"Təhsil naziri təcili tədbir görməlidir..." - ÇAĞIRIŞ
15-06-2022, 12:58
Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri, əməkdar elm xadimi, BDU-nun professoru Şahlar Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Teref.az onunla müsahibəni təqdim edir:
- Şahlar müəllim, bir neçə ildir subbakalavrlar qəbul imtahanı vermədən universitetlərə daxil olunurlar.Təhsil nazirinin fikrincə, subbakalavrların universitetlərə qəbulu keyfiyyətə yaxşı təsir göstərmir. Siz bu barədə nə düşünürsünüz?
- Subbakalavrların imtahansız ali məktəblərə qəbulu hədsiz dərəcədə mütərəqqi haldır. Bəli, regionların birində kolleci bitirən subbakalavr Bakıdakı kollec məzunu qədər bacarıqlı olmaya bilər. Amma zaman bunu düzəldəcək. Ona görə də Azərbaycan təhsilində son illərdə ən mütərəqqi addım subbakalavrların imtahansız ali məktəblərə qəbul olmasıdır.
Bunun sayəsində ali təhsilli insanlarımızın sayı artır. Ali məktəbə qəbul olmaq üçün müxtəlif əyri-üyrü "yollar"dan istifadə etmirlər. Ali məktəblərdə dövlət hesabına təhsil alan gənclərimizin sayı çoxalır. Ali məktəblər üzlərini gənclərə açmalıdır. Gənclərin ali təhsil almasına hamımız maraqlı olmalıyıq.
Əgər 30-40 il əvvəl Azərbaycan cəmiyyəti orta təhsilli cəmiyyət idisə, indi bütün dünyada çalışırlar ki, cəmiyyətlər ali təhsilli olsunlar. Subbakalavrların ali məktəblərə daxil olması bu keçiddə də bizim xeyrimizədir. Nəzərə alın ki, inkişaf etmiş ölkələrdə hər 100 gəncin 90-nı ali məktəblərdə təhsil alırlar.
- DİM sədri və təhsil nazirinin fikrincə, qəbul imtahanlarında ənənəvi kağız sistemindən kompüter sisteminə keçə bilər. Sizcə, bu, imtahanların keyfiyyətinə nə kimi təsir edə bilər?
- Gərək bunu təcrübədə müşahidə edək. Onsuz da zaman ötdükcə bu sistemə keçid ediləcək. Emin Əmrullayev və Məleykə Abbaszadə bu işi yaxşı bilirsə, o demək deyil ki, hər kəs elədir. Zaman keçdikcə hamısı olacaq.
Xatırlayıram, 20 il əvvəl ölkədə 1031 şagirdə 1 kompüter düşürdü. İndi demək olar ki, məktəblər və əhali kompüterləşib. Nazirin və DİM sədrinin dediyi bu gün keçərli olmasa da, 5-6 il sonra rellaşacaq.
- Builki qəbul nəticələrinə görə, Bakının 152 saylı məktəbindən heç bir şagird ali məktəbə daxil olmayıb. Bir məktəbin belə nəticə göstərməsi normal hal kimi qəbul edilə bilər? Sizcə, burada təqsirkar müəllimlərdir, yoxsa təhsil sistemi?
Ətraflı
- Qətiyyən normal hal kimi qəbul edə bilməz. Deməli, Bakıda 310-dən çox məktəb varsa, bu məktəblərin biri bu göstəriciyə sahibdirsə, mütləq orada idarəetmədə yenilik olmalıdır, nazir təcili tədbir görməlidir. Azərbaycanda çox bacarıqlı direktorlarımız var, onlardan birini təhsil naziri həmin məktəbə direktor təyin etməlidir.
- Emin Əmrullayev bildirib ki, bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb. DİM sədri Məleykə Abbaszadə də deyib ki, bəzi müəllimlər öz reputasiyası üçün günahı DİM-in üstünə atır. Siz necə düşünürsünüz, göstərilən uğursuz nəticələrin səbəbkarı müəllimlərdir?
- Nazir deyirsə, deməli, bilir ki, deyir. DİM məsələsinə gəlincə, sualları çətin olmaqla yanaşı, Məleykə Abbaszadənin dediyində də həqiqət var. Məleykə Abbaszadə özü də etiraf etmişdi ki, DİM-də suallar bəzən çətinləşdirilir ki, heç kim 700 bal toplaya bilməsin. Bu, tamamilə yanlış pedaqoji yanaşmadır, milli mənafeyə zidd yanaşmadır. DİM yalnız uşaqların biliyini ölçməli, özündən heç nəyi əlavə etməməlidir.
- Bir müddət əvvəl təhsil naziri məktəblərə ianə olunmasının və fond yaradılmasının qanuniləşdirilməsinə tərəfdar çıxmışdı. Bu, müəyyən narazılıqlara, narahatlıqlara səbəb olmuşdu. Siz bu barədə nə düşünürsüz?
- Bu, çətin sualdır. İanəni Qərblə müqayisə edək. Avropada bir adam dünyasını dəyişməzdən əvvəl öz var-dövlətini məzun olduğu məktəbə bağışlaya bilər. O inanır ki, həmin pul məktəbə sərf olunacaq. Amma Azərbaycan mühitində hələ ki şəxsi mənafelər üstün olduğuna görə bu, bir az çətindir. Heç kəsin etibarı yoxdur ki, verdiyi pul düzgün istiqamətdə xərclənəcək.
Məsələn, Birinci Qarabağ müharibəsində bütün qadınlar qızıllarını cəbhəyə dəstək üçün göndərirdilər. İndi o qızıllar haradadır? Bu acı təcrübə həm ali məktəblərimizi, həm də orta məktəblərimizi camaatın dəstəyindən məhrum edir. Cəmiyyət halallaşmalıdır, heç kəs heç kəsin malına göz dikməməlidir.
- Orta məktəblərdə tədrisinin 15 sentyabrda başlayıb 14 iyunda bitməsi bir çox valideyn və müəllimin narazılığına səbəb olur. Necə düşünürsünüz, məktəblərdə dərslər əvvəlki kimi 1 sentyabrda başlayıb, 31 mayda yekunlaşa bilərmi? Buna ehtiyac varmı?
- Sovet dövründə dərslər 1 sentyabrda başlayıb, 25 mayda sona çatırdı. Sovet dövləti ərazisi böyük dövlət idi. Kamçatkadan Brestə qədər ərazini əhatə edirdi. 1 sentyabr-25 may o dövlətin ölçülərinə hesablanmışdı. Azərbaycan isə ərazi cəhətdən kiçik dövlətdir. Həm də aqrar sahəsi geniş ölkədir. Tədirisin 15 sentyabr başlayıb, 14 iyun başa çatması normalıdr, bununla barışmaq lazımdır. Çünki 15 sentyabra qədər uşaqlar kənd təsərrüfatı işlərində valideynlərinə kömək edə bilərlər. Bəzi insanlar üçün bu qeyri-məqbul sayılsa da, bütün Azərbaycan üçün ən doğru qərardır. 15 sentyabrda temperatur da məktəb üçün əlverişlidir.