“İlham Namiq Kamal, sənin hansı sənətin, hansı səviyyənin yiyəsi olduğunu yaxşı bilirəm” - QALMAQAL
17-06-2022, 18:09
“Yaxşı atalar sözümüz var: “millət üçün ağlayan kor olur”. Azərbaycan kinosunun bugünə qalmasının əsas səbəbi başda rəhmətlik Rüstəm İbrahimbəyov və Rasim Balayev olmaqla o vaxtkı katiblik idik. Rüstəm Azərbaycan Kinematoqrafçılar İttifaqındakıları tək qoyub, aradan çıxdı, Moskvaya getdi. O ittifaqın da qapısından qıfıl asdılar ki, belə siyasiləşmiş bir yer dövlətə, xalqa lazım deyil. Sonra orada kimin nələr etdiyi ilə bağlı istintaq gedib, cinayətkarlar ortaya çıxıb. Bunu camaatın yaddaşından silmək istəyirlərsə, mümkün deyil. Azərbaycanın bir kino xadimləri ittifaqı var: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı. Bu İttifaq dövlət səviyyəsində qorunub saxlanılıb, çünki Şəfiqə Məmmədova burada katiblərdən biri idi. Onun adı qalmaqallarda, korrupsiya məsələlərində hallanmadığı üçün düşdü qabağa, çalışdı-vuruşdu, dağılmış, qapıları bağlanmış ittifaqı bərpa edə bildi. Azərbaycan kinosunun qaymaqları, Şəfiqə Məmmədova, Eldar Quliyev, Ayaz Salayev, Oqtay Mirqasımov ittifaqın katibləridirlər. Rüstəm İbrahimbəyovun xəstə vaxtı qazanı qaynatması və kinoya aidiyyatı olmayan adamları başına yığıb ittifaq yaratması nəyə lazım idi? Bir ittifaq onsuz da var, yenisinəyə lazımdır? Yaxşı, günahınız yox idisə, qayıtmışdınız, gələrdiniz, birləşərdik. Daha ara qızışdırmaq nəyə lazım idi? Kinoya aid olmayan adamların hərəsi bir “mız” qoyur, münasibətləri daha da gərginləşdirirlər və çox təəssüf ki, Rasim Balayev gərginliyi artırır. Rasim, axı mən sənə müraciət etmişdim, demişdim ki, gəl bunu etməyək. İstəyirsənsə, ağsaqqallıq et, düş qabağa və bir qurultay çağıraraq, ittifaqı birləşdirək. Yoxsa sən Rüstəmin evində kimlərisə yığıb xəlvəti qurultay keçirirsən. Oradakı siyahıya da baxsan kinoya aidiyyatı olan kimsə yoxdur.” TEREF.AZ xəbər verir ki, bunu Pravda.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Şeyx Əbdül Mahmudbəyov deyib.
Xalq artisti bu ittifaqda Baba Vəziroğlunun da iştirakına münasibət bildirib. “Baba Vəziroğlunun iştirakı, ümumiyyətlə, gülüncdür. Özünə də demişəm ki, Rüstəmin sərəncamı və o vaxtkı katiblərin, yəni Rasim Balayevlə, Rafiq Hüseynovun imzası ilə səni oradan pis işçi kimi qovublar. Yenidən hansı üzlə gəlib gah nala vurursan, gah da mıxa. Ayıbdır axı. Belə oyunlar lazım deyil. Axı sənin kinoya nə aidiyyatın var? Gəlib özünü “soxursan” növbəti qarşıdurmalara, söz-söhbətlərə bir az da rəvac verib qızışdırırsan. 5-6 nəfər qalmışıq, Eldar, Rüstəm dünyalarını dəyişib getdilər, hamımızın 70-80 yaşımız var, biz də gedəcəyik, nə örnək qoyuruq ki? İntriqa üçün iki ittifaq yaradıb kino işçilərini bir-birinə qarşı qoyuruq? Onları bir-birinə düşmən edirik? Nədir axı məqsədimiz? Nəyi, hansı var-dövləti bölə bilmirik? Əgər kreslo davası edirsinizsə, kinoda kreslo yoxdur...”
Ş.Ə.Mahmudbəyov “Qaynana” filmi haqqında məsələyə də toxunub: “O film haqqında dediklərimdən şou düzəldiblər. Nəsibə xanımın ustalığına bir söz deməmişəm. Sadəcə olaraq, son zamanlar cəmiyyətimizdə artan sosial problemlər fonunda belə filmlərə ehtiyac olmadığını bildirmişəm, çünki bu, sovet ideologiyasının təsiri ilə yaranmış film idi. Bizdə elə qaynanalar yoxdur. Hələ bununla bağlı da mənə salam verməyi özünə şərəf sayan İlham Namiq Kamaldan da soruşublar. O da deyib ki, mən Şeyx Əbdül adında sənət adamı tanımıram, o kimdir. Mən isə deyirəm ki, İlham, səni çox yaxşı tanıyıram və hansı sənətin, hansı səviyyənin yiyəsi olduğunu da yaxşı bilirəm. Bu gün Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə bağlı problemləri həll etmək əsl ziyalıların işidir və sən bu siyahıda yoxsan”.