"Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran?" - ETİRAZ
27-06-2022, 10:28
Son vaxtlar İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər arasında narazılığın artdığı müşahidə olunur. Qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında həyata keçirdiyi etiraz aksiyalarının, onların mediada işıqlandırılan problemlərinin, eyni zamanda intihar edən qazilərin sayı artıb.
Qazilərin nazirlik qarşısında iyunun 2-də keçirdiyi son aksiyada yaşanan insidentdən sonra adəti üzrə hakimiyyətə yaxın medialar müxtəlif əsaslar gətirərək, həmin aksiyada iştirak etmiş qaziləri ittiham etdilər və adəti üzrə bu dəfə də həmin qaziləri xarici qüvvələrin maraqlarına xidmət etməkdə ittiham etdilər. Amma onların qaldırdığı problemlərin bir çoxu həllini tapmadı. İyunun 16-da Sabirabad rayonu Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu pay torpağında ağacdan özünü asaraq intihar etdi. Qeyri-rəsmi hesablamalara görə, bu, qazilər arasında baş vermiş sayca 31-ci intihar hadisəsidir. Maşallah Manafovun intihar etməsinə görə sosial media istifadəçiləri rayon icra hakimiyyətini günahlandırırdı.
Rayon icra hakimiyyəti isə açıqlama yayaraq, qazinin intiharının rayon icra hakimiyyəti ilə əlaqəsi olmadığını bildirib. Nədir son vaxtlar qaziləri belə addımlar atmağa vadar edən? Nədir və ya kimlərdir onları bezdirən? “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü, jurnalist Rey Kərimoğlu ASTNA-nın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Rey bəy, sizcə, qaziləri narazı salanlar kimlərdir? Və bu narazılıqların arxasında hansı səbəblər dayanır?
- Qazilərin problemlərinin həlli istiqamətində dövlət xeyli işlər görür. Prezident İlham Əliyev 44 günlük müharibə ərəfəsində 40-dan çox fərman və sərəncam imzalayıb, qanunvericilik aktlarına dəyişikliklər edib. Bir çox qazilərə avtomobillər, mənzillər hədiyyə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bazasında Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Bura 7 dövlət qurumu daxildir. Əvvəllər qazilər, şəhid aillələri bir problemin həlli üçün həmin yeddi qurumu gəzirdisə, indi onlar cəmi bir mərkəzə üz tuturlar. Dediyim kimi, xeyli işlər görülüb. Amma bütün bunlarla bərabər, bir çox problemlər hələ qalıb. Problemin yaranmasının iki əsas səbəbi var.
Birincisi qanunvericiliyin yaratdığı, digəri isə məmur özbaşınalığının yaratdığı problemlərdir. Bu gün qazilərin əksəriyyətinin yaşadığı problemlərin əsas faktoru həm qanunvericiliyin yaratdığı problemlərdir, həm də məmur özbaşınalığının. Nazirlər Kabinetinin 413 saylı qərarı (“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI) yanlış və saxta qərardır. Həmin qərar Milli Məclisdə oxunmadan qəbul edilib. Müxtəlif dövlət qurumları həmin qərara rəy verməli olduğu halda heç bir qurum həmin qərara rəy verməyib. Problemin kökü həmin qərardadır.
Məmur özbaşınalığı isə həm məmur səhlənkarlığından, həm də qanunvericiliyin yaratdığı problemlərdən ortaya çıxır. Məmur problemi düzgün izah edib, həlli istiqamətində addımlar atmalıdır ki, bu boşluq yuxarı instansiyalar, qanunverici orqana qədər gedib çıxsın və həllini tapsın.
- Sizcə, baş verən son etirazlar haqlı narazılıqlardır, yoxsa həqiqətən bir çox media orqanlarının və təbii ki, həmin mediaların arxasında dayananların iddia etdiyi kimi, həmin qaziləri önə verib, prosesi gərginləşdirməkdə başqalarının marağı və barmağı var?
