Azərbaycan kommunistlərinin lideri Ukraynadan rus raşistlərin dili ilə danışdı: - "İşğal faktı yoxdur"

25-06-2022, 11:50           
Azərbaycan kommunistlərinin lideri Ukraynadan rus raşistlərin dili ilə danışdı: - "İşğal faktı yoxdur"
“Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan Kommunist Partiyasının və mövqeyim tam şəkildə aydındır. Demək olmaz ki, tərəflərdən hansınınsa mövqeyini müdafiə edirəm. Xeyr, bu belə deyil. Nə Ukraynanı, nə də Rusiyanı dəstəkləyirəm. Sadəcə olaraq, mən Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatı təqdir edirəm, dəyərləndirirəm. O mənada ki, bütün dünyanın gözü qarşısında Ukraynada baş verən hadisələr – faşizmin inkişaf etdirilməsi, faşizm elementləri və hərəkətləri Azərbaycan communist Partiyasının rəhbəri, o cümlədən, bir vətəndaş kimi məni narahat edir”.

Teref.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Ukrayna-Rusiya savaşı ilə bağlı rəhbərlik etdiyi siyasi təşkilatın mövqeyindən danışarkən deyib.

Partiya sədri bildirib ki, o faşizm kimi yasaq edilmiş bir ideologiyanın yenidən dirçəldilməsinə qarşıdır:

“Azərbaycan cəmiyyətinin bu barədə fikirlərinə baxanda görürük ki, “camaat qırıldı”, “itkilər var” fikirləri üstünlük təşkil edir. Gəlin, məsələnin əsl mahiyyətinə, kökünə baxaq. Baxanda görürük ki, Ukraynada baş verən hadisələrin kökündə nələrin dayandığını aydın şəkildə görmək mümkündür. Rusiya öz dövlət təhlükəsizliyi nöqteyi nəzərdən Ukraynada hərbi əməliyyatlar keçirməyə məcburdur. Rusiyanı elə bir vəziyyətə gətirdilər ki, Kreml Ukraynada hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar olaraq qərar qəbul elədi. Ona görə də mən Rusiyanın haqlı mövqeyini müdafiə edirəm, düşünürəm ki, şimal qonşumuz öz dövlət təhlükəsizliyini təmin etmək üçün Ukraynada xüsusi əməliyyatın keçirilməsinə məcbur oldu. Fikrimcə, Rusiyanın bu əməliyyatı keçirməyə haqqı var”.

Rauf Qurbanovun sözlərinə görə, artıq müharibənin dördüncü ayı gedir və avaşın ilk günlərində ictimaiyyətdə tamamilə başqa fikirlər var idi:

“Düşünürdülər ki, Rusiya Ukraynanı işğal eləmək istəyir. Rusiyanın Ukraynanın ərazisinə qanunsuz daxil olduğunu bildirirdilər. Bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq eləməyə başladı. Bulanıq su durulduqca, hadisələr araşdırıldıqca Qərb dünyası da müəyyən etiraflar etməkdədir. Yəni, görürlər ki, Ukraynanın yanında durmaq o qədər də məqbul iş deyilmiş. Ukraynadakı korrupsiya halları, orada faşizmlə bağlı elementlərin olması heç də gizli məsələ deyildi. Onlar da bunu gizlətmirdilər. Mən sadə ukraynalıları nəzərdə tutmuram. Söhbət hazırda Ukraynada hakimiyyətdə olan qüvvələrdən gedir. Mən Zelenskinin komandasının yürütdüyü siyasətdən narazıyam. Ona görə də hesab edirəm ki, Rusiyanın Ukraynada apardığı əməliyyat uğurla başa çatacaq. Ukrayna faşizm elementlərindən tamamilə təmizlənəcək. Orada xalqın dəstəyi ilə yeni hakimiyyət formalaşcaq. Eyni zamanda, Ukrayna xalqı xoşbəxt, firəvan yaşamağa layiqdir. Ortada işğal faktı yoxdur”.

AKP sədrinin fikrincə, İraqda, Əfqanıstanda, Suriyada aparılan müharibə ilə Ukraynada aparılan hərbi əməliyyatları müqayisə etmək lazımdır:

“Görün, harda üst-üstə düşən məqamlar var?! İraqda aparılan müharibədə bir milyondan artıq iraqlı məhv oldu. Onlar üçün yaşıl dəhliz, humanitar koridor da açılmamışdı. Dinc əhalinin oradan çıxarılması üçün şərait yaradılmamışdı. Yuqoslaviya bombardman edildi, milyonlarla insan həlak oldu. Amma dünyanın bu məsələdə gözü kor, qulağı isə kar oldu, səsini çıxarmadı. Kosovanı zorla Serbiyadan ayıraraq ona müstəqillik verdilər. Ancaq bu gün Rusiyanın Ukraynadakı əməliyyatlarına bütün dünya qarşı çıxır. Üstəlik, sanksiyalar da tətbiq edirlər. Rusiyalı tələbələr heç bir əsas göstərilmədən, qanunsuz olaraq universitetlərdən xaric olunurlar. Tutduğu vəzfiələrdən uzaqlaşdırılırlar. Özünü bütün dünyaya demokratiyanın beşiyi kimi sırımağa çalışan Amerik Birləşmiş Ştatlarına, Qərb dövlətlərinə bu cür hərəkətlərinə haqq qazandırmaq mümkün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.