Ölkənizin altına "saatlı bomba" qoyursunuz... – İstirahət günü dialoqu
4-07-2022, 08:04
Bunlar hələ savadlı rusiyalılar idi, görün orta statistik rusiyalı nələr düşünür...
Dünən Gürcüstanda bir qrup rusiyalı ilə kafedə (təsadüfən alındı) söhbət etdim, kifayət qədər savadlı insanlar idi. Müharibəyə tam qarşı olmasalar da, sualları iradları, tənqidləri var idi. Amma Krımın və Donbassın “tarixi rus torpaqları” olduğdan əmin idilər, onların Rusiyaya birləşməsini doğru sayırdılar, sadəcə bunu müharibə ilə deyil, "demokratik" yolla baş verməsini istəyirdilər. Onlardan biri, ixtisasça tarixçi olan ilə dialoqumuz oldu:
Mən - Nədən Krımı və Donbassı tarixi Rusiya torpaqları sayırsız?
Rus - Necə yəni?! 1783-də Rusiya o torpaqları öz tərkibinə qatıb, bizim babalarımız o torpaqları alıb.
Mən - Tamam, amma ondan qabaq Krım Osmanlının - türkün, onlardan qabaq da yunanların olub, "tarixi torpaq" anlayışı sizin üçün neçənci əsrdən başlayır?!
Rus - Rusiya müharibə ilə, qanla aldı oraları, öz tərkibinə qatdı, indi də “tarixi ədaləti” bərpa edir, təbii, müharibə pisdir, amma torpaqlar bizimdi. Rusiya böyük dövlətdi, güclüdü.
Mən - (bir xeyli imperiya, böyük dövlət olmağın ərazi ilə ölçülmədiyindən danışdım, bu haqda publik çox yazmışam, təkrar etməyim) Deməli siz güclü dövlətin zorla sərhəd dəyişdirməyə haqqı olduğunu qəbul edirsiz, eləmi?! Düşünmürsünüzmü ki, zaman, tarixi an yetişə bilər, siz zəifləyə bilərsiz, o zaman da məsələn, Ukrayna Krımı yenidən özünə qaytara bilər, və ya, Çin, Yaponiya sizdən torpaq qoparar və sizin "məntiqinizlə" onlar da haqlı olacaqlar, elə deyil?! Və ya, bu gün "DXR/LXR"-in əhalisinin "müstəqil" olmaq istəyini silahla dəstəkləyirsiniz, sabah Rusiyanın subyektləri də müstəqil olmaq istəyəcək - o zaman nə edəcəksiniz?! Yaratdığınız presedent zaman gələcək ki, tam əlehinizə işləyəcək, siz özünüz də bilmədən ölkənizin altına "saatlı bomba" qoyursunuz, bunun səhv olduğunu görəcəksiz. Tarixə söykənən torpaq iddiaları hər zaman fəlakətlərlə bitir - bunu bilin.
Sonda hərə öz fikrində qalıb ayrıldıq - bunlar hələ savadlı rusiyalılar idi, görün orta statistik rusiyalı nələr düşünür...
Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert