Ərdoğan qərar verdi: Kreml fürsəti qaçırdı
30-06-2022, 09:20
Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğun Axar.az-a müsahibəsi:
- Coşqun bəy, Madriddə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalandı. Sizcə, bu iki ölkə terrorizmlə bağlı Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəkmi?
- İsveç və Finlandiyanın öz öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Çünki adını çəkdiyiniz dövlətlərin və onları dəstəkləyənlərin bu məsələdə keçmişləri yaxşı deyil. Dolayısı ilə hər şeyin bir anda bitdiyini düşünmək və bayram etmək doğru olmazdı. Bəs Türkiyə niyə belə riskə getdi? Çünki memorandumdakı bütün şərtlərin hamısı rəsmi Ankaranın qələmindən çıxıb. Ölkə başçısı bunu İsveç və Finlandiyanın önünə qoyaraq, “əgər şərtlərimizi qəbul etsəniz, sizinlə yol yoldaşı olarıq” dedi. Hər iki ölkə qeyd-şərtsiz Türkiyənin tələblərini qəbul etdi. Amma Finlandiya və İsveçin NATO-ya üzvlüyünə hələ aylar var. Dolayısı ilə Helsinki və Stokholm yenə ikiüzlü siyasətlərini davam etdirəcəkləri təqdirdə Türkiyənin əlində verdiyi qərardan imtina etmə haqqı qalır. Üzv olmanın bəlli proseduru var. Tərəflərin götürdüyü öhdəliklər, onların yerinə yetirilməsinin yoxlanılması, əgər hər şey yolunda getsə NATO üzvlərinin yenidən toplanıb verəcəyi qərar, üzvlüyə dəvət və dəvətin qəbulu – bunlar hamısı keçilməli prosedurlardır. Türkiyənin “hə” deməsi İsveç və Finlandiyanın o dəqiqə NATO-ya qəbul edilməsi demək deyil. İmzalanan memorandum üç ölkə arasında razılaşmadır. Lakin bütün sadaladıqlarımızdan sonra bu ölkələr şərtləri yerinə yetirdikləri halda Türkiyə NATO-nun yekun qərarını dəstəkləsə və imzalasa, İsveç və Finlandiya təşkilata üzv ola biləcək. Yəni burada əli güclü olan ölkə Türkiyədir. Sənəddə dərhal həyata keçirilməsi mümkün olan şərtlər də mövcuddur. Məsələn, İsveçdən dövlətimizin tələb etdiyi terrorçular var. Əgər Stokholm vaxt itirmədən həmin terrorçuları ölkəmizə təhvil versə, o zaman mənzərə daha aydın olacaq.
- Stoltenberq mətbuat konfransı zamanı Türkiyənin terrordan ən çox əziyyət çəkən təşkilat üzvü olduğunu vurğuladı. Bunu Türkiyənin Suriyada planlaşdırdığı yeni hərəkata NATO-nun razılığı kimi qiymətləndirmək mümkündürmü?
- Bunu razılıq kimi deyil, müsbət yanaşma kimi dəyərləndirmək olar. Çünki Stoltenberq belə ifadələri ilk dəfə demir. Təəssüflər olsun ki, çox zaman deyilən sözlər elə söz kimi də qalıb, fəaliyyətdə isə heç bir şey dəyişmir. Əvvəl verilən sözlər də ya inkar edildi, ya da nəticəsi olmadı. Başda ABŞ olmaqla üzv ölkələr nə terror təşkilatlarına yardımı kəsdi, nə də Türkiyənin həyata keçirdiyi və keçirəcəyi antiterror əməliyyatlarına yaşıl işıq yandırdı. NATO terror təşkilatları məsələsində Türkiyə ilə eyni fikirdə olsa da, ABŞ-ın başında olduğu bir qrup ölkə YPG və SDG-ni (Suriya Demokratik Gücləri) terror təşkilatı kimi tanımadıqlarını qeyd edirlər. İsveç və Finlandiyanın üzvlük məsələləri ortalıqda olmasa idi, Türkiyə Zirvə Toplantısında YPG və SDG-nin terror təşkilatı kimi tanınmasını gündəmə gətirəcəkdi. Lakin buna ehtiyac qalmadı. İsveç və Finlandiya öz imzaları ilə PKK, PYD, YPG, SDG, hətta FETÖ-nü də terror təşkilatı kimi tanımış oldular. Bu memorandumu digər ölkələrin xarici işlər nazirləri də imzalayacaq. Nəticədə onlar da sadaladıqlarımızı terror təşkilatı kimi tanımış olacaqlar. Türkiyə Suriyada onların da qəbul etdikləri terror təşkilatlarına qarşı hərəkat gerçəkləşdirmək istəyir. Ona görə, memorandumun imzalanması planlaşdırılan Suriya hərəkatına qarşı səslərin çıxmasının qarşısını alacaq. Fikrimcə, bunu qırmızı işıq olmasa da, sarı işıq kimi qiymətləndirmək mümkündür.
- Bəs Türkiyənin bu qərarı Rusiya ilə münasibətlərə necə təsir göstərəcək?
- Bütün atılan addımların müsbət və mənfi təsirləri var. Əlbəttə ki, Türkiyənin İsveç və Finlandiyanın sözügedən şərtlər çərçivəsində NATO üzvlüyünə razılıq verməsi müəyyən mənada münasibətlərdə soyuqluq yaradacaq. Çünki Türkiyə bu günədək tarazlaşdırılmış bir siyasət həyata keçirdi və tərəflərə eyni məsafədə dayandı. Türkiyənin son mərhələdə Stokholm və Finlandiyanın üzvlüyünə “hə” deməsi qüvvələr balansını tamamilə dəyişə bilər. Bunun nəticələrini zaman göstərəcək. Lakin fikrimcə, Rusiya burada imtahandan keçə bilmədi. Çünki Türkiyə üzvlük məsələsinə “yox” dediyi zaman da Rusiya Suriyada planlaşdırılan hərəkatın keçirilməsinə etiraz etdi. Dolayısı ilə Rusiya Türkiyənin ona verdiyi fürsətdən istifadə edə bilmədi və indi nəsə demək haqqını itirdi. Türkiyənin imzaladığı memorandum NATO daxilində bir fəaliyyətdir və burada birbaşa hədəf Rusiya deyil. Fikrimcə, əgər Rusiya Suriyanın şimalında planlaşdırılan hərəkata bir az ağıllı yanaşsa idi, indi qüvvələr balansı fərqli ola bilərdi. Moskvanın Türkiyənin bu addımına görə ölkəmizlə əlaqələri tamamilə pozacağına inanmıram. Çünki Rusiyanın hazırda tək nəfəs aldığı ölkə Türkiyədir. Lakin bayaq da dediyim kimi, münasibətlərdə nisbətən soyuqluq ola bilər.
- Sizcə, Finlandiya və İsveçin yaxın gələcəkdə təşkilata üzv qəbul edilməsi Baltik dənizini “NATO gölü”nə çevirə bilərmi?
- Əgər İsveç və Finlandiya təşkilata üzv qəbul edilsə, Baltik dənizinə artıq “NATO gölü” deyə bilərik. Geriyə tək Kalininqrad qalır, o da Baltik dənizi hövzəsində həbs edilmiş bir hücrəyə bənzəyir. Əlbəttə ki, hadisələrin belə inkişafı Rusiyanın etirazına səbəb olacaq. Ancaq xatırlayırsınızsa, Finlandiyanın üzvlüyü ilk dəfə gündəmə gələndə Rusiya bunun müharibə səbəbi olacağını demişdi. Lakin sonra NATO-nun Rusiya ilə sərhədə əsgər və hərbi texnika yığmayacağı təqdirdə Finlandiyanın təşkilata üzvlüyünün Moskva üçün problem yaratmadığını deməyə başladılar. Bu açıqlamaya səbəb isə Rusiyanın Ukraynada qan itirməsi və ağır zərbələr alması oldu. Fikrimcə, Rusiya kinli bir dövlətdir və hazırda Ukraynada çətin bir müharibənin içərisindədir. Əgər Rusiya Ukraynada əlini daha da gücləndirsə və irəliləsə, İsveç və Finlandiyanın üzvlüyünə etiraz edə, hətta bəzi ölkələrə sanksiyalar tətbiq edə bilər.