DÖVLƏTİN VERDİYİ EVİ MƏCBURİ KÖÇKÜN AİLƏSİNƏ BAĞIŞLADI, ÖZÜ İSƏ… - Mərhum jurnalistin xanımından sensasion müsahibə

1-07-2022, 17:29           
DÖVLƏTİN VERDİYİ EVİ MƏCBURİ KÖÇKÜN AİLƏSİNƏ BAĞIŞLADI, ÖZÜ İSƏ… -
Afaq İsmayılova: “Hər süfrə açılanda biz Ənvər bəyin boşqablarını yenə də süfrəyə qoyuruq…”

Mərhum jurnalistin xanımından Birinci vitse-prezidentə müraciət: “Mənzil şəraitimiz çox ağır, dözülməz bir vəziyyətdir…”

Ənvər Börüsoy. Bu imza hər bir oxucumuza, eləcə də Azərbaycanda mətbuatla az-çox əlaqəsi olan vətəndaşlarımıza çox yaxşı tanışdır. 2021-ci ilin 28 yanvar tarixinədək hər bir oxucumuz Ə.Böyüsoyun yazısını “Hürriyyət”də səbrsizliklə gözləyərdi. Qəzetimizdə çalışdığı 16 il ərzində bu ənənə demək olar ki, pozulmadı və sadiq oxucuları onun bir yazısını belə buraxmadı. Lakin 2021-ci il yanvarın 28-də Ənvər Börüsoy bütün sevdikləri kimi bizləri – “Hürriyyət”i və oxucularını da tərk edərək, Uca Tanrının dərgahına qovuşdu.

Ümumiyyətlə, Ə.Börüsoyu bir cümlə ilə belə xarakterizə edə bilərik ki, o, şəxsi çıxarları üçün deyil, dövləti və milləti üçün yaşayan insan idi. Heç də təsadüfi deyil ki, AXC hakimiyyəti illərində dövlət tərəfindən ona verilən mənzili tanımadığı məcburi köçkün ailəsinə bağışlamışdı. Özü isə, həyat yoldaşı Afaq xanım və oğlu Türkeşlə birgə, son nəfəsinədək 1 otaqlı, mətbəxi və eyvanı olmayan, cəmi 18-20 kvadrat/metr sahəsi olan bir mənzildə yaşadı, yazıb-yaratdı. Ömrünün son günlərinədək bu durumundan heç vaxt giley də etmədi. Yalnız xəstəliyini eşidən dost-tanışı ona baş çəkmək üçün mənzilinə getdikdə, Ə.Börüsoyun bu kiçik otaqda yaşaması ilə barışa bilməmişdilər. Bu səbəbdən, dostları onu mənzil üçün müvafiq qurumlara müraciət etməyə məcbur etmişdilər. O da xəstə halı ilə sənədlərini toplayıb, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA) təqdim etmişdi. İnanırdı ki, 30-35 illik fəaliyyətinin qarşılığı olaraq, jurnalistlər üçün tikilən binadan ona da mənzil veriləcək. Lakin Ə.Börüsoy dünyasını dəyişdiyi üçün bu məsələ yarıda qaldı...

Ənvər Börüsoyun xanımı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Afaq İsmayılova ilə söhbətimizdə də bu və digər məsələlərdən danışdıq.

-Afaq xanım, Ənvər bəyin vəfatından təxminən bir il yarım vaxt keçir. Şablon sualdır, amma söhbətə elə bu mövzuyla başlamaq istərdik, bu 1 il, 6 ayı onsuz necə keçirdiniz?

- Əslində, bu şablon sual deyil. Bu sual verilməli idi - bir il yarım necə keçdi. Amma mənim Ənvər bəysiz bir saatım, bir dəqiqəm olmadı axı, deyim bir il yarım necə keçdi. Hər süfrə açılanda biz Ənvər bəyin boşqablarını da süfrəyə qoymuşuq, rəsmləri də hər zaman buradadır, görürsən (masanın ətrafını göstərir – müəl.). Hətta mən qapı açarının brelokuna da Ənvər bəyin rəsmini həkk etmişəm. Ənvər bəy mənim əlimdə, ürəyimdə, gözlərimdədir. Dərs keçəndə - auditoriya olanda da onun məsləhətləri mənim gözümün qarşısında, səsi qulağımda, hənirtisi ürəyimdədir.

Ənvər bəy elə bir insandır ki, mən onu sizə sözlə izhar edə bilmirəm. O, heç kimin və heç nəyin əsarətində olan oğul olmayıb. Ənvər bəyin daşına, torpağına belə xəyanət etmək olmaz. “Ənvər” və “unutmaq” sözləri yanaşı qoyula bilməz. Mən Ənvərdən sonra ağır xəstəlik keçirdim. Buna bəziləri depressiya, ruhən çökmə də deyə bilər. Ənvər bəy dünyaya gözünü yuman andan mən çökdüm, xəstə oldum və əməliyyat keçirəsi oldum. Narkoz altında öləcəm deyə özüm şəxsən əməliyyata girdim ki, Ənvər bəyə qovuşum. Bizim çox gözəl cərrahımız Xəqani həkim mənə dedi ki, siz cərrahiyyə ola da bilərsiniz, olmaya da. İnanın bütün ailəm bilir, mən özüm öz ayaqlarımla cərrahiyyə əməliyyatına getdim ki, bəlkə narkozdan ayılmayacağam, Ənvər bəyə qovuşacağam.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ REANİMASİYADADIR” – Ənvər Börüsoy: “Əbülfəs Qarayev çoxdan ictimai səhnədən uzaqlaşmalı idi”

İnanın, onun qəbri üstündə hər gün mən ağlayanda, sızlayanda bu sözü deyirdim ki, Ənvər, mən sənin yanına gəlmək istəyirəm. Amma məni bu həyata bağlayan bir oğlumuz var. Onu tək qoyub gedə bilmərəm. Ruhən biz bir-birimizə bu qədər yaxın insanlardıq. Bu ilahinin bir işi idi ki, Ənvər kimi insanla həyatımızı birləşdirmişik. Biz əqidəcə o qədər yaxın insan olmuşuq ki, mən Ənvər bəyi daim qorumuşam. Elə bil bir uşaq kimi ki, birdən Ənvər ac qalar, susuz qalar, baxımsız qalar. İlk öncə bizim səmimiliyimiz, sayğımız olub bir-birimizə, sonra biz ailə həyatı qurmuşuq. Daim bir-birimizi qorumuşuq. Əvəzsiz bir insan idi. Ənvər bəy mənim üçün ata, ana, qardaş, bacı da olub.

-Uzun illər bir kollektivdə çalışsaq da, yalnız həyatının son aylarında Ənvər bəyin xəstə olduğunu bildik. Demək olar ki, ən yaxın dostlarından, iş yoldaşlarından da xəstəliyini gizlətmişdi. Ənvər bəy o xəstəlikdən nə vaxtdan əziyyət çəkirdi?

-Hardasa 3-4 il olardı ki, mən onun xəstə olduğunu hiss edirdim. Amma müalicə etdirirdim. Amma Ənvər içində çox xiffət edirdi. Məsələn, verilişlərə baxırdı, Atatürk haqqında, Təbriz haqqında bir veriliş olanda gözündən yaş axırdı. İnternetdə verilişlərə baxırdı, Cənubi Azərbaycan haqda, Təbriz haqda nələrəsə baxanda görürdüm gözündən yaş axır. Həmişə gəlirdim başından qucaqlayırdım, öpürdüm, deyirdim Ənvər yenə dolmusan. Bax belə şeyləri var idi, içində nəsə ağlayırdı. Kövrək anları olurdu.

