“Deputatın maaşını qaldırmaqdansa, qaziləri işlə təmin edin...” - Elçin Şıxlı
23-06-2022, 17:18
“İnflyasiya, bahalaşma sürətlənir, amma əhalinin qazancı, məvacibi artmır. Bu fonda millət vəkillərinin məvaciblərinin artırılması neqativ haldır”.
Teref.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deputatların maşlarının artırılması ilə bağlı danışarkən deyib.
O insanların narazılığını haqlı hesab edir:
“Əhali çox şeydən narazıdır və narazı olmalı çox şey var. Deputatların maşının hazırkı zamanda qaldırılmasını düzgün hesab etmirəm, yəni gözləmək də olardı. Dövlət işində çalışan insanların mütləq əksəriyyəti elə bir məvacib almalıdırlar ki, gözləri orada-burada olmasın. İnsanların fikirləri budur ki, millət vəkillərini biz seçmişiksə, onlar niyə bizim hesabımıza məvaciblərini artırırlar, amma biz köhnə səviyyədə qalırıq? Yəni bunun müxtəlif yozumları və izahları ola bilər. İnsanların narazılığını haqlı hesab edirəm.
Bu gün Vətən Müharibəsi iştirakçısı işsizdirsə, ilk növbədə, onun işlə təmin olunması vacibdir. Biz bu insanlara borcluyuq. Bu gənclər bizim üçün canlarından keçiblər. Bunlar həll olunmalıdır. Amma hər şeyi də hökumətdən gözləmək olmaz. Özəl sektorlar da bu məsələdə həssas davranmalıdırlar”.