Avtoqəza və intihar “müharibəsi” - maşın qəzalarının bir çoxu intihardır, yoxsa? - psixoloq açıqladı

30-06-2022, 08:52           
Avtoqəza və intihar “müharibəsi” -
Azad İsazadə: “İntihar fikri olan insanın ətrafa qarşı münasibətləri, davranışları dəyişir, heç kimlə heç nəyi müzakirə etmək istəmir”
Ölkədə sanki avtoqəza və intiharlar “müharibəsi” gedir.

Hər gün Azərbaycanın müxtəlif bölgələrində ağır qəzalar baş verir və hər gün özünəqəsd xəbərləri yayılır. Bəzi avtoqəzaların da məhz intihar məqsədilə törədildiyi iddiaları var.

Bunların paralelində cəmiyyətdə kifayət qədər gərginliklərin olması faktı üzə çıxır. Vətəndaşlarımız müharibə və pandemiya dönəmində xeyli mehriban idi, birlikdə idi. Amma postmüharibə dövründə insanlar arasında yenidən aqressiv və depressiv davranışlar çoxalıb.

Bəs belə hallardan çıxış yolu varmı? Sivil ölkələr bu məsələni necə həll edir? Psixoloqların gərginlik içində olan insanlara yardımı varmı? Ümumiyyətlə, psixoloqlara müraciət edirikmi? Peşəkar psixoloq necə olmalıdır? Həmin psixoloqlar köməklik edə bilir, yoxsa sırf pul hədəfləyib proseslərin üstünə düşmürlər?

Psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında intihar hallarının çox olmasına baxmayaraq, nəqliyyat vasitələri ilə intihar edən şəxslərin sayının az olduğunu bildirib: “Ümumiyyətlə, intiharların sayının çoxalması yeni bir hal deyil. Bu bir neçə ilin tendesiyasıdır. Əlbəttə, dünya statistikası ilə müqayisə eləsək faizi aşağıdır, lakin Azərbaycan statikası üçün bu təhlükəli haldır. Çünki ildən-ilə intihar edənlərin sayında artım müşahidə olunur. Sözsüz ki, bu hal bizi də narahat edir.

Nəqliyyat vasitəsilə intiharın da iki növü var. Birincisi odur ki, insan özünü bilərəkdən nəqliyyat vasitəsinin qarşısına atır. İkincisi isə maşını yüksək sürətlə sürərək qəsdən qəza törədirlər. Onu nəzərə almaq lazımdır ki, intihar etmək istəyən şəxs ətrafda kiməsə ziyan vurmaq istəməz. Çünki əgər qəza hadisəsi intiharla bağlıdırsa, həmin intihar etmək istəyən şəxs bu zaman avtomobilini ya divara çırpar, ya dərədən aşırar, ya da bu kimi hallarla intihar edər. Yəni kiminsə həyatını təhlükəyə ataraq intihar etmək istəməz. Ona görə mən bir daha vurğulayıram ki, qəzaların çoxalması ilə intiharlar arasında böyük bir fərq yoxdur. Bu cür hallarla bir-iki dəfə qarşılaşmaq olar, amma əksəriyyətini birbaşa intiharla bağlamaq olmaz".

Psixoloq eyni zamanda intiharların qarşısını necə almaq olar mövzusuna da aydınlıq gətirib:

“Bu, çox mürəkkəb bir prosesdir. İntihar fikri birdən-birə yaranmır. Çox nadir hallarda bu şəkildə intiharlar baş verir. İntihar fikri yavaş-yavaş beyində formalaşır. İntihar fikri olan insanların ətrafa qarşı münasibətləri, davranışları dəyişir. Heç kimlə heç nəyi müzakirə etmək istəmirlər həmin şəxslər. Bu cür halla qarşılaşdıqda mütləq peşəkarlara müraciət etmək lazımdır”.

A.İsazadə psixoloqlara müraciət sualını da cavablandırıb:

“Bəli, insanlar bu və digər psixoloji problemlərlə bağlı psixoloqlara müraciət edirlər. Çox zaman real intihar fikrində olan insanı həmin fikrindən də ayırmaq olur. Amma təbii ki, həmin fikirdə olanların 100 faizini bu fikirdən ayırmaq olmur. Şəxsi təcrübəmdə də bu kimi hallarla bir neçə dəfə qarşılaşmışam. Ya intihara cəhd ediblər, ya da bunu başa çatdıra bilib, yəni öz canına qəsd edib. Belə hallar baş verdikdə biz prokurorluğa yazılı izahatlar, sənədlər təqdim edirik. Bu sənədlərdə pasiyentin psixoloji vəziyyətini, nə etdiklərini və s. kimi məlumatları qeyd edirik. Qeyd etdiyim kimi, öz təcrübəmdə belə hallarla bir-iki dəfə qarşılaşmışam və bu zaman həmin intihar hadisəsinin qarşısı alınıb”.

Psixoloq həmçinin “peşəkar psixoloq kimlərə deyilir” mövzusuna da toxunub:

“Psixoloq ümumi bir peşənin adıdır. Məsələn, biz desək ki, filankəs müəllimdir, ikinci bir sual yaranır ki, həmin kəs nə müəllimidir? Sözsüz ki, riyaziyyat fənni ilə idman fənni fərqlidir. Psixologiyada da həmçinin. Hər bir sahə üzrə psixoloq var və hər birinin öz üstünlüyü var. Məsələ burasındadır ki, biz psixoloqa üz tutarkən həmin psixoloqun hansı sahə üzrə daha üstün olduğuna baxmalıyıq. Məsələn, klinik psixologiya, uşaq psixologiyası, yeniyetmə psixologiyası, idman psixologiyası, sevgi psixologiyası və s. kimi sahələr var.

Eyni zamanda psixologiya üzrə bakalavr pilləsini bitirən şəxs hansı sahə üzrə fəaliyyət göstərəcəyini seçməlidir. Belə olduğu halda problemlər də daha düzgün şəkildə həll olunar və psixoloqa üz tutanların xərclədikləri vəsait də boşa getmiş olmaz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.