- Əslində bu problemləri çox sadə yolla həll etmək mümkündür. Amma həll etmirlər. Söhbət təkcə bir nazirlikdən getmir. Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və əlillərin ünsiyyətdə olduğu və problem yaşadığı digər nazirliklər var. Həmin nazirliklərdə də bəzən qazilərin, şəhid ailələrinin problemlərinə biganə yanaşırlar. Mən də bəzən düşünürəm ki, bunun arxasında hansısa qüvvələr dayanır. Amma dərindən düşünəndə deyirəm ki, problem niyə olmalıdır ki, bunun arxasında hansısa qüvvələrin olduğunu düşünək. Və yaxud, problem niyə olmalıdır ki, hansısa qüvvələr bundan istifadə etsin? Bu suala birmənalı cavab vermək olmur.
Bəzi media orqanlarında bu hadisələrin arxasında duran qüvvələrin olduğu deyilsə də, mən bunun belə olduğunu düşünmürəm. Dediyim kimi, problem olmamalıdır ki, hansısa qüvvələr bundan faydalana bilməsin. Bizim təşkilat daim bu problemləri qaldırıb və həlli yollarını təqdim edib. Amma həll etməyiblər. Ölkənin birinci şəxsi İlham Əliyev və ikinci şəxsi Mehriban Əliyevanın timsalında problemlərin həllinə çox ciddi yanaşma var. Amma aşağılarda biz bunu görmürük. Problem də burdan başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısındakı etiraz zamanı baş verən insidentə baxdıqda görmək olur ki, oradakı insidentin günahkarı birbaşa polis oldu. O həddə gətirib çıxardı ki, həmin insident yaşandı. Əgər polis orada qapını açsaydı, o insident yaşanmazdı.
Sizə bir şey deyim. 44 günlük müharibədə iştirak etmiş 12 min adama veteranlıq vermirlər. 90-cı illəri qınayırdılar ki, səriştəsizlik olub, sənədləşmə olmayıb. Yaxşı, bəs müasir texnikanın inkişaf etdiyi indiki vaxtda, 44 günlük müharibədən iki il keçəndən sonra niyə 12 min adama veteranlıq verilmir? Elə adam var ki, 5 medal alıb, iki dəfə yaralanıb, amma veteranlıq ala bilmir. Bunun adı nədir? Bunu yaşayan həmin qazi hansı hissi keçirməlidir? Neyləməlidir? Bütün problemlərin kökü birinci Müdafiə Nazirliyindədir. Orada rüşvətxorluq, korrupsiya, qohumbazlıq var. Həmin 12 mindən 5 mininə artıq veteranlıq verilib, hələ 7 mini qalıb. Belə şey olar? Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran? Bunu qızışdıran həmin o Müdafiə Nazirliyinin rəhbərliyində duran adamlardır. Bunun başında dayananlar zakir həsənovlardır.
- Qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında son etirazından sonra media orqanlarında həmin qazilərə qarşı qaralama tipli yazılar yazılmağa başladı. Niyə bu kimi hallar baş verdikdə hakimiyyət və hökumət orqanları adekvat addımlar atmaq əvəzinə bu kimi məlumatlar yayaraq etiraz edənləri şübhə altına almağa, diqqəti onların problemindən kənara yönəltməyə çalışırlar?
