"Elə Amerikanın “Ulduz müharibəsi” proqramlarına baxanda da bu, kifayət edir" - Sərdar Cəlaloğlu
16-06-2022, 09:47
“Mənim qətim belədir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uğur qazana bilməz. Bunu sadə misalla da göstərmək olar. Təsəvvür edin, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Bu halda Rusiya necə uğur qazana bilər?” Teref.az xəbər verir ki, bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu diqqətə çatdırıb ki, Rusiya rəhbərliyinin ayrı-ayrı nümayəndələri dünyanı atom bombası ilə qorxutsa da, bu, populizmdən başqa bir şey deyil: “Son 20 ildə dünyada sürətli inkişaf baş verib, indi nüvə başlığı daşıyan sistemləri yerindəcə məhv etmək imkanları mövcuddur. Elə Amerikanın “Ulduz müharibəsi” proqramlarına baxanda da bu, kifayət edir”.
ADP sədrinin fikrincə, Ukrayna müharibəsi fonunda Kreml rəhbərliyinin dünyanı nüvə silahı ilə qorxutması boş söhbətdir.
Onun sözlərinə görə, texnika, texnologiya və ordusunun imkanları baxımından Rusiya təsəvvür edildiyi qədər qüdrətli dövlət, dünyanın ikinci ən güclü ordusuna sahib deyil: “Dünya görür ki, Rusiya özündən kiçik, ordusu az qala 60-cı yerdə olan Ukrayna ilə bacarmır. Bu, əslində Rusiya siyasətinin yanlış olduğundan xəbər verir. Rusiya təzyiq və təhdidlər üzərindən siyasət qurur və nələrəsə nail olmağa çalışır. Reallıqda onun biz düşündüyümüz həddə potensialı yoxdur”.
S. Cəlaloğlu deyib ki, Putinin Ukraynaya hücumu, intervensiyasının əsas məqsədi Rusiyanı dağılmaqdan xilas etməkdir:
“Siyasət elmi sübut edir ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün hər zaman xarici düşmən obrazı yaratmaq keçərlidir. Xarici münaqişəyə cəlb olunmaq isə diqqəti daxildən yayındırmağın ən effektiv yoludur. Bir vaxtlar SSRİ mümkün dağılmasının qarşısını almaq məqsədilə Əfqanıstana müdaxilə etdi. İndi də Rusiya bunu təkrarlayır, dağılmaqdan xilas olmağın yolunu Ukraynaya müdaxilədə görür”.
ADP sədri bildirib ki, indi Rusiya tərəfdən Ukrayna ilə müharibədə iştirak edənlərin az qala mütləq əksəriyyəti milliyyətcə rus deyil. Onun ehtimalına görə, bu da təsadüfi sayılmamalıdır: “Nəzərə alınmalıdır ki, Ukraynada savaşa göndərilənlərin mütləq əksəriyyəti sabah Rusiyada mərkəzdənqaçma proseslərində aktiv rol ala bilərlər. İndi Kremli bir yandan əhalisinin diqqətini xarici müdaxiləyə cəlb etməklə əslində daxildən diqqəti yayındırır, digər yandan da mərkəzdənqaçma meyllərinin daşıyıcılarını bu müharibədə məhv edir”.