Xalq taksi sürücülərindən narazıdır - Ciddi yoxlamalar başlaya bilər
17-06-2022, 08:25
Ölkəmizdə müxtəlif taksi şirkətləri fəaliyyət göstərir. Sürücülərin əksəriyyəti daha çox onlayn qaydada şirkətə üzv olaraq işə başlayırlar. Beləliklə, sürücülərin hər hansı pis vərdişinin olub-olmadığı dəqiqləşdirilmir. Belə halların nəticəsidir ki, son vaxtlar polis tərəfindən saxlanılan narkoman sürücülərin sayı da artıb. Bu cür hadisələr isə cəmiyyətdə narahatlıq doğurur, insanların təhlükəsizliyini gündəmə gətirir. Bu halların qarşısını almaq üçün taksi sürücüləri narkotik testindən keçirilməlidirmi?
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Bakupost.az -a açıqlama verib.
O, cəmiyyətdə taksi sürücülərinin fəaliyyəti ilə bağlı narazılıq olduğunu qeyd edib:
“Bu şirkətlərdə sürücülərin xidmətləri ilə bağlı narazılıqlar var. Düzdür, proqram vasitəsilə fəaliyyət göstərən bəzi şirkətlər çox rahatdır, anında sifarişi yerinə yetirir, amma bəzi şirkətlər var ki, onlar sifarişi qəbul edir, müştərini gözlədir, müəyyən vaxt keçdikdən sonra isə sifarişdən imtina edirlər. Taksidən istifadə edən insanlardan bu cür narazılıqları eşidirəm. Əgər şirkət sifarişi qəbul edə bilmirsə, anında imtina etsin. Çünki insanlar onu gözləyir, harasa gecikir”.
Millət vəkili sürücülərin testlərdən keçməsinin zəruri olduğunu düşünür:
“Ümumiyyətlə, iaşə mərkəzlərində işləyənlər, sürücülər, bir sözlə, xidmət sahəsinin işçiləri mütəmadi olaraq istər narkotik, istərsə də sağlam olduğunu göstərən digər testlərdən keçməlidir. Çünki insanların həyatı bilavasitə bu sürücülərdən aslıdır. Onlar psixi cəhətdən sağlam olmaya, narkotik maddə və ya spirtli içki aludəçisi ola bilərlər. Bu əməllər, əlbəttə ki, qanunla cəzalandırılır. Amma hər halda insanların taleyi onlardan asılıdır. Sürətin idarəsi, yol hərəkət qaydalarına riayət olunmasına diqqət edilməlidir. Taksilərdən uşaqlar, gənclər də istifadə edirlər. Yaşdan asılı olmayaraq müxtəlif insanlar taksidən istifadə etdikləri üçün sürücülər mütləq həmin testlərdən keçməlidirlər”.