Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək - Rey Kərimoğlu

25-06-2022, 10:29           
Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək - Rey Kərimoğlu
Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək
Vətən müharibəsi qaziləri Qarabağdakı quruculuq işlərinə cəlb ediləcək. Bu barədə “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində Peşə Təhsil Mərkəzində kurslara cəlb olunan qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatların təqdimatı mərasimində çıxışı zamanı bildirib. Millət vəkili qeyd edib ki, peşə təhsilini müvəffəqiyyətlə başa vuran qazilər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər: "Peşə təhsili hazırda çox mühümdür. Dövlətimiz tərəfindən təhsilə 4 milyard manat əlavə xərc ayrılıb. Bunun 64 milyon manatı peşə təhsilinin payına düşür.

Ümumiyyətlə peşə təhsilinin əhəmiyyəti ondan ibarətdir ki, bu gün Qarabağda yenidənqurma və bərpa işləri həyata keçirilir və peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər məhz bu yenidənqurma işlərində iştirak edə biləcəklər. Çünki Azərbaycana bu gün yüksək peşə təhsili və ixtisas qabiliyyətinə malik şəxslər lazımdır. Ümidvaram ki, qazilərimizin aldıqları peşə təhsili sertifikatları gələcək həyatları, karyeraları üçün çox önəmli bir irəliləyiş olacaq". Xatırladaq ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verdi. Layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və "Ekvita" şirkətlərinin maliyyə dəstəyi ilə "Kulane" Peşə Təhsil Mərkəzində kurslara cəlb olundu. 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərinə yiyələndilər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. Kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub. Növbəti mərhələ qazi və müharibə iştirakçılarının Qarabağda aparılan quruculuq işlərinə cəlb edilməsidir. Dia.az-ın məlumatına görə, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi qaizisi, jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında layihəni müsbət dəyərləndirdi:

- Əlbəttə, qazilərin, müharibə iştirakçılarının müəyyən peşələrə yiyələnməsi, onların əmək bazarına cəlb olunması, işlə təmin edilməsi müsbət haldır. Məlumdur ki, hazırda işsiz qazilərimiz var. Əlilliyə görə müavinətin hazırda kifayət qədər olmadığı nəzərə alınarsa, qazilərin işlə təmin olunması vacib məsələdir. Bu, qazilərin maddi probleminin həllinə böyük dəstək olar. Digər tərəfdən işlə təmin edilmək, xüsusilə də işqaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə cəlb edilmək qazilərimizin psixoloji durumuna, əhval-ruhiyyəsinə də müsbət təsir edəcək. Vətən uğrunda döyüşmüş oğullar təkcə müharibədə deyil, dinc dövrdə də özlərini lazımlı, gərəkli hiss edəcəklər. Qarabağda döyüşmüş əsgərin yenidən Qarabağa qayıtması, oradakı quruculuq, abadlıq işlərində iştirak etməsi qaziyə böyük ruh yüksəkliyi verəcək. Üstəlik, maddi cəhətdən də sıxıntıları azalacaq. Ümumiyyətlə, bu cür layihələr alqışlanmalıdır. Müharibə iştirakçıları, veteranlar hər şeyin müharibə ilə bitmədiyini, həyatın davam etdiyini hiss etməli və gündəlik yaşayışlarında bunu real olaraq görməlidirlər. Bu baxımdan, qazilərin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsi, əlbəttə, müsbət hadisədir, alqışlanmalıdır.
R.Kərimoğlu vacib bir məqamı da vurğuladı:
- Peşə təhsilinə yiyələnmək lazımdır. Lakin görürük ki, son zamanlar bir çox təşkilatlar, ayrı-ayrı qurumlar layihələr həyata keçirir və bunlar müvəqqəti xarakter daşıyır. Yaxşı olar ki, müharibə iştirakçılarının dövlət xəttiylə peşə təhsili alması təmin edilsin. Məsələn, Təhsil Nazirliyinin balansında olan peşə məktəbləri var. Eləcə də, Dövlət Neft Şirkətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, digər dövlət qurumlarının. Dövlət qurumlarının nəzdində fəaliyyət göstərən kurslar da var. Qazilər məhz dövlətin balansında olan peşə məktəbləri və kurslara cəlb olunsa daha yaxşıdır. Peşə təhsilinə ciddi yanaşılmalıdır. Hazırda Qarabağda aparılan quruculuq işlərində sürücüyə, xarrata, dülgərə, qaynaqçıya... hər bir peşə üzrə ustalara ehtiyac var. Böyük layihələr icra edilir və bu işdə orta peşə təhsilli işçidən tutmuş ali təhsilli mütəxəssisə qədər hamıya ehtiyac yaranır. Ona görə də qazilərin, müharibə iştirakçılarının peşə təhsilinə yiyələnməsi vacibdir.

R.Kərimoğlu ümumiyyətlə, müharibə iştirakçılarının ali təhsil almalarına da dövlət səviyyəsində dəstək göstərilməli olduğunu dedi:

- Təhsil almamış, lakin orta ixtisas və ali təhsil almaq arzusunda olan qazilər təhsilə cəlb edilməlidir. Və onlara dövlət dəstəyi təmin edilməli, güzəştlər tətbiq edilməlidir. Əlbəttə, mən savadlı, orta təhsil pilləsini ali təhsil pilləsi üçün münasib qaydada başa vurmuş şəxsləri nəzərdə tuturam. Orta ixtisas və ya ali təhsil almaq istəyən qazilərə imkan yaradılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.