməyən, eləcə də müharibədə iştirak etmək istəməyən şəxslərə bir örnək olar, ruh yüksəkliyi yaradar. Bu hal bizim üçün də yaxşı olardı. Amma yaşlı nəslin köməyinə hələ ki ehtiyac yoxdur. Ehtiyatda olanlar üç kateqoriyaya bölünür. Ehtiyatda olanlar, istefada olanlar və xidməti zərurət doğuran şəxslər. Bunlar hamısı qanunla tənzimlənir. Amma istəmirəm ki, yaşlı insanlarımız silah altına keçsinlər. Buna zərurət də yoxdur. Azərbaycan son döyüşlərdə azsaylı məhdud heyətdən istifadə etdi. Bu heyət tabor səviyyəsindən yuxarı keçmədi. Yalnız bir neçə taborun iştirakı təmin olunub. Amma silahlı qüvvələrimiz briqada şəklində döyüşlərə gedəcəksə, daha böyük nəticələr qazanmaq olar. Vətənpərvər insanlarımızın arzu və istəklərini başa düşürəm. Bu günlər onların mənəvi dəstək olmaları əsgərlərimiz üçün yetərlidir. Amma təbii ki, lazım olarsa, belə şəxslər orduya çağırıla da bilərlər. Əminəm ki, o zaman əsgərlərimizlə bərabər üzərlərinə düşən tapşırıqları yerinə yetirəcəklər”.

Hərbi ekspert bu kimi hallarda şəxsin fiziki göstəricilərinin də nəzərə alındığını söylədi: “Tibbi göstəricilər var. Bu göstəricilərə görə, əgər insanın fiziki göstəriciləri müəyyən məsafəni qət etməyə, nəzərdə tutulan yükü götürməyə imkan verirsə, sözsüz ki, bu şəxs müharibə vaxtı xidmətə yararlı sayılır. Əgər bu imkanlar yoxdursa, həmin şəxsi zorla xidmətə aparmaq olmaz. Bu gün əhalimiz 10 milyonu keçib. 4 milyondan çox əli silah tuta bilən vətəndaşlarımız var. O qədər şəxslər olduğu halda, yaşı keçmiş şəxsləri döyüşlərə aparmağa nə ehtiyac var? Səfərbərlik məsələləri yalnız ölkə başçısının tapşırığı ilə həyata keçirilə bilər və o zaman bu tipli şəxslərə ehtiyacın olub-olmaması məlum olur. Amma belə olacağını düşünmürəm. Birinci Qarabağ savaşında ordu tam formalaşmamışdı. Ona görə insanlar oradan-buradan tutularaq, hərbi hissələrə cəlb olunurdular. Sevindirici haldır ki, indi nizami ordumuz var. O ordu üzərinə düşən istənilən işi yerinə yetirmək iqtidarındadır”.musavat.com