“Ola bilsin, Sahil Babayevin Roza Zərgərlinin himayəyə götürdüyü şəxsə ev verildiyindən xəbəri yoxdur” - deputat
6-07-2022, 20:50
“Müğənni Roza Zərgərlinin himayəyə götürdüyü Corc Qafarova ev verilməsini düzgün hesab etmirəm. Düzdür, bu, qanunvericiliyə uyğun olaraq həyata keçirilib. Amma birinci növbədə Vətən Müharibəsində sağlamlıqlarını itirmiş və ehtiyacı olan qazilərin evlə təmin edilmələri lazımdır. Birinci Qarabağ müharibəsidən qalan qazilərimiz, şəhid ailələrimiz var. Elə şəhid ailələri var ki, 30 ilə yaxındır ev, mənzil gözləyir. Ona görə də birinci növbədə bu kateqoriyadan olan insanların evlə təmin olunmaları vacibdir. Onları ikinci plana keçirmək qətiyyən düzgün deyil. Roza Zərgərlinin himayəyə götürdüyü oğlunun qanunun tələblərinə uyğun ev almaq hüququ olsa belə... Corc Qafarov da mənzil almaq hüququ olan şəxslərin kateqoriyasına aid ola bilər. Amma unutmamalıyıq ki, müharibədə sağlamlıqlarını itirmiş insanlar əvvəl sağlam idilər. Onlar torpaq, Vətən uğrunda canlarından keçiblər, sinələrini gülləyə sipər ediblər. Torpaqlarımızı işğaldan azad ediblər”.
TEREF.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bu addımın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə qarşı əks kampaniya olması barədə səsləndirilən fikirlərə də münasibət bildirib: “Ola bilsin, nazir Sahil Babayevin Corc Qafarova ev verildiyindən də xəbəri yoxdur. Nazirlik böyük qurumdur. Verilən evlərin hər birinə siyahıda nazir baxmır ki... Bu siyahını nazirliyin məsul əməkdaşları hazırlayırlar. Orda bu işə baxan ayrı-ayrı şöbələr var. Ola bilsin, hansısa şöbə səhv buraxıb, bu, nəzərə alınmayıb. Bunu birbaşa nazirin ayağına yazmaq da düzgün deyil. Hər halda, doğru addım deyil. Roza Zərgərli kimisə himayəyə götürüb saxlayıb, imkanı var, onu yenə saxlasın. Amma şəhid ailəsi ailə başçısını itirib. Onu kim himayəyə götürməlidir?”