Etibar Məmmədov bunu ilk dəfə etiraf etdi: “Bu şirkətlər qohumlarımındır…”
6-07-2022, 15:43
“Bizneslə məşğul olmaq cinayət deyil. 2004-cü ildə partiya sədrliyindən istefa verdikdən sonra mən tam sərbəst adam idim. Bizneslə də məşğul ola bilərəm. Heç bir tərəfdən mənə qadağa yoxdur”.
Bu sözləri AMİP-in fəxri lideri Etibar Məmmədov Turan-ın “Çətin sual” proqramına müsahibəsində biznes fəaliyyəti ilə bağlı yayılmış məlumatlara münasibət bildirirəkən deyib.
Onun sözlərinə görə, deputatlıq səlahiyyəti bitdikdən və AMİP sədrliyindən istefa verdikdən sonrakı dönəmdə birbaşa hər hansı biznes fəaliyyəti olmayıb: “O dövrdə heç bir biznes fəaliyyətim olmayıb. Sadəcə bizneslə məşğul olan ailə üzvlərimə məsləhət, istiqamət vermişəm. Birbaşa biznes fəaliyyətim olmayıb. Böyük ailəm, qohumlarım var. Onlar bizneslə məşğul olublar. Lazım olanda onlara kömək etmişəm”.
“Bina tikintisi və satışı ilə məşğul olduğunuz, şirkətinizin olduğu deyilir. Buna aydınlıq gətirə bilərsiniz?” sualının cavabında E.Məmmədov deyib: “Bu şirkətlər mənim qohumlarımındır. Təbii ki, onlara da kömək eləmişəm. Üstünlük ondadır ki, mənim qohumlarıma aid olan şirkətlərdən rüşvət almayıblar”.
Etibar Məmmədov bir müddət işsiz qaldığını da açıqlayıb: “Mən BDU –da müəllim işləyərkən deputat seçilmişəm. Qanuna görə, deputatlıq səlahiyyəti bitdikdən sonra öz iş yerimə qayıtmalı idim. 2000-ci ildən sonra mənə BDU-da iş yerimə qayıtmağıma imkan verməyiblər. Faktiki olaraq mən məcburi işsiz vəziyyətində qalmışam. Peşəm olan müəllimliyi və alimliyi davam etdirmək imkanım olmayıb. Mənə indi bu yöndə böhtan atanların əksəriyyəti isə öz işlərində qalıblar”.
Azpost.info