-Bilirik ki, Ənvər bəy heç bir vəzifədə olmayıb, lakin uzun müddət bu dövlətə xidmət etmiş adamdır. Hətta səhv etmirəmsə, bu xidmətinin qarşılığında ona mənzil də verilib. Amma bu gün sizinlə bu dar mənzildə görüşürük…

- Bəli, bu hadisə olub. O zaman Daxili İşlər naziri İsgəndər Həmidov Ənvər bəyə ev vermişdi. Həmin evi Ənvər bəy Ermənistandan deport olunan məcburi köçkün ailəsinə bağışladı. Onlar çox pis durumda idi. Uşaqları var idi, sığınacaq yerləri yox idi. Ənvər bəy evi onlara bağışladı ki, küçədə qalmasınlar...

- Siz o vaxt harada yaşayırdınız?

-Biz Əhmədlidə kirayədə yaşayırdıq. Ənvər bəy dedi ki, eybi yox, mən bundan sonra ev alaram. Bir ev də təklif olunanda mən özüm götürərəm. Ənvər təxmin etməmişdi ki, hadisələr belə cərəyan edəcək, evsiz qalacaq. Sonra bir otaqlı evdə qaldıq. Bu da, düzünü deyim, bizim ailənin aldığı evdir. Ənvər bəyin yazıb-yaratmağı burada qeyri-mümkün idi. Çox çətin durumda idik.

Ənvər Börüsoy vəfat edib

-Neçə ildir siz birotaqlı mənzildə yaşayırsınız?

-Çoxdan yaşayırıq. Neçə ildir bu durumdayıq. Bəlkə də geniş otaqlar, daha yaxşı şərait olsaydı Ənvər bəyi xəstəlik də üstələməzdi.

- Qeyd etdiyimiz kimi, Ənvər bəyin bu dövlət üçün xidmətləri az olmayıb. Bəs, bu müddət ərzində özü tərəfindən təşəbbüs olmayıb ki, dövlət onu mənzillə təmin etsin?

-Yox, özü heç vaxt ev üçün heç yerə müraciət etməyib. Gözləyib ki, özü pul qazansın, ikimiz birlikdə ev alaq. Onu da çatdıra bilməmişik. Bilirsiniz ki, mən müəlliməyəm, aldığım məvacib oğlumun təhsilinə gedib. Oğlum Xəzər universitetini bitirib. Bu özəl universitetdir, onun təhsil haqqı çox yüksək idi. Həmin universitetdə “Beynəlxalq münasibətlər”i oxudu. Təhsili, hazırlığı, dil öyrənmək problemləri, əlavə xərcləri çox olurdu. Ənvər bəy məqalələr yazırdı, qonorar sistemi ilə işləyirdi, əlavə gəliri olmurdu. Amma mən sizə bir şeyi də deyim, əlavə gəliri də olanda xalqın naminə nəsə bir şeylər çap etdirirdi, işlər görürdü.

- Xatırlayıram ki, sonuncu görüşlərinin birində dostları məcbur etmişdi ki, Medianın İnkişafı Agentliyinə müraciət etsin. Çünki Ənvər bəy uzun müddət mediada tanınan bir sima olub. Hər kəs, hər bir vicdanlı jurnalist şəksiz etiraf edər ki, o evləri alanların bir çoxundan Ənvər bəyin daha çox haqqı var idi. Odur ki, səhv etmirəm, axır vaxtlar sənədlər toplamaq istəyirdi…

-Bəli, axır vaxtlar sənədləri topladı. Mən məcbur etdim ki, Ənvər, səhhətin də çox ağır durumdadır, sənin yazıb-yaratmağın üçün də geniş bir ev lazımdır. Məsələn, Türkiyədən, Sibirdən, Cənubi Azərbaycandan dostları gəlirdi. Onları qonaq qəbul etməkdə çox çətinlik çəkirdik. Mən çox istəyirdim ki, Ənvər bəyin yaradıcılığını sərgiləmək üçün ayrı bir otaq olsun, kitablarını, məqalələrin, şəxsi əşyalarını yığım. Onu xidmətləri, bir çox təltifləri var. Bu baxımdan, son vaxtlar mən məcbur etdim, xahiş etdim ki, Ənvər, gəl sənin sənədlərini, kağızlarını toplayaq, bizə ev versinlər. Nəticədə, lazım olan sənədlərin hamısını topladıq, qovluq hazırladıq və apardı təqdim etdi.