- Bu, bizim dövrümüzdə də belə idi. Hakimiyyətin içərisindən Ramiz Mehdiyev öz iyrənc oyunlarını oynayırdı. Birincisi, qazilərin haqlı problemlərini müxtəlif istiqamətlərə yönəltmək istədi. Guya burda siyasi çalar var. O vaxtkı Milli Təhlükəsizlik naziri Namiq Abbasovun açıqlaması hələ də arxivdə qalır. Həmin o 2001-ci il aksiyasından sonra. Həmin açıqlama mediada da gedib. O demişdi ki, bu aksiyanın arxasında heç bir siyasi çalar yoxdur. Bu, sosial problemdir. Buna baxmayaraq, qaziləri qaralamağa başladılar. Bu gün də həmin proses gedir. Mənim bütün bunlardan xəbərim var. Çox ayıb bir hərəkətdir. Qazini ləkələmək, gözdən salmaq, şərləmək, dövlətin ona verdiyini çıxarıb efirdən səsləndirib minnət qoymaq utancvericidir. O, qazinin haqqıdır. Dövləti, vətəni qorumaq hər bir vətəndaşın borcudur. Amma dövlətin də borcudur ki, onun problemlərinin həlli ilə məşğul olsun. Qazilərə qarşı 2016-cı ildən sonra da bir kampaniya başlamışdı. Müharibədə olmayan adamlar qaziləri təftiş edirdi. Yəni haqqı çatmayan insanların qazini təftiş etməsi onları qıcıqlandırırdı. Bu metod Ramiz Mehdiyev dövründən qalma biabırçı metoddur. Görünür, Prezident Administrasiyasında, idarəetmədə hələ də Ramiz Mehdiyevin tör-töküntüləri qalmaqdadır. Qazini qaralamaqdansa, onun problemini həll etmək lazımdır. Çox yanlış bir yoldur. Xüsusilə televiziya kanallarında, saytlarda qaziləri aşağılayırlar. Bu, yolverilməzdir və pislənməlidir.
- Qazilər tək nazirliklərdən deyil, başqa dövlət qurumlarından da, xüsusən yaşadıqları şəhər və rayonlarda yerli icra və hakimiyyət orqanlarından da narazıdırlar. Cəmiyyətin həssas kəsimi olan qazilərə qarşı bu münasibət haradan qaynaqlanır? Qaziləri narazı salmaq, onlar arasında gərginliyi artırmaq kimlərin işinə yarayır?
- Qarabağ Qaziləri birliyi olaraq biz istəyirdik ki, bir dövlət komitəsi yaradılsın. Amma Vahid Əlaqələndirmə Mərkəzi yaradıldı. Həmin mərkəzlər hələ ki, bütün rayonlarda yoxdur. Prezidentin tapşırığı ilə rayon və şəhər icra hakimiyyətlərində şəhid ailələri və yaralılarla iş şöbəsi yaradılıb. Həmin şöbələrin 90 faizində rayon icra hakimiyyətlərinin təyin etdiyi şəxslərdir. Onların içərisində də məmurların ağzını güdən, əlinə baxan adamlar var. Onlar bu gün qazinin haqqını, problemini dilə gətirmir. Intiharların bir səbəbi də budur ki, qazilərə vaxtında diqqət göstərilmir. İcra hakimiyyətləri qazilərin müraciət edib etməməsindən asılı olmayaraq, onlarla maraqlanmalıdır, daim diqqətdə saxlamalıdır.
- Sizcə, indiki halda vəziyyəti necə düzəltmək olar? Hakimiyyət hansı addımlar atmalıdır?
- Qazilərin bu gün əsas problemlərindən biri əlillik dərəcələrinin verilməsi ilə bağlıdır. Hansı ki, bunu da ƏƏSMN-lə əlaqələndirirlər. Halbuki, bu məsələ Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi 413 saylı qərarla tənzimlənir. Həmin qərar dəyişdirilməlidir. İkincisi, rayon və şəhər icra hakimiyyətlərində yaradılmış şəhid ailələri və yaralılarla iş şöbəsi işini yenidən qurmalıdır. Rayon icra hakimiyyətlərinin başçısı onları öz vassalına, əlaltısına çevirməməlidir. Üçüncüsü, qazilərin təşkilatlanması lazımdır. Ola bilsin ki, hakimiyyət bu məsələdən ehtiyat etsin. Amma onlar təşkilatlanmasa, əlaqələr qırılır. Onlara ən yaxşı psixoloji dəstək bir-biriləri ilə təmasda olmalarıdır. Problemlərin həlli budur. Bunlardan başlamaq lazımdır. Ümumiyyətlə, Müdafiə Nazirliyi müharibədən sonra əsgər və zabitlərlə maraqlanmır. Yüksək rütbəli zabitlər müalicə ala bilirlər. Mayordan aşağı rütbəli heç bir zabit müalicə ala bilmir, hospitallara buraxılmır. Bu yanaşma dəyişməlidir.