“Babam Sadıqcan tarı rekonstruksiya edib, dizdən sinəyə qaldırıb”

8-07-2022, 10:27           
“Babam Sadıqcan tarı rekonstruksiya edib, dizdən sinəyə qaldırıb”
Sadıqcan 1846-cı ildə Şuşada doğulub. Mədəniyyət mühitində böyüyən Sadıqcanın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə həvəsi olub. Gözəl səsi olan Sadıq müğənni olmaq istəsə də, səsi tutulandan sonra musiqiçi olur.

Moderator.az Sadıqcanın nəticəsi Afina Sadıxova və kötücəsi, şair, publisist Elxan Cəfərovla həmsöhbət olub.

Afina xanım söhbətimizə uşaqlıq illərindən danışmaqla başlayıb.

“Mən 1932-ci ildə Şuşada, Sadıqcanın evində anadan olmuşam. Sadıqcanın 3 oğlu olub, biri cavan rəhmətə gedib. İki oğlu qalıb. Mənim babam böyük oğlu Əsəddir, 2-ci oğlu Bahadurdur. Mən Əsədin nəvəsiyəm, Sadıqcanın nəticəsi. Mənim nənəm, Əsədin arvadı, deyirdi ki, Sadıqcan çox yaraşıqlı kişi olub. Deyirdi ki, mehriban insan idi, ilk nəvəsi olanda sevindiyindən bilmirdi nə etsin. İlk nəvəsi mənim bibim olub, sonra mənim atam olub. Mənim atam eynilə elə bil Sadıqcandır” deyə nəticəsi bildirib.

Afina xanım bildirib ki, babasının evi çox böyük olub.

“Onu bilirəm ki, yekə bina idi. Bir otaq çox böyük idi. Orada ansamblı çalırdı. Bir otaq yuxarı başda, yekə şüşəbənd, balkon idi. Aşağıdada da tar hazırlayırdılar” deyə o bildirib.

Sadıqcanın kötücəsi, şair-publisist Elxan Cəfərov Sadıqcanın ədəbi irsindən danışıb.

“Nəticələrdən sağ qalan şəxslərdən anamdır, xalamdır, sonra Moskvada yaşayan cazmen Vaqif Sadıqovdur, o biri nəsildən isə Elçindir. Sadıqcanı atası Əsədulla kişi aparır Xarrat Qulununun yanına. Xarrat Qulu da məktəb yaradır, onda da Sadıqcanın səsi var idi, oxuyurdu. Daha sonra səsi batır, amma ruhdan düşmür, musiqiyə meylli olur, o başlayır tütəkdə, kamançada çalmağa. Sonra isə meyli keçir tara. Şöhrət artdıqca el arasında başlayırlar ona Sadıqcan deməyə. Sonra 60-cı illərdə Xurşudbanu Natəvanın “Məcslisi Üns”, Mir Mövsün Nəvvabın “Məclisi Fəranquşan”-da iştirak edir” deyə o bildirib.

Sadıqcanın kötücəsi ulu babasının tar alətinin təkmilləşdirilməsinə və muğam sənətinə verdiyi töhfələrdən də danışıb.

“Sadıqcandan öncə bir simli tar idi. Birinci tarı yaradıb Əbu Nəsr əl Fərabi. O tarla muğamları müşayiət etmək o qədər də asan deyildi. Ona görə 1 simli tarı Sadıqcan rekanstruksiya edir, sinəyə qaldırır, orda 1 sim var idi, onu çatdırır, 18-ə, sonra 13-ə enir. Sonra axırda da 13-ü 11 edir. O bizim Azərbaycan muğamlarına yenilik verdi, təkmilləşdirdi. Zabul pərdəsini əlavə etdi, Mahura, Bayatı şiraza əlavə dilingələr yazdı. Qabaq toyda muğam 2-3 saat gedirdi, adam yorulurdu, yorğunluğu götürmək üçün o əlavə nələrsə yazdı” deyə o bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.