“Atam otel otağında dünyasını dəyişmişdi, Habil Əliyev kamanını ona vəsiyyət etmişdi”

27-06-2022, 09:18           
“Atam otel otağında dünyasını dəyişmişdi, Habil Əliyev kamanını ona vəsiyyət etmişdi”
“Atam otel otağında dünyasını dəyişmişdi, Habil Əliyev kamanını ona vəsiyyət etmişdi”

“Mən ailəmizin böyük övladıyam, məndən sonra bir bacım Aydan və qardaşım Səfərəli var. Uşaqlıq illərimiz 5 mərtəbə deyilən ərazidə keçib. Bizim həyət evimiz var idi, o həyəti hamı “Vəzirovlar” ailəsinin həyəti kimi tanıyırdı. Mənim babam da Səfərəli Vəzirov qarmon ifaçısı olub, əmilərim Vəzirov Kamil, Ramiz, Ağarza hamısı musiqiçilər idi”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, kamança ifaçısı Ədalət Vəzirovun oğlu Tural Vəzirov deyib. O daha sonra əlavə edib.

“Qardaşım kamança üzrə təhsil alıb, 11 illik musiqi məktəbində, bacım fortepiano sinfini bitirib, hazırda da İncəsənət universitetində müəllim çalışır. Qardaşım kamançada ifa etməsinə baxmayaraq hazırda o sənəti davam etdirmir. Biz özümüzə sənət yolu seçərkən, atamız bizə məsləhət verirdi, mən həkim olmaq istəyirdim, onun məsləhəti ilə mən iqtisadiyat sahəsinə yönləndirildim” deyə sənətkarın övladı bildirib.

Tural Vəzirov deyib ki, Habil Əliyev kamançasını atasına vəsiyyət edib.

“Habil Əliyev klassik kamança sənətinin bir simvoludur, etalondur. Amma mənim atam olduğu üçün demirəm, Ədalət Vəzirov kamançanı modernləşdirdi. İndi hər ikisi haqq dünyasındadırlar, yəqin ki, öz aralarında nəsə söhbət olub, ona görə Habil müəllim bu sözü deyib. Habil Əliyevin kamançanı atama etibar etməsi, o demək idi ki, estafeti atam aparacaq, kamançanı xalqa o sevdirəcək. O vaxt milli alətlərə maraq böyük deyildi, yəqin belə bir narahatlıq var idi Habil müəllimdə. Çox təəssüf ki, atam Habil Əliyevdən əvvəl dünyasını dəyişdi. Atamızın iki kamançası var idi, biri evdə olurdu, biri də işlək idi. Kamançanın birini Heydər Əliyev fonduna hədiyyə etmişik, mərkəzdə sərgilənir” deyə o deyib.


“2002-ci il oktyabr ayının əvvəlləri idi. Tekne orkestrinin 10 illik yubileyi üçün konsert törəni hazırlamışdılar. Atam o vaxt Sumqayıt musiqi kollecinin direktoru çalışırdı. O adətən səfərlərə tək gedirdi, çünki solo çıxış edirdi. Hər səfərə gedərkən yaxın dostları ilə sağollaşırdı, onu yola salırdılar. Bizlə sağollaşanda müəyyən tövsiyələr verirdi, mən evin böyük övladı idim, deyirdi ki, “ailə sənə əmanətdir”. Bu dəfə bir növ baxışları bizdən qaçırdırdı, xüsusən də məndən. Hiss edirdim ki, üzbəüz gəlmək istəmir. Sonuncu dəfə evdə bizlə çox soyuq sağollaşdı. Türkiyəyə yola düşdü. Bir neçə gündən sonra zəng edib bizə dedilər ki, atanız xəstələnib, yanına gəlin. Xalam oğlu ilə gecə Türkiyəyə uçduq. Dedilər ki, otel otağında tək-tənha dünyasını dəyişib. Mənim atamın öz sənət dostları ilə olan münasibətləri o səviyyədə qurulub ki, bu həm də ruhən qurulmuş münasibətlər idi. Atam dünyasını dəyişəndə bütün sənət dostları, ictimaiyyətin nümayəndələri bizə gözəl münasibət, qayğı göstərdi. Onlar bizim şad günümüzdə elə iştirak ediblər ki, biz atamızın yoxluğunu hiss etməyək. İnsan nə qədər yetkin olsa belə valideyn hər zaman valideyndir. İnsanın hər zaman valideynin məsləhətlərinə ehtiyacı olur. Sözsüz ki, 20 il ərzində bizim də gözümüz atamızı axtarıb. Amma biz özümüzü tanıyandan atamızın qısa dövr ərzində verdiyi məsləhətlər, bizlə keçirdiyi vaxtlar bu gün də bizim yolumuzda işıqdır” deyə sənətkarın övladı bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.