-Hara təqdim etdi?

- Media Agentliyinə. Ona dedilər ki, narahat olmayın, baxılacaq. Həmin qovluq da qaldı orada. Bilmirəm, sonra sənədlər ləğv olundu, kimə verildi, indi haradadır, o sənədlərin aqibətindən xəbərim yoxdur. Sonra bir nömrə verdilər, o nömrəni yığdım, bir xanım mənimlə danışdı, dedi narahat olmayın, sənədlər bizdədir, baxılacaq. Sonra yenə yığdım, artıq heç kimlə danışa bilmədim. Amma Ənvər bəyin təqdim etdiyi sənədlər hazırda Media Agentliyindədir.

-Belə anlaşılır ki, Ənvər bəy rəhmətə getdikdən sonra ev məsələsi dayandırılıb…

-Bəli, eşitdiyimə görə dayandırılıb. Mən də izləyirəm, deyirlər hələ heç kimə ev verilməyib. Amma dostları sağ olsunlar, Elçin Şıxlı başda olmaqla, Ənvər bəyin səhhəti ilə bağlı vitse-prezidentimiz Mehriban xanıma müraciət qəbul etmişdilər. Onun adına sənəd imzaladılar, göndərdilər, həmin an xəbər gəldi. Milli Onkologiyadan belə bir sənəd gəldi ki, müalicəsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Amma artıq gec idi. Ənvər bəy onkologiya ilə bağlı əvvəl başqa ölkədə müalicə olunurdu. Sonra koronavirus üzündən yollar bağlandı. Biz Milli Onkologiyaya müraciət etməli olduq. Orada həmin kimyaterapiyanı davam etdirdilər. Amma Ənvər bəyin səhhətində irəliləyiş olmadı. İkinci kimyaterapiyada Ənvər bəyin durumu çox ağırlaşdı…

-Yəni müalicə əks-təsir göstərdi?

-Yəni xaricdə kimyaterapiya kursu alanda rahat olurdu. Amma buradakı kimyaterapiyadan sonra bütün bədəni, ayaqları şişdi, çox pis vəziyyətdə qaldı.

-Bəs, həkimlər bunu nəylə əlaqələndirdilər?

-Mən həkimlərə sual verdim. Hər şeyin necə lazım idisə tədbirini alırdıq ki, yaxşı olsun. Həkimi deyirdi mən əlimdən gələni edirəm. Amma xarici ölkədə kimyaterapiya alanda belə olmurdu.

- Aydındır, Afaq xanım. Mənzil məsələsinə qayıdaq. Siz özünüz necə, jurnalist xanımı olaraq bu barədə müvafiq qurumlara müraciət etmək fikrindəsiniz? Ümumiyyətlə, mənizlə ehtiyac hiss edirsiniz?

-Bilirsiniz, ehtiyacdan da çox ehtiyac var. Sözlə ifadə etmək mümkün deyil ki, biz nə qədər bunun ehtiyacındayıq. Çox ağır, dözülməz bir vəziyyətdir. Xahiş edirəm, mənim adımdan da deyin, yazın, prezidentimizə, Birinci vitse-prezidentimiz Mehriban xanıma müraciət edirəm. Mən mətbuatdan da izləyirəm, onlar hər zaman insanlara kömık edirlər, etinasız qalmırlar. Ona görə, xahiş edirəm ki, Ənvər bəyi, onun ailəsini, bizim ehtiyacımızı da nəzərə alsınlar...

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.