“Yuxudan ayılan” müşavir və həzm edilməyən siyasət
1-07-2022, 08:58
Ekspert: “İran Azərbaycanın müstəqil xarici siyasət aparmaq hüququnu deyil, dövlət suverenliyini sual altına alır”
İranın ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” xəbər agentliyinə müsahibəsində Azərbaycan-İsrail əməkdaşlığını kəskin tənqid edib. Bu barədə NEWSru.co.il xəbər verir.
Vilayətinin fikrincə, məhz İsrailə görə İranla Azərbaycan arasında “əvvəlki isti münasibətlər” yoxdur. Öz tərəfimizdən əlavə edək ki, əslində, İranla Azərbaycan arasında heç vaxt isti münasibətlər olmayıb və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Tehran reallıqda buna can atmayıb.
“The Oriental Express” saytının məlumatına görə, Vilayəti deyib ki, İran Azərbaycanla dostluğa can atır, lakin məhz Azərbaycan tərəfi yaxınlaşma istiqamətində addımlar atmalıdır.
“Biz müsəlman ölkələrinin İsraillə əlaqələr qurmasını qəbul edə bilmərik. Hər hansı bir dövlət Tel-Əvivə nə qədər yaxındırsa, bizdən də bir o qədər uzaqdır”, – sayt İran nümayəndəsinin sözlərindən sitat gətirib.
Qeyd etmək lazımdır ki, İran nümayəndələrinin belə bir bəyanatla çıxış etməsi ilk dəfə deyil. Azərbaycan bunu dövlətin daxili işlərinə qarışmaq kimi qiymətləndirir.
Əslində, son altı ayda İranla Azərbaycan arasında nisbətən normal münasibətlər yaranıb. Hətta regional əhəmiyyətli köhnə nəqliyyat layihələrinin bərpası və yenilərinin işlənməsi ilə bağlı danışıqlar da aparılıb. Və birdən-birə İranın Ali dini liderinin müşaviri tərəfindən belə bir xoş olmayan bəyanat təəccüb doğurur. Hansı səbəbdən? Azərbaycanla İsrail arasında son vaxtlar nə baş verib ki, Tehran bu cür qıcıqlanıb?
Press Klubun suallarını tanınmış israilli publisist Aviqdor Eskin (Qüds) cavablandırıb:
– İranda amansız daxili mübarizə gedir. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, son dövrlərdə bəzi SEPAH zabitlərinin qətli də daxili qarşıdurması ilə bağlanılır. Və bütün bunlar hamısı ABŞ prezident Donald Trampın dövründə ləğv edilmiş İranla nüvə sazişi razılaşmasının bərpa edilməsinin yaxınlaşması fonunda baş verir.
İşlərin bu cür getməsi şəraitində radikal bəyanatlar tamamilə başa düşüləndir. Ayətulla rejimi yarandığı ilk gündən dünyanın ən radikal qüvvələrini dəstəkləmək kursu götürüb. Buna görə də İran daxilində rəqabət adətən barışmazlıq və narazılıq səviyyəsinə görə ölçülür.
Azərbaycana isə müstəqil dövlətdir və heç kimin ona xarici siyasətini necə qurmalı olduğunu diktə etmək hüququ yoxdur. İsraillə qarşılıqlı əlaqə heç zaman İrana qarşı yönəlməyib və bu da Vilayətinin bəyanatını daha əcaib edir.
Əslində, Azərbaycan üçün məsələ bir qədər fərqli qoyulur. Burada daha çox Azərbaycanın müstəqil xarici siyasət aparmaq hüququ deyil, dövlət suverenliyinin özü sual altına alınır. Bu, prinsipial sualdır: Azərbaycan xalqı İran prinsipləri ilə yaşamaq istəyir, ya yox?
Rauf Orucov