SEPAH-dan Azərbaycana çirkin mesaj: "Sınıq-salxaq “Fateh”lə hədə..."
8-07-2022, 09:22
Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hər dəfə Bakıya zəng edəndə azərbaycanlı həmkarı Ceyhun Bayramovu Tehrana dəvət edirdi. Sonda dəvət qəbul edildi, hətta Bayramov İranda olarkən Abdullahiyan “isti mesajlar” verdi, “mehriban qonşuluq”dan danışdı. Amma elə bu fonda SEPAH Azərbaycanı hədələdi. İran ordusunun rəsmi Teleqram kanalında İsraillə münasibətləri yaxşı olan Azərbaycanı “Fateh” raketi ilə vura biləcəkləri mesajı verildi. İranın dərdi nədir, həqiqətənmi onu narahat edən İsrail-Azərbaycan əlaqələridir?
- Əslində, bunlar İranın söylədiyi “köhnə mahnılar”dır. Yəni mövzu köhnədir, hər dəfə İsrail amilindən istifadə edərək, öz bəd niyyətlərini dilə gətirirlər. Bir tərəfdən Azərbaycana “dostluq” əli uzadır, bir tərəfdən də ölkəmizə qarşı təhdidedici açıqlamalar verirlər. Bunların hamısı əbəsdir. Çünki İran kimi geridə qalmış və heç bir cəlbediciliyi olmayan bir ölkə getdikcə bölgənin ən parlaq dövlətinə çevrilən Azərbaycana nə edə bilər? Bu gün Azərbaycanda geosiyasi maraqları olan dünya gücləri belə, bizimlə hesablaşmaq məcburiyyətindədir. Geosiyasi reallıq bunu diktə edir. Belə olan halda sınıq-salxaq “Fateh”lə edilən hədə Azərbaycan üçün nə qədər çəkindirici məqam ola bilər? Ən azı ortada Rusiya-Ukrayna müharibəsi faktoru var. Rusiya bütün ballistik raketlərindən istifadə edərək, Ukraynanı vurdu. Bəs qalib gələ bilibmi? Belə bir durumda SEPAH-ın hədəsi iki ölkə arasındakı münasibətlərdə problem yaratmaqdan başqa heç bir işə yaramır.
Ayrıca, bu faktın özü də göstərir ki, İran dövlət içində dövlət olaraq fəaliyyət göstərən bir dövlətcikdir. Çünki heç bir halda monolit bir siyasi komanda görmürük. Hətta dünyada terror ünsürü sayılan SEPAH-ın İranda alternativsiz güc mərkəzinə çevrilməsi və onun əsas maliyyə qaynaqlarından birinin narko-trafik olması çox ciddi suallar yaradır. Bir tərəfdən “İslam, həqiqət və haq”dan danışan bir dövlət digər tərəfdən dünya əhalisini zəhərləyən, onu məhvə sürükləyən narkotikdən il ərzində 50 milyard dollar pul qazanır.
İranın siyasətinin yalnış olduğunu düşünürəm. Bu siyasət İranın maraqlarını təmin etməyəcək, bu aydındır. Azərbaycanın israrlı şəkildə hədələnməsi anlaşılan deyil. Ayrıca, ağır sanksiyalar qarşısında qalan İranın bir tərəfdən Azərbaycan və Türkiyə ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deməsi, digər tərəfdən isə bizi hədələməsi bir araya sığmır. İranın siyasəti ikrah yaradır, Azərbaycan cəmiyyətində ona qarşı münasibəti daha da pisləşdirir. Bütün bunlara görə Azərbaycanda İrana qarşı münasibət çox pisdir. Əlbəttə Azərbaycanda İranın casus şəbəkəsinə qulluq edən kölələr də var, amma onların sayı çox azdır. Onların ictimai fikrə təsirləri sıfıra bərabərdir. İran Azərbaycan xalqının mütləq əksəriyyətinin ona münasibətini düşünsə, daha yaxşı olar.
- İran Qərblə aparılan nüvə danışıqlarından da yayınır. Üstəgəl, ABŞ və İsraildən Tehranın nüvə silahı əldə etməyə yaxın olduğu iddiaları gəlir. Sizcə, bunun üçün İrana imkan verəcəklərmi?
- Düşünürəm ki, icazə verilməyəcək. Hər kəs anlayır ki, İranın nüvə silahı əldə etməsi bütün dünya üçün təhlükə demək olacaq. Çünki SEPAH kimi anormal, hər kəsi hədələyən terror ünsürü bir qurumun olduğu bir dövlətdən söhbət gedir. Belə bir dövlətin əlində nüvə silahının olması bölgə və dünyaya nə vəd edir? Buna görə də qlobal bir narahatlıq var və bunu da gündəmdə saxlayan əsas dövlət İsraildir. Bir də ortada ABŞ-ın üç dönəm prezidentlik dövründə buraxdığı çox ciddi geosiyasi səhvlər və yalnış qərarlar var. 2015-ci ildə “Altılıq”la İran arasında sazişin imzalanması da yalnış idi. Bu da demokratların təmsilçisi Barak Obama dönəmində qəbul olunmuşdu. Tramp isə gələn kimi bunu ləğv etdi. Amma görürük ki, yenə də demokratların nümayəndəsi Bayden hakimiyyətə gələn kimi İranla danışıqlar başladı.
İran güvəniləsi dövlət deyil. İran islam respublikası olmasına baxmayaraq, müsəlmanlara düşmənçilik edən bütün toplumlara yardım edən bir dövlətdir. İran bu gün müsəlman Azərbaycanla düşmənçilik edən ermənilərə yardım edən İran “sionizm”i əsas götürərək, Azərbaycana təhdid yağdırır. İran güzgüdə özünə baxsa, tamam fərqli mənzərə görəcək. Yəni İran Azərbaycanı ittiham etməzdən əvvəl güzgüdəki eybəcər simasını görsə, daha yaxşı olar.
Hesab edirəm ki, İranla aparılan nüvə danışıqları ciddi nəticə verməyəcək. Çünki İran bu danışıqlarda təkcə sanksiyaların ləğvi məsələsini qoymur, digər niyyətlərini də dilə gətirir. İran düşünür ki, Amerikanın ciddi mənada ona ehtiyacı var. Buna görə də Amerikaya özünün bəzi şərtlərini qəbul etdirmək istəyir. Bu səbəbdən də danışıqlarda irəliləyiş yoxdur. Qənaətimə görə, danışıqlar davam etdirilsə belə, nəticəsi olmayacaq. Çünki İran da Rusiya kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və yetirməyəcək.
İran Çin kimi oğru bir dövlətdir. Belə dövlətlərlə isə danışmaq mümkün deyil.
- Bəs digər qonşumuzun – Rusiyanın Azərbaycanla sərhəddə hərbi baza tikməsinin səbəbi nə ola bilər? Söhbət Ermənistan ərazisində tikilən yeni bazadan gedir.
- Ermənistanın öz sərhədlərini qoruması üçün güclü sərhəd qoşunları yoxdur. Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiyanın sərhəd qoşunları qoruyur. İndi Ermənistan maraqlıdır ki, onun Azərbaycanla sərhədlərini də ruslar mühafizə etsinlər. Bunu da Azərbaycan üçün çəkindirici faktor kimi ön plana çıxarmaq istəyirlər.
Rusiya indiyədək Ermənistanın Azərbaycanla sərhədlərini qoruya bilmirdi. Çünki Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi prosesi qeyri-müəyyən zamana qədər təxirə salınıb. Doğrudur, danışıqlar gedir, amma bu müəyyən zaman aparan prosesdir. Buna görə də Ermənistan indidən Azərbaycanla sərhəd ərazilərində Rusiya hərbi bazalarının yaradılmasına razılıq verib. Bu kiçik bazalar Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının kontekstində yaradılır. Ermənistan bununla həm sərhədlərinin təhlükəsizliyini qarantiyaya almaq, həm də gələcəkdə Azərbaycanın öz qədim torpaqlarına doğru irəliləməsinin qarşısını almaq məqsədi güdür.
Ermənistanın bu istəyi Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya qoşunlarını orada yerləşdirməklə bölgəyə nəzarəti bir qədər də artıracaq. Təbii ki, bu, Azərbaycanın milli maraqlarına uyğun davranış deyil. Buna görə də Azərbaycan Rusiyanın “sülhməramlı qüvvələr”inin Qarabağdan çıxarılmasını sürətləndirməlidir. Bunun da yoli 10 noyabr anlaşmasının tam yerinə yetirilməsindən keçir. Bu həyata keçirilməsə, “sülhməramlılar”ın ərazilərimizdə qalmasının hüquqi tərəfi olmayacaq. Çünki hansısa anlaşmanın bir bəndi yerinə yetirilmirsə, o razlaşmanın hamısı icra olunmamış sayılır. Ona görə də, buyurub 10 noyabr razılaşmasını həyata keçirsinlər, erməni terrorçularını Qarabağdan çıxarsınlar. Yalnız bundan sonra nədənsə danışmaq mümkündür. Çünki həm sərhəddə, həm də Qarabağda rus qoşunlarının olması Azərbaycana təhdid yaradan amildir.
- Rusiya Ukraynada müharibəyə başladıqdan sonra qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Əvvəl Litva və Estoniyaya qarşı belə bir tələblə çıxış edən Moskva indi Norveçdən də torpaq istəyir. Rusiyanın Qazaxıstan, Finlandiya, ABŞ, Moldova və digər bir sıra ölkələrə qarşı da belə iddiaları var. Sizcə, ərazicə dünyanın ən böyük ölkəsi olan Rusiyanın yeni torpaqlara nə ehtiyacı var?
- Bu, sadəcə imperiya xəstəlidir. Rusiyanın bu torpaqlarda yerləşdirə biləcəyi qədər insanı var? Yoxdur! Sibir boşdur, gedib orada yaşasınlar. Məsələ imperiya xislətidir. Nədənsə belə iddialar irəli sürülərkən, bunlar imknalara uyğunlaşdırılmır. Bu gün Rusiya hər kəsə çamur atır. Təsəvvür edin, dumanın sədri Volodin ABŞ-ı hədələyir ki, lazım gələrsə, Rusiya Alyaskanı da ala bilər. Nəylə alırsınız? Saymadığı, “cırtdan” adlandırdığı Ukraynanı iki günə ələ keçirəcəyini deyən Rusiya beş aydır orada yerində sayır. Ayrıca, Ukraynanın Rusiya qoşunlarını gəldikləri yerə qədər qovacağı zaman o qədər də uzaqda deyil. Rusiya bunu düşünsün.
Rusiya NATO-ya da çamur atır, onu hədələyir. Norveçi hədələmək NATO-nu hədələmək deməkdir. Norveç alyansa ilk üzv olan ölkələrdəndir. Yəni Rusiya iddia etdiyi Norveç ərazilərinə girsə, NATO ilə üz-üzə gələcəyini də hesaba almalıdır. Rusiyanın belə bir gücü yoxdur. Rusiya Ukraynadakı hərbi əməliyyatlarını azaldıb. Üç istiqamətdə həyata keçirilən əməliyyatların sayı birə enib. Çünki ehtiyatı, döyüşən əsgəri yoxdur. Rusiyanın bütün anbarlarından çıxarılan silahların hamısı ABŞ-dan verilmiş HIMARS sistemləri ilə darmadağın edilib. Rusiya yaxın gələcəkdə daha ciddi problemlər yaşayacaq.
Rusiya kimi nəylə hədələyir? Hətta fikir verin ki, “cırtdan” Litva belə Rusiyanı ciddiyə almır. Heç bir ölkə onu ciddiyə almayacaq, o ki qaldı ABŞ, yaxud Avropa Birliyi ölkələrinə. Rusiya guya belə quru bəyanatlarla ölkələri çəkindirmək istəyir, amma bu mərhələ çoxdan aşılıb. Çünki güclü Rusiya ordusu mifi dağıldı. Rusiyanın bütün həqiqətləri Ukraynada üzə çıxdı. Belə olan halda Rusiyanın hədələri nəyə yarayacaq? Düşünürəm ki, Kremlin bu bəyanatları Rusiya xalqını aldatmaqdan başqa heç nəyə yaramır.