Azərbaycanın NATO-ya XƏFİF İNTEQRASİYASI... - PROSES BAŞLAYIB!

29-06-2022, 09:52           
Azərbaycanın NATO-ya XƏFİF İNTEQRASİYASI... -
NATO və Türkiyənin hərbi birləşmələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaq. Teref.az yazır ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov AzərTAC-a müsahibəsində deyib.

Müdafiə naziri bildirib: “Azərbaycan Ordusunun tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələrinə və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar.

Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib.

“Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində NATO qərargahlarında Azərbaycan Ordusunun təmsil olunmasını təmin etmək məqsədilə NATO-nun yuxarı səviyyəli qərargahlarında Azərbaycan Ordusu zabitlərinin xidmət keçməsinin hərbi sahədə qabaqcıl və beynəlxalq təcrübənin, eləcə də NATO və tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə qarşılıqlı əməliyyat uyarlılığının əldə olunmasında müstəsna rol oynadığı nəzərə alaraq, Ordumuz üçün daha çox fayda verə biləcək vəzifələr müəyyən edilib və Tərəfdaşlıq Qərargah Vəzifələrinin sayının yaxın vaxtlarda bir qədər də artırılması planlaşdırılır. Bu artım nəticəsində NATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar.

İkitərəfli əməkdaşlıq proqramları və NATO “SNT” proqramı çərçivəsində minaların zərərsizləşdirilməsi, idarəetmə, hərbi tibb və s. sahələrdə təcrübələrinin öyrənilməsi məqsədilə xarici dövlətlərin müdafiə təsisatları ilə əlaqələr genişləndirilib və ekspert görüşlərinin sayı artırılıb. Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində yeni Tərəfdaşlıq məqsədi - “Strateji kommunikasiya” qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycan Ordusunun strateji kommunikasiya sahəsində imkan və qabiliyyətlərinin artırılmasına töhfə verəcək".

Azərbaycan bir neçə ildir ki, NATO ilə əməkdaşlıq edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edilib. Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu.

Türkiyə də NATO-nun ikinci ən güclü orduya sahib dövlət olaraq daima Azərbaycan ordusunun modernləşdirilməsi üçün ciddi əmək sərf edir. Ekspertlər hesab edir ki, son aylar Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ilə bağlı müzakirələrin açıldığı bir vaxtda Azərbaycanın NATO və Türkiyə hərbi birləşmələrinə nümayəndə təyin edəcəyi qərarı Bakının mövqeyini də açıqlamış oldu.

Bu qərar Azərbaycan Ordusunun NATO standartlarına inteqrasiyası istiqamətində atılmış növbəti addım sayıla bilərmi? Dia.az-ın məlumatına görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, müdafiə nazirinin verdiyi açıqlama ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Azərbaycan Ordusunun 44 günlük müharibədə kifayət qədər yüksək səviyyədə hazırlıqlı olduğu nümayiş edildi. Müharibədən sonra keçən dövrdə də ordumuz güclənib. Azərbaycan Prezidenti və digər müvafiq rəsmi şəxslərin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan Ordusu bundan sonra Türkiyə ordusunun modelində yenidən komplektləşdirmə və yenidən təlimlər keçərək tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Artıq bu proses başlayıb. Ötən ilin 15 iyununda Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması isə bir çox sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatacağına əlavə zəmin yaratmış olub. Azərbaycan müdafiə nazirinin açıqlaması onu göstərir ki, Azərbaycan artıq ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində əməli addımlara gedir. Azərbaycan-NATO əməkdaşlığı NATO standartlarının Azərbaycan ordusunda tətbiq edilməsi imkanlarının daha geniş araşdırılıb öyrənilməsini də özündə əks etdirir. Azərbaycan dövlətinin istənilən dövlət və qüvvələrlə hərbi əməkdaşlığı heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Bu, yalnız və yalnız Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsinə və müdafiə qabiliyyətinin artırılmasına xidmət edir. Çünki ordumuz 44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etsə də hələ də biz revanşist, separatçı ermənilərlə, sülhə qarşı olan bir dövlətlə üz-üzəyik. Ona görə də biz daim ordumuzu inkişaf etdirmək istiqamətində addımlar atmalıyıq. Azərbaycan Ordusu yüksək beynəlxalq təcrübələri öyrənməyə daim meyllidir. Bu istiqamətdə ən uğurlu istiqamət məhz NATO üzvü olan ölkələrlə, xüsusilə də Türkiyə ilə əməkdaşlıq hesab oluna bilər".

Hərbi ekspert Rövşən Məhərrəmov isə bildirdi ki, Azərbaycanın NATO və Türkiyənin hərbi birləşmələrinə nümayəndə təyin etməsinin səbəbini müdafiə naziri özü verdiyi açıqlamada izah edib. Bu addım Azərbaycan Ordusunun NATO-Türkiyə ordusu modelinə keçid prosesinə uyğun olaraq atılan addım sayıla bilər. NATO təcrübəsi və texnologiyalarının öyrənilməsinə xidmət edəcək qərar, şübhəsiz, ordumuzun inkişafında öz töhfəsini